Qazax şəhərinin mərkəzində yerləşən 117 yaşlı İsrafil Ağa Hamamının bir hissəsi sökülmək təhlükəsindədir. Səbəb də odur ki, ərazidə ADA Univeristetinin filialı üçün bina tikilir.
Uzun illər həmin hamamı icarə ilə işlədən Eldəniz Əzimov deyir ki, artıq bu tarixi abidənin qazanxanası uçurulub.
Arayış: Qoşagünbəzli bu hamam Cümə məscidinin qarşısındadır. Onu Qıraq Kəsəmən kəndinin sakini, Qazax diyarında tanınmış sahibkar İsrafil ağa Kərbəlayev XIX əsrin axırlarında tikdirib, buna görə də hamam onun adı ilə tanınır. Bina memar Müzəffər Hüseynovun layihəsi əsasında qırmızı kərpicdən kirəclə hörülüb.
Hamamın ümumi zalı, otaqları, diqqət çəkən hovuzu və çayxanası var. Böyük ölçülü (30m x 20m) hamamın plan quruluşu iki hissəyə bölünür: ənənəvi Azərbaycan və şərq hamamlarına xas olan dəhliz ilə birləşən ikigünbəzli hissə və kabinələrdən ibarət hissə. Hamamın küçəyə çıxan hissəsində kiçik dükanlar yerləşir. Plan quruluşuna görə şərq və Avropa tələblərini özündə cəmləşdirən bu tikili tipinə Azərbaycanın digər bölgələrində rast gəlinmir.
Hamam bugünlərdə Nazirlər Kabinetinin sərəncamı ilə yerli əhəmiyyətli tarixi abidə kimi Mədəniyyət Nazirliyinin balansına verilib.
“30 ildir hər 5 ildən bir icarə müqaviləsi yenilənməklə həmin hamamı biz işlətmişik. İndiyədək onun təmirinə 50 min manatadək xərc çəkmişik. Əsas məqsədimiz o olub ki, bu tarixi abidə uçub-dağılmasın, yox olmasın. Bu hamamı tikdirən İsrafil Ağanın öz evi baxımsız haldadır, heç hökumət onunla maraqlanmır. Qazax rayonunun ən görkəmli abidələrindən olan bu hamamı isə qoruyub-saxlamışıq. İndi ADA Universitetinin filialı üçün bina tikirlər və hamam təhlükədədir”, – Eldəniz Əzimov deyir.
Rayon sakinin sözlərinə görə, bu ayın əvvəlində onlara binanı boşaltmağı tapşırıblar:
“Yaxınlıqda məscid var. Müharibə zamanı şəhidlərimizin, eləcə də rəhmətə gedən vətəndaşlarımızın o məsciddə yuyulması üçün su bu hamamdan götürülür. İllərdir hamam Qazax camaatı üçün fəaliyyət göstərir. Artıq qazanxana hissəsi dağıdılıb”.
Eldəniz Əzimov deyir ki, özü hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Baş verənlərlə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazıb, ona əmisi, ADA-nın rektoru Hafiz Paşayevdən şikayət edib. Elə bundan sonra da təqiblərə məruz qalıb.
“Özüm Qazaxda deyiləm, amma ailəm ordadır. Neçə gündür polis evimə gəlir, məni axtarır. Hətta evdə axtarış edib. Günahım ancaq tarixi abidənin sökülməsinə etirazdır.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyir ki, Eldəniz Əzimovun axtarılmasına səbəb ondan edilən şikayətlərdir:
“O hamam tarixi mədəniyyət abidəsi kimi verilib Mədəniyyət Nazirliyinin balansına. Eldəniz Əzimova da bildiriş gəlib və oradan çıxıb. Bundan sonra rayonda yaşayan bir neçə şəhid ailəsinin adından müxtəlif orqanlara şikayət teleqramları vurub. Həmin şəxslər də hamamda işləyirmiş. İndi o adamlar adlarından istifadə olunduğu üçün Eldəniz Əzimovdan şikayət ediblər. Hazırda həmin şikayətlərin araşdırılması üçün onu polisə dəvət edirlər ki, gəlib izahat versin. Onun özü də bilir ki, hamam sökülmür, Nazirlər Kabinetinin qərarı ilə nazirlik binanın bərpası, təmiri ilə məşğuldur”.
Elşad Hacıyev onu da deyib ki, pandemiya dövründə gecə saatlarında hamamı gizlin işlətdiyi üçün Eldəniz Əzimov məsuliyyətə də cəlb olunub.
Eldəniz Əzimov isə deyir ki, o, yalnız öz ailəsi adından şikayət məktubları yazıb:
“İcra başçısına elə məlumat verilib. Əslində isə doğru deyil, mən yalnız öz ailəmin adından yazmışam. Bütün bunlar məni ləkələmək üçün icra hakimiyyəti tərəfindən uydurulmuş yalanlardır”.
ADA-nın mətbuat xidməti Meydan TV-nin sorğusuna cavab olaraq “Trend” informasiya agentliyinin yaydığı məlumatı göndərib. Məlumatda deyilir ki, Mədəniyyət Nazirliyinin reyestrində olan Qazax Müəllimlər Seminariyasının tarixi binasının təmir və bərpası həyata keçirilir. Sözügedən yenidənqurma işləri Seminariyaya yaxın yerləşən və Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli Sərəncamı ilə Mədəniyyət Nazirliyinin balansına verilən İsrafil ağa hamamına da şamil edilir.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatına görə,bu tarixi abidə yenidənqurma işlərindən sonra təhsil ocagi kimi fəaliyyət göstərməklə yanaşı, vaxtilə Qoridə təhsil almış Üzeyir Hacıbəyli, Firudin bəy Köçərli kimi maarifçilərimizin irsini yaşadacaq. Seminariyanın binası təhsil və mədəniyyətin sintezini özündə əks etdirərək muzey və incəsənət mərkəzi kimi xidmət göstərəcək.