Qəbələdə meşə yanğınları davam edib

Cavid Qara: “Orada rəsmən idarəetmə böhranı yaşanır”

Source: Meydan Tv


Cavid Qara: “Orada rəsmən idarəetmə böhranı yaşanır”

Qəbələdə günlər öncə başlayan meşə yanğınları bu gün də davam edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) hadisə ilə bağlı yaydığı

məlumatda

bildirilir ki, Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə qeydə alınmış meşə yanğınının söndürülməsi istiqamətində iş gedir.

Nazirlik bildirib ki, ərazidə, əsasən, kol-kos və qismən ağaclar yanır:

“Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, həmçinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğının söndürülməsi istiqamətində əməliyyatları davam etdirirlər. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edir. Relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava şəraiti ilə müşayiət olunan çətin əməliyyat şəraitinə baxmayaraq, yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir”, – nazirlik bildirir.

Ekoaktivist Cavid Qara Qəbələdəki yanğına niyə yetərincə resurs ayrılmamasını anlamır. Deyir, Azərbaycan Türkiyə meşələrinə göstərdiyi və alqışlanan dəstəyi öz meşələrinə göstərmir:

“Orada rəsmən idarəetmə böhranı yaşanır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri də Fövqəladə Hallar Nazirliyinin işçiləri də can qoyur. Həyatlarını təhlükəyə atırlar. Amma idarəetmə çox zəifdir. Yanğınsöndürənlərin içməli su tələbatı belə normal qarşılanmır”.

Ekoaktivist əlavə edir ki, Qəbələdə insanlar çox ağır şərtlərdə mübarizə aparır. Bu, onların həyatını təhlükəyə atır və yanğının qarşısının alınmasını gecikdirir: “Yanğının söndürülməsində iştirak edən hər kəsə səbr güc və sağlıq arzulayırıq”.

Son zamanlar Azərbaycanın bölgələrində tez-tez meşə yanğınları baş verir. Lənkəranda, Masallıda, Yardımlıda yanan meşə əraziləri söndürülsə də, mütəxəssislər havaların isti keçməsi və başqa amillər ucbatından yenidən başlayacağından narahatdırlar.

Ötən ay Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri əhaliyə müraciət də etmişdi. Əkin sahələrində, təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edin – demişdilər.

Həmin müraciətdə qeyd olunur ki, meşə sahələrində yanğınların əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına riayət etməyən vətəndaşların, biçindən sonra sahələrə od vuran fermerlərin və təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsızlığından baş verir.

Ana səhifəXəbərlərQəbələdə meşə yanğınları davam edib