Qazı yox, suyu uzaq, yolu dağılmış qəsəbə

Maştağa sakinlərinin gileyi danışmaqla tükənmir. Qışın oğlan çağında qazsız qalmaları da, şirin suyun əlçatmazlığı da onlara böyük dərd olub. Hələ keçilməz, palçıqlı yolları da bir tərəfdən. Qəsəbə sakinlərini əllərində su qabları görmək adi hala çevrilib. “20 dəqiqədir yol gəlirəm. Hələ bir 20 dəqiqə də yolum var. Gedirəm su gətirməyə. Sudan da əziyyət çəkirik, qazdan da”-su dalınca gedən Maştağa sakini Kamran Bədəlov deyir. Sakinlər deyir ki, bir neçə ay öncə Maştağa kəndinə içməli su çəkilib. Lakin kənd əhalisi öz evində içməyə su tapmır.

“Su gəldi, bu yandan keçib getdi o yana. Budur, bax, şor su işlədirəm. İçməli suyu isə daşıyırlar. Kürəkənim, qızım gəlib daşıyır. Onlar da gec gələndə, Allah razı olsun qonşunun uşaqlarından. Bilmirəm, mən niyə əzab-əziyyət çəkirəm?!”-sakin Zoya Mustafaqızı deyir. Maştağalılar su çəkilişinə sevinməyə macal tapmayıblar. Heç rəsmilər özüləri də bu məsələnin nə vaxt həllini tapacağını bilmirlər. “Azərsu”nun mətbuat xidmətinin əməkdaşı şikayətləri qəbul edir: “Bizim planlarımız var. Planlarımızı işləmişik, layihələndirmişik. Hər il də müəyyən qədər işlər görülür”. Hələ ki bu su xəttindən Maştağa sakinlərinə qalan görülən işlərin qalıqlarıdır – qazılmış və bərpa edilməmiş yollar. “Yağış yağanda su olur buralar. Kanalizasiyası yoxdur. Arvad-uşaq keçə bilmir yoldan.

Camaat uşaqlarını məktəbə göndərir. Şəxsən mənim oğlum məktəbə gedir, palçığın içində qayıdır. Qazıb tökdülər, yol lap pis günə qaldı. Maşınlar əldən gedir. Camaat keçə bilmir. Hökumətdən xahişimiz odur ki, gəlib Maştağaya bir əncam çəksinlər”-Maştağa sakini Həmid Dağlıyev bildirir. 76 yaşlı Kamilə Əhlimanovanın bu palçıqlı yollara salan isə evində istiliyin olmamasıdır. O deyir ki, dəfələrlə soyuq evdən Bakıxanov Qaz İdarəsinə ayaq döyüb, səhər-axşam 104 çağrı mərkəzinə zəng vursa da, qazları verilməyib: “Keçən il noyabrdan bizə qaz vermirlər. İlham Əliyevin qızı Maştağaya klubun açılışına gəlmişdi. O gəldi, qazlar da 2-3 gün gurhagur gəldi. Sonra yoxdu”.

Bu, Maştağada qaz gəlməyən onlarla evdən biridir. 74 yaşlı təqaüdçü Arif Ağayevin də gileyi qazdandır: “130 manat pensiyam var. 180-190 manat işıq yazır. Bütün sutka işləyir də (elektrik sobasını göstərir). Hər şey elektriklədir bizdə. Soyuqdur də. Nə qədər adam dərmana pul verər? Yorulmuşam”. “Azəriqaz”ın mətbuat xidmətinin əməkdaşı deyilənlərlə razılaşmır: “Respublika ərazisində, o cümlədən, Bakı və Abşeronda təbii qazın verilməsi ilə bağlı hər hansı bir problem yaşanmır. Tələbat artdıqca, təbii qazın verilişi də tərəfimizdən artırılır”. “Köhnə qapı-pəncərə var idi məndə. Bağdan götürmüşəm yandırıram. İstiliyə görə edirəm, qaz gəlmir”- isinmək üçün odun doğrayan Süleyman Əliyev deyir.

Ana səhifəVideoQazı yox, suyu uzaq, yolu dağılmış qəsəbə