Samirə Salahova: “Maşın vursaydı, bədəninin başqa nahiyələrində də xəsarət olardı”
Qəbələ rayonunun Böyük Əmili kənd sakini, Birinci Qarabağ Müharibəsi əlili Bəxtiyar Salahov naməlum şəraitdə xəsarət alıb. Hadisədən bir xeyli keçəndən sonra yaxınları onu tapıb, yaralı halda xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Üç aydan çoxdur ki, nə hadisənin necə baş verdiyi bilinir, nə də təqsiri olan şəxs və ya şəxslər tapılıb.
Hazırda Qəbələ Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsilə istintaq gedir. Amma həyat yoldaşı hesab edir ki, 46 yaşlı Bəxtiyar Salahov qəsdin qurbanı olub.
“Üzümə baxırdı, cavab vermirdi”
Samirə Salahova deyir ki, həyat yoldaşının yaralı halda tapıldığı şəraiti, üzərindəki xəsarətləri nəzərə alaraq, ona qarşı qəsdən ölümcül xəsarət yetirildiyi qənaətinə gəlib. Həyat yoldaşı danışır ki, Bəxtiyar Salahovu dekabrın 25-də səhər saat 7 radələrində yaralı vəziyyətdə tapıb:
“O, evə gec gəlirdi, ona görə heç nədən şübhələnmədim, yatdım. Gecə oyanmamışam, ona görə evə gəlmədiyindən də xəbərim olmayıb. Səhər tezdən oyananda gördüm ki, yoxdur. Çölə çıxdım, gördüm ki, maşını darvazanın ağzındadır. Darvaza ilə ev arasında da 45-50 metrə yaxın məsafə var. Çıxıb maşının qapısını açanda gördüm ki, yoldaşım sükan arxasında yox, yan oturacaqdadır. Qapını örtüb, maşının qarşısından o biri tərəfə keçib, yoldaşıma kömək eləmək istəyəndə gördüm ki, ayaqqabıları maşının yanında yerdə, cütlənmiş şəkildə qoyulub. Qapını açdım, dedim ki, “soyuqdur, dur gedək evə”. Üzümə baxırdı, amma cavab vermirdi”.
Samirə Salahovanın sözlərinə görə, həyat yoldaşına kömək etmək istəyəndə yerdə qan görüb. Dərhal sinə nahiyəsinə baxıb, xəsarət olub-olmadığını yoxlayıb. Amma heç nə görməyib:
“Aşağı əyildim ki, görüm, bu qan hardan axır. Baxanda gördüm ki, yoldaşımın ayaqları qan içindədi. Qorxdum, əllərim əsirdi. Cibindən tez telefonu tapıb, yaxınlıqda yaşayan əmisi oğluna zəng eləmək istədim ki, gəlsin, xəstəxanaya çatdıraq. Telefon açılmadı. Yoldaşıma qanı bildirmədim, amma dedim ki, telefon açılmır. Asta səslə cavab verdi ki, “sönüb”. Yəni, huşu özündə idi…”
“Ona ölümünə xəsarət yetirilib”
Samirə Salahova özü gedib, qohumlarını köməyə çağırıb. Bəxtiyar Salahovun iki əmisioğlu gəlib. Dərhal Təcili Tibbi Yardıma zəng ediblər. Amma onların gəlişini gözləmədən özləri maşınla aparmaq qərarına gəliblər.
“Kənddəki tibb məntəqəsinə çatanda Təcili Yardım da gəlib çıxdı. Düşüb baxıb dedilər ki, sınıqlar var, çox qan itirib, təcili xəstəxanaya çatdırılmalıdır. Mən arxa oturacaqda idim, yoldaşım öndə, sürücünün yanında. Əlimi onun çiyninə qoymuşdum. Yolboyu dəfələrlə soruşdum ki, sənə nə olub, səni kim gətirib? Əmisi oğlanları da soruşurdu. Amma heç nə demədi, elə əlimi sıxdı. Sonra zarımağa başladı. Onu birtəhər xəstəxanaya çatdırdıq…”
Bəxtiyar Salahov çox qan itirdiyinə görə onun həyatını xilas etmək mümkün olmayıb.
Polislərin ailəyə dediyinə görə, hadisə gecə saat 3-dən sonra baş verib. Bəxtiyar Salahovu evinə qədər gətirən isə qonşusu olub.
“Həmin qonşu da deyir ki, mən gətirəndə heç nəyi yox idi. Məni narahat edən odur ki, heç bir sübut yoxdur. Bu, necə ola bilər axı?! Deyilənə görə, axşam kafedən çıxıb, amma kafedəki kameralar işləmədiyinə görə oradan görüntüləri almaq mümkün deyil. Qəbələdə ekspert rəy verib ki, sərt küt alətlə vurulma və ya ayağının üstündən maşınla keçmə nəticəsində baş verə bilərdi. Bu rəylə qətiyyən razı deyiləm. Maşın vursaydı,
bədəninin başqa nahiyələrində də xəsarət olardı. Bu adam elə bir ayağını
maşının altına uzada bilməzdi ki… Küt alətə gəlincə, ayağın o vəziyyətə düşməsi üçün gərək ling və ya ona bənzər bir əşya ilə vursunlar. Ona ölümünə xəsarət yetirilib. Onun ayaqqabılarını kim cütləyib maşının yanına qoymuşdu?”, – həyat yoldaşı belə deyir.
“Bədənində Birinci Qarabağ Müharibəsindən 4 qəlpə gəzdirirdi”
Samirə Salahova mərhumun sakit təbiətli, kimsəyə qarşı qərəzi, düşmənçliyi olmayan biri olduğunu vurğulayıb. Bəxtiyar Salahov yaralı vəziyyətdə tapılarkən onun üstündə olan paltarlar və ayaqqabını da istintaq götürüb, ekspertizaya göndərilib:
“Bakıdan ekspert rəyini gözləyirlər. Tələbim odur ki, yoldaşıma qəsd edənlər tapılıb cəzalandırılsın. Mənə deyirlər ki, yol-nəqliyyat hadisəsi ilkin versiyadır, araşdırmalar nəticəsində başqa hallar üzə çıxsa, maddə dəyişə bilər. Bütün faktlar göstərir ki, bu hadisə yol qəzası deyil, qəsddir. Bu cinayətin üstü açılana, günahkar cəzalanana qədər mübarizə aparacam. Canını bu Vətənin uğrunda fəda etmiş bir adamın qanının batmasına imkan vermək olmaz. O, bədənində Birinci Qarabağ Müharibəsindən qalma 4 qəlpə gəzdirirdi, ikinci qrup əlil idi…”
Prokurorluq nə deyir?
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam edir.
“Fakt üzrə Qəbələ Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 263.2 maddəsilə cinayət işi başlanıb. Cinayət işi istintaq aparılması üçün Qəbələ Rayon Polis Şöbəsinin İstintaq bölməsinə göndərilib. Cinayət hadisəsinin hansı şəraitdə baş verməsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir”.