Qeyri-əhalinin elektrik enerjisi artdı
İyunun 30-da Tarif Şurasının keçirilib.
İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.
Dövlət Neft Şirkəti (SOCAR) Tarif Şurasına müraciət edərək ölkədə təbii qazın topdan və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə göstərilib ki, istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abonentlərinin sayının 18%-ə yaxın artması nəticəsində xərclərin yüksəlib.
Əhali üzrə tarifin aşağı olması və son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci illə müqayisədə ölkəmizdə bir əhali abonenti üzrə istehlakın həcminin təxminən 1,3 min kubmetrdən 1,6 min kubmetrə, ümumi istehlak həcminin isə 2,7 milyard kubmetrdən 3,7 milyard kubmetrə yüksəlməsi qaz təchizatı fəaliyyəti üzrə zərərin daha da artması ilə nəticələnir. Bu məbləğ də dövlət büdcəsi hesabına qarşılanır.
Xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması, təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün tariflərin artırılmasına zərurət yaranıb.
Tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb.
İstehlak edilən qazın 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.
Tarif Şurasının məlumatında qeyd olunur ki, əhali abonentləri üçün müəyyən edilən tarif sistemi, böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək.
Sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb. Həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.
Təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.
Ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.
Ticarət, xidmət və sair rentabelli fəaliyyət sahələrinin təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılıb.
Qərar 1 iyul 2021-ci il tarixindən qüvvəyə minir.
Tarif Şurasının məlumatında bildirilir ki, pandemiya ilə əlaqədar dünya ölkələrində ayrı-ayrı istehlak məhsullarının istehsal həcmlərinin aşağı düşməsi iqtisadiyyata və beynəlxalq bazarlara öz təsir edib
Son bir ildə dünya bazarlarında bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artmaqdadır. Dünya enerji bazarlarında müşahidə olunan qiymət artımları bu prosesi daha da sürətləndirir. Xüsusilə təbii qazın dünya bazar qiymətlərinin artması qeydə alınır. Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan istifadə edən sahələr üçün tariflər dəyişib, istehlakçı kateqoriyaları üçün kommunal xərclər artıb.
2020-ci ildə 1 kub metr təbii qazın tarifi əhali abonenti üzrə Ankarada (Türkiyə) orta hesabla 32 qəpik, Kiyevdə (Ukrayna) 32,6 qəpik təşkil edib. Hazırda Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik səviyyəsindədir. Yeni müəyyənləşdirilmiş tariflər bəzi ölkələrin tarifləri ilə müqayisədə yenə aşağıdır. Belə ki, 1 kub metr təbii qazın tarifi əhali üzrə Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir. 1 kub metr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə isə hazırda Türkiyədə orta hesabla 35-49 qəpik, Ukrayna 22-26 qəpik, Belarusda 21,9-78,2 qəpik, Rusiyada 15,3-18,2 qəpik arasında dəyişir.
Tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq. Büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək.
Tarif tənzimlənməsindən sui-istifadəyə yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.
İclasda həmçinin “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2016-cı il tarixli qərara dəyişiklik olunub.
Dəyişikliyə əsasən, bundan sonra enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri üçün elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib.
İyulun 1-dən qüvvəyə minəcək qərarın əhali abunəçilərinə aidiyyəti yoxdur. Əhali kateqoriyası üzrə mövcud tariflərə hər hansı dəyişiklik edilməyib.