Qazaxıstanda: 14 ildən sonra azadlığa çıxan şair vəfat etdi

Aron Atabəy , Foto: https://www.rferl.org/

Müxalif fikirli Atabəyin koronavirusdan öldüyü bildirilir

Altmış səkkiz yaşlı, müxalif fikirli qazax şair Aron Atabəy uzunmüddət qaldığı həbsxanadan azad edildikdən bir ay sonra vəfat edib. Onun COVID-19 virusuna yoluxduğu bildirilir. Şair Qazaxıstandakı xəstəxanalardan birində həyata gözlərini yumub.

Atabəyin bacısı Raziyə Nutişeva Azadlıq Radiosunun qazax xidmətinə deyib ki, qardaşı noyabrın 24-də reanimasiyada vəfat edib.

Atabəy (digər adı ilə Edigeev) bir polisin ölümü ilə nəticələnən etirazların təşkil edilməsinə kömək etdiyinə görə 2007-ci ildə 18 il müddətinə həbsə məhkum edilib və cəzasının böyük hissəsini çəkdikdən sonra bu il, oktyabrın əvvəlində azadlığa buraxılıb.

Atabəy 2006-cı ildə həbs olunub və həmin vaxtdan bəri günahsız olduğunu bildirib.

2012-ci ildə Qazaxıstan höküməti ona günahını etiraf edərsə amnistiya verəcəyini desə də, o, bu təklifdən imtina edib. Səhhəti ilə bağlı davamlı narahatlıqlardan sonra şair ötən ay Qazaxıstanın şimalında yerləşən Pavlodar həbsxanasından azad edilib. Atabəyin qohumları və dostları onun ürək xəstəliyi, şəkərli diabet və oynaqlardakı iltihabdan əziyyət çəkdiyini bildiriblər.

İllərdir ki, Qazaxıstandakı və xaricdəki hüquq müdafiə təşkilatları onun günahsız olduğunu söyləyərək, Qazaxıstan  hökumətdən tələb ediblər ki, şair azadlığa buraxılsın. Onların iddialarına görə, Atabəy həbsxanada işgəncəyə məruz qalıb. Belə ki, mühafizəçilər onun sağlamlığına zərər vurmaq üçün onun qaldığı kameranın döşəməsinə tərkibində yüksək səviyyədə xlor konsentrasiyası olan suyu tökərək onun sağlamlığına ziyan törətməyə çalışıb.

Sentyabr ayında həbsxanada Atəbəyi ziyarət edən aktivistlər tərəfindən çəkilən fotoda Atabəyin yorğun və  səhhətinin pis olduğu görünür. Foto ictimai qəzəbə səbəb olub və rəsmiləri onu azad etməyə vadar edib.

2012-ci ilin dekabr ayında Atabəy həmin müddətdə prezident olan Nursultan Nazarbayev və onun hökumətini tənqid edən məqalə yazdıqdan və məqalə internet saytında dərc edildikdən sonra şair təkadamlıq kameraya köçürülüb. 2014-cü ildə isə Atabəyin yaxınları həbsxana nəzarətçilərini onun ayağını sındırmaqda günahlandırsalar da, hakimiyyət bunu təkzib edib.

Ana səhifəDünyaQazaxıstanda: 14 ildən sonra azadlığa çıxan şair vəfat etdi