Yuri Voronovun özünü silahla vurduğu iddia olunur
“Qazprom”un nəqliyyat və logistika şirkəti olan “Astra-Şipping” MMC-nin təsisçisi və baş direktoru Yuri Voronovun mənzilində ölü tapıldığı bildirilir.
61 yaşlı Yuri Voronov Leninqrad vilayətinin Vıborqski rayonunda, “Dəniz terrasları” elit kottec kəndinin ərazisində yaşayırmış.
Bildirilir ki, Yuri Voronovun cəsədi şəxsi mülkündəki hovuzda tapılıb.
“Ölümün ilkin səbəbi Yuri Voronovun özü tərəfindən açılan güllə yarasıdır”, – deyə qeyd olunur.
Mərhumun yaxınları iddia edir ki, o, podratçı və şəriklərlə problemlər ucbatından xeyli pul itirib.
“SPARK-İnterfaks”ın məlumatına görə, 2020 və 2021-ci illərdə “Astra-Shipping”in itkiləri 160 milyon rubl təşkil edib.
Bu hadisə 2022-ci ildə “Qazprom” korporasiyası ilə birbaşa əlaqəli olan dördüncü top menecerin ölümüdür.
Yanvar ayında “Qazprom İnvest”in top meneceri Leonid Şulman Leninqradda, apreldə isə “Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayev, həyat yoldaşı və qızı Moskvada ölü tapılıb.
İstintaqın məlumatına görə, V.Avayev yaxınlarını güllələyib, sonra da intihar edib.