Qazaxıstanda üçü uşaq olmaqla 164 nəfərin öldüyü bildirilir

Telegram: NextaLive

Hökumət yaxın günlərdə vəziyyətin normallaşacağına ümid edir

Almatı və digər şəhərlər şiddətli etirazlardan sonra sakitləşib.

Səlahiyyətlilər isə bildiriblər ki, “antiterror əməliyyatları” davam edir.

Qazaxıstan hakimiyyət orqanları son həftə ölkədə baş verən iğtişaşlarda üçü uşaq olmaqla 164 nəfərin öldüyünü açıqlayıb.

Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, ölənlərin 103-ü ölkənin ən böyük şəhəri və zorakılıqların mərkəzi olan Almatıda olub.

Qazaxıstan hökuməti nəzarəti bərpa etdiyini açıqlayıb və yaxın günlərdə vəziyyətin normallaşacağına ümid edir.

Qazaxıstanın müdafiə nazirinin müavini Sultan Qamaletdinov yanvarın 9-da bildirib ki, ölkə boyunca antiterror əməliyyatları davam edir: “Terrorçular tamamilə məhv edilənə və Qazaxıstan Respublikasında konstitusiya quruluşu bərpa olunanadək bu, davam edəcək”.

“Reuters” yazır ki, Qazaxıstan rəsmiləri ötən həftə hökumət binalarına və təhlükəsizlik qüvvələrinə hücum edənlər arasında xaricdə təlim keçmiş islamçı radikalların olduğunu bildiriblər.

Rəsmi məlumata görə, polis vəziyyəti nəzarət altına almaq üçün hazırda təxminən 8000 nəfəri saxlayıb.
Qazaxıstanın Prezident İgamətgahıdan isə bildirilib ki, hüquq-mühafizə orqanları inzibati binalara nəzarəti geri alıb. Hazırda isə həmin binaların Rusiyanın başçılıq etdiyi hərbçilər tərəfindən qorunduğu deyilir.

Prezident Tokayev yanvarın 9-da daha iki yüksək səviyyəli təhlükəsizlik məmurunu işdən çıxararaq, ölkənin Təhlükəsizlik Agentliyinin təmizlənməsini gücləndirdiyini açıqlayıb.

İşdən çıxarılan məmurlar Marat Osipov və Daulet Ergozhin keçmiş kəşfiyyat rəhbəri, iki dəfə baş nazir olmuş və dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilmiş Kərim Məsimovun müavinləri olublar.

Prezidentin veb-saytı bazar günü gec yaydığı qısa bəyanatda işdən çıxarılmalarla bağlı heç bir izahat verməyib.

Qazaxıstanda etirazlar yanvarın 2-də başlayıb.

Əvvəlcə Qərbi Manqistau regionundan başlayan etirazlar artıq bütün ölkəyə yayılıb.
İlkin səbəb maye qazın qiymətinin qaldırılması olub.

Sonradan etirazların çərçivəsi genişlənib, ümumilikdə ölkədəki korrupsiya, işsizlik, aşağı əməkhaqqı və qiymət artımları da ön plana çəkilib.

Prezident Kasım-Jomart Tokayev düşünür ki, ölkəsindəki kütləvi etirazları xarici qüvvələr alovlandırıb.
O, çıxışında bu hadisələri törədən “20 min quldur”u məhv edəcəyini söyləyib.

Prezident düşünür ki, bunu edənlər xaricdə təlim keçmiş “terrorçu” dəstələrdir.

Bu səbəbdən yanvarın 6-da prezident Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın hərbi ittifaqı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Bundan sonra təxminən 2500-ə yaxın, əksəriyyəti Rusiya hərbçilərindən ibarət qüvvə Qazaxıstana göndərilib.

Baxmayaraq ki, səlahiyyətlilər hələ də “terrorçuların” və ya xarici qüvvələrin iştirakını sübut edən heç bir sübut təqdim etməyiblər.

Yanvarın 9-da yerli televiziya qonşu Qırğızıstandan gedib zorakılıqlarda iştirak etmək üçün pul aldığını söyləyən bir adamın video etirafını nümayiş etdirib. Lakin Qırğızıstandakı tamaşaçılar onu tez-tez Qazaxıstana qastrol səfərinə çıxan tanınmış caz musiqiçisi kimi tanıyaraq onun iğtişaşçı ola biləcəyinə şübhə ilə yanaşır.

Ana səhifəDünyaQazaxıstanda üçü uşaq olmaqla 164 nəfərin öldüyü bildirilir