”Qəbələ” klubu futbolçunun pulunu ödəməkdən imtina edir

Vəkil: “Bu məsələlər mənəvi aspektdə yox, peşəkar müqavilə əsasında həllini tapır”

Source:


Vəkil: “Bu məsələlər mənəvi aspektdə yox, peşəkar müqavilə əsasında həllini tapır”

Azərbaycan çempionatında çıxış edən bir neçə klub dağılmaq təhlükəsilə üzləşib. Hətta iqtisadi cəhətdən təmin olunduğu iddia edilən klublarda da vəziyyət pisləşib. “Qəbələ” klubu da böhranın təsrini hiss edib. Amma klub rəhbərliyi bu vəziyyətdən düşünülmüş planla yox, futbolçuların və texniki işçilərin məvacibini kəsməklə çıxmaq istəyir.

“Qəbələ”nin prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdu. İdman mətbuatında yayılan məlumatlarda iddia olunur ki, “Qəbələ” rəhbərliyi borclu olduqları futbolçuların pulunu vermir. Belə futbolçulardan biri də Ruslan Əmircanovdu. Hazırda “İnter”də çıxış edən Ruslan Əmircanov vaxtilə “Qəbələ”də oynayıb və müqavilə ilə ona çatacaq pulu ala bilmir. İddialara görə, “Qəbələ” futbolçuya 120 min manat borcludu.

Ruslan Əmircanov Meydan.TV-yə faktı təsdiqləyib. Ancaq bildirib ki, o, bu barədə çox danışmaq istəmir, məsələ ilə vəkili məşğul olur:

“Bu məsələ ilə vəkilim məşğul olur. Bütün sənədləri ona təqdim etmişəm. Xahiş edirəm, məsələ ilə bağlı nə sualınız olsa, vəkilimə ünvanlayın”.

“Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı isə Futbolinfo.az saytına açıqlamasında Əmircanova borclu olduqlarını, amma bu pulu ödəməyəcəklərini bildirib. Səfiyarlı müqavilə öhdəliyinə əməl etməmələrini mənəvi amillərlə əsaslandırıb. Bildirib ki, Əmircanov uzun müddət zədədən əziyyət çəkdiyi üçün az oynayıb. Klub rəhbərliyi də bunu əsas gətirərək, ona olan borcunu ödəməkdən imtina edib.

Ancaq peşəkar müqavilədə futbolçunun zədə ucbatından meydana çıxmamasına görə pulunun kəsilə biləcəyi ilə bağlı bənd yoxdu. Bunu Ruslan Əmircanovun vəkili, Futbolçulara Hüquqi Yardım Mərkəzinin icraçı direktoru Nazir Quliyev deyir:

“Məsələ ilə bağlı “Qəbələ”yə rəsmi məktub ünvanlamışıq. Hələ cavab almamışıq. Klubdan cavab aldıqdan sonra digər prosedur qaydalarını həyata keçirəcəyik. Ruslan Əmircanov klubda oynayarkən zədələnib, sağlamlığını itirib. Klub rəhbərliyi müqavilədə göstərilən şərtlərə əməl etməlidi. Bu məsələlər mənəvi aspektdə yox, peşəkar müqavilə əsasında həllini tapır.

Bununla bağlı dünya futbolunda xeyli nümunələr mövcuddu. Məsələn, Viktor Vlades uzun müddətdi ki, “Mançester Yunayted”də çıxış etmir. Baxmayaraq ki, müqavilə ilə klubun oyunçusudur. Sadəcə, baş məşqçi bildirib ki, Valdes onun planlarına daxil deyil. Valdes oynamır, amma hər ay məvacibini alır. Çünki müqavilə bunu diqtə edir. Daha bir məşhur futbolçu Emmanuel Adebayor “Tottenhem”də meydana çıxmır. Klub rəhbərliyi ona başqa kluba keçməyi təklif etsə də, o, bundan imtina edib. Hazırda vətənində istirahət edir. Amma “Tottenhem”dən hər ay məvacibini də alır. Çünki müqavilə ilə bu kluba aiddir və klub rəhbərliyi sona qədər ona olan borcunu ödəməlidi. Çox təəssüf ki, bizim klub rəhbərləri qeyri-peşəkar davranışa üstünlük verirlər. Azərbaycanda yerli futbolçuların hüquqlarının qorunması peşəkar həllini tapmadığı üçün, onlar tez-tez belə haqsızlıqlarla üzləşirlər”.

Bu, “Qəbələ”dən olan ilk belə şikayət deyil. Vaxtilə “Qəbələ”nin əvəzedici komandasında 8 ay işləyərək məvacibini ala bilməyən ispaniyalı məşqçi Luis Araqon da klubdan FİFA-ya şikayət etmişdi. FİFA onun tələbini haqlı sayaraq, Qəbələ” rəhbərliyindən borcun ödənilməsini tələb etmişdi.

Luis Araqon Qafqazinfo.az saytına açıqlamasında bu faktı təsdiqləmişdi: “FİFA-ya şikayət etdim və məhkəmədə qalib gəldim. Proses dekabr ayında yekunlaşıb. FİFA onlara xəbərdarlıq edib və pulların ödənilməsini tələb edib. Mən onlardan pulumu aldım. “Qəbələ” böyük klubdur. Amma orda pis insanlar var. Onlar vəziyyəti bu yerə gətirdilər”.

Ana səhifəXəbərlər”Qəbələ” klubu futbolçunun pulunu ödəməkdən imtina edir