“Qazi ailəsinin, körpə oğlunun iki gün ac yatması nə deməkdir?!”

Rahidə Əsgərova: “Yoldaşım qürurunu, şagirdlərini nəzərə alıb, bir çox məsələni dilə gətirmək istəmir”

Tərtər rayonunun Soyulan kənd orta məktəbinin coğrafiya müəllimi Zamir Əsgərov həm də Qarabağ qazisidir. O, həm 2016-cı ilin aprel döyüşlərində, həm də 2020-ci ildə 44 günlük müharibədə iştirak edib. 2020-ci ilin oktyabrında Suqovuşan istiqamətində döyüşlərdə yaralanıb. O, “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

“Döyüş yoldaşlarımdan biri yaralandı, onu götürüb daha təhlükəsiz yerə aparmağa çalışırdım. Həmin vaxt yaxınlığımıza mərmi düşdü, mən də yaralandım. Yaralı vəziyyətdə xeyli müddət döyüş davam elədi, mühasirədə qaldıq. Bir müddət sonra bizə kömək gəldi, mühasirədən çıxdıq”, – müəllim-qazi Meydan TV-yə danışır.

“Bəzən borc alıb müayinəyə gedirəm”

29 yaşlı Zamir Əsgərov Goranboy rayonunun Xoylu kəndindəndir. Əvvəl bir il Yardımlı rayonunun Arvana kəndində müəllim işləyib, sonradan Tərtərə təyinat alıb. İş yeri ilə əlaqədar Tərtərdə kirayədə qaldığını deyir. Ailəlidir, iki yaşlı bir oğlu da var. O, müharibəyə yollananda oğlu 4 aylıq olub.

Üç nəfərlik bu ailənin maddi durumu ağırdır. Zamir Əsgərovun sözlərinə görə, müəllim kimi təxminən 350 manat əməkhaqqı alır. Bu isə heç kirayəpulu, kommunal xərclər, özünün-iynə dərmana kifayət eləmir:

“Müharibədən əvvəl vəziyyət başqa cür idi. Sağlamlığım imkan verirdi, vaxt qaldıqca əlavə işlərlə məşğul olurdum ki, ailə maddi baxımdan çətinlik çəkməsin. Buna görə əlavə qazancım olurdu. İndi isə ancaq o maaşın ümidinə qalmışam. O da heç nəyə çatmır. Bakıya müayinələrə gedib-gəlirəm. Heç yolpulunu çatdıra bilmirəm, bəzən borc alıb gedirəm”.

Üstəlik, ailənin xeyli kredit borcları da var. Zamir Əsgərovun həyat yoldaşı iki il öncə qadın xəstəliklərilə əlaqədar ardıcıl iki dəfə cərrahiyyə əməliyyatı keçirib. Ailə həmin vaxt xərcləri bankdan götürülmüş kredit hesabına qarşılayıb. Xeyli vaxtdır ki, həmin kreditin ödənişində də problem yaranıb.

“Bu əlilliyi verirsiniz verin, vermirsiniz də, deyin ki, vermirəm, mən də yollardan yığılım”

Zamir Əsgərova hələ əlillik dərəcəsi təyin olunmayıb.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əlillik dərəcəsi almaq üçün müraciət eləmişəm. Deyirlər ki, yoxlamalardan sonra qərar verilməlidir. Neçə dəfə “Papanin”də (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı) yoxlamadan keçmişəm. 25 gün Maştağada (1 saylı Respublika Psixiatriya Xəstəxanası) yatmışam. İndi deyirlər ki, gəl, bir daha müayinədən keç. Daha fikirləşmirlər ki, mənim durumumda olan adam üçün hər dəfə Bakıya gedib-gəlməyin özü nə qədər xərc deməkdir. Bu əlilliyi verirsiniz verin, vermirsiniz də, deyin ki, vermirəm, mən də yollardan yığılım. Təkcə bu yollara nə qədər pul tökmüşəm. Ondan borc al, bundan borc al, yola xərclə, sənəd işinə xərclə, nə qədər olar?!”, – Zamir Əsgərov gileylənir.

Müəllim deyir ki, başqa qohumları da ona maddi baxımdan kömək eləyə bilmir. Çünki bacısı xərçəng xəstəliyindən əziyyət çəkir, tapdıqları pulu elə onun müalicəsinə xərcləyirlər: “Bir dəfə Gürcüstanda əməliyyat olunmuşdu. Bu beşinci günə (25 fevral) yenə çağırıblar ki, təkrar əməliyyata ehtiyac yaranıb. Quru sərhəd də bağlıdır, ancaq təyyarə ilə getmək olur. Kənd yeridir, atam kredit götürür, borc-xərc tapıb, birtəhər müalicə elətdirir”.

Zamir Əsgərovun daha bir narazılığı isə daimi yaşayış yerinin olmaması və bu məsələ ilə bağlı müraciətlərinə dövlət orqanlarının müsbət cavab verməməsindəndir:

“Goranboy Rayon İcra Hakimiyyətinə torpaq üçün müraciət eləmişdim. Çünki mənim nə evim var, nə torpaq sahəm. Demişdilər ki, verəcəyik. Amma iki il keçdi, vermədilər. Goranboydakı ev də nənəmindir, atamgillə yanaşı, əmilərim də qeydiyyatdadır”.

“Müharibədə dəhşətlər yaşamış adam üçün bu problemlər işgəncədir”

Qazinin həyat yoldaşı Rahidə Əsgərova Meydan TV-yə bildirib ki, əslində, durumları daha ağırdır. Sadəcə, həyat yoldaşı öz qürurunu, şagirdlərini nəzərə alıb, bir çox məsələni dilə gətirmək istəmir:

“İki gün ac qaldığımız vaxt olub. Bir müəllim-qazi ailəsinin, azyaşlı övladının iki gün ac qalması nə deməkdir? Bizə ağır gələn odur ki, maraqlanan da yoxdur. Düzü, bu qədər problemlər girdabında boğulmasına baxmayaraq, onun özünə də vəziyyəti dilə gətirmək ağırdır. Çünki şagirdləri var, onların qarşısına çıxır. Krediti mənim xəstəliyimə görə götürmüşdük. İki dəfə ardıcıl əməliyyat olundum. Özüm də kasıb ailənin qızıyam deyə, valideynlərim də kömək eləyə bilmədi, bütün yük yoldaşıma düşdü. Kredit borcu bir tərəfdən sıxır, evin dolanışığı bir tərəfdən, kommunal xərclər bir tərəfdən, onun özünün müalicəsi bir tərəfdən… Onsuz da müharibədə dəhşətlər yaşamış bir adam üçün üstəlik, bu problemlər içində boğulmaq işgəncədir”.

İcra hakimiyyəti nə deyir?

Goranboy Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Zamir Əsgərovun iki il öncə torpaq sahəsi üçün müraciət etməsi barədə bu qurumda heç bir məlumat yoxdur. Lakin icra hakimiyyətindən müəllim-qazinin durumunun nəzərə alınacağı vurğulanıb:

“Goranboy rayonu üzrə istər şahid ailələri, istər qazilərimiz, istərsə də müharibə veteranlarıyla bağlı məsələlərə həssas yanaşılır. Ola bilməz ki, Qarabağ qazisi müraciət eləsin, biganə yanaşılsın. Onun da müraciəti olarsa, mütləq qanun çərçivəsində, mümkündürsə, müsbət həlli üçün lazım olan addımlar atılacaq”.

Zamir Əsgərov sonradan Meydan TV-yə bildirib ki, artıq onunla Goranboy Rayon İcra Hakimiyyətindən əlaqə saxlayıblar:

“Mənə söz verdilər ki, yaxın günlərdə torpaq sahəsi ayıracaqlar”.

Ana səhifəBölgə“Qazi ailəsinin, körpə oğlunun iki gün ac yatması nə deməkdir?!”