***
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbər verir ki,
Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Bum meşəbəyliyinin Abrıx kəndi ətrafındakı meşə sahəsində başlayan yanğın çəkilmiş mineral şum zolaqlarının mövcudluğuna baxmayaraq, güclü külək nəticəsində həmin meşəbəyliyin Dandık, Sulquca kəndləri istiqamətinə keçib.
Yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib.
***
Havanın isti və küləkli olması yanğının söndürülməsinə çətinlik yaradır
Qəbələdə 6 gündür davam edən meşə yanğını söndürmək mümkün olmur.
Avqustun 28-dən Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşə ərazisində başlanan yanğın hələ də davam edir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən, Mülki müdafiə qoşunlarından, Xüsusi Riskli Xilasetmə Xidmətindən, Aviasiya dəstəsindən və Şimal-qərb Regional Mərkəzindən, ümumilikdə, 500 nəfər şəxsi heyət, 25 ədəd texnika və 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürülməsinə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin 50 nəfər canlı qüvvəsi, Rayon İcra Hakimiyyətinin 19 ədəd müxtəlif təyinatlı texnikası və yaxın yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr də yanğının söndürülməsi işlərində iştirak edirlər.
Ancaq bunlara rəğmən yanğın davam edir.
Bildirilir ki, ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən, eləcə də havanın isti və küləkli olması yanğının söndürülməsinə çətinlik yaradır.