Qazaxda: ”İsmayıl Şıxlı” parkı niyə hasara alınıb?

İcra hakimiyyətinin əməkdaşı ərazinin hansı səbəbdən hasara alındığına da aydınlıq gətirməyib.

Source: meydan tv


Sakinlər ağacların kəsilməsindən narahatdır

Qazax şəhərinin mərkəzində, Qazax rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən “İsmayıl Şıxlı” parkının içindəki ağaclı ərazinin bir hissəsi hasara alınıb. Həmin ərazidə tikinti işlərinin aparılacağı bildirilir.

Bu barədə Meydan TV-yə Qazax sakinləri məlumat veriblər. Rayon sakinləri parkdakı ağacların kəsiləcəyindən narahatdırlar. Onların sözlərinə görə, imkanlı şəxslərdən birinin ərazidə iaşə obyekti tikəcəyinə dair məlumatlar dolaşır:

“Bura şəhərin ən gözəl guşələrindən biridir. Biz sakinlər olaraq bununla razı deyilik. Böyük, yaşıl parkdır, həmin ağacları kəsmək günahdır, cinayətdir. Belə olmaz”.

Sosial şəbəkələrdə də məsələ ilə bağlı videogörüntülər paylaşılır.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Qazax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Özünü “növbətçi” kimi təqdim edən şəxs bu barədə məlumatsız olduğunu bildirib:

“Həmin park düz icra hakimiyyətinin yaxınlığındadır. Belə bir hal olsa, mütləq xəbərimiz olar. Yayılan məlumatın əsas yoxdur, yalandır”.

İcra hakimiyyətinin əməkdaşı ərazinin hansı səbəbdən hasara alındığına da aydınlıq gətirməyib.

Ana səhifəBölgəQazaxda: ”İsmayıl Şıxlı” parkı niyə hasara alınıb?