“İllik istehlak həcmi 1500 kubmetrdən 1700-ə artırılıb”
Tarif Şurası təbii qaz və elektrik enerjisinin satışı tariflərində dəyişikliklər edib.
“Azərtac”-ın məlumatına görə, dekabrın 22-də Tarif (qiymət) Şurasının növbədənkənar iclası olub. İclasdan sonra iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında qərarın prezident İlham Əliyevin tapşırığına uyğun qəbul edildiyini söyləyib.
Ş.Mustafayev vurğulayıb ki, iclasda Tarif Şurasının noyabrın 28-də keçirilmiş iclasında təbii qaz və elektrik enerjisinin satışı tarifləri ilə bağlı edilən müvafiq tarif tənzimlənmələrində dəyişikliklər aparılıb: “Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcminin 1500 kubmetrdən 1700 kubmetrə artırılıb və 20 qəpik müəyyənləşdirilib. Elektrik enerjisi aylıq istehlak həcmi 250 kilovat-saatdan 300 kilovat-saatadək artırılıb və 11 qəpik müəyyənləşdirilib”.
Qərarı iqtisadçı Samir Əliyev Meydan TV-yə şərh edib: “İşıq 250 kilovat-saatdan 300 kilovat-saatadək qaldırılıb, belə çıxır ki, işığa görə ayda 2 manat əhaliyə qənaət olacaq. Qazda isə illik 1500 kubmetrdən 1700-ə artırılıb. Qazda isə bu edir illik 20 manat, aylıq hesablasaq, 1 manat 60 qəpik hər ailə qənaət edəcək. Ümumilikdə bir ailəyə 3 manat 60 qəpik qənaət olacaq”.
İqtisadçı deyir ki, ümumilikdə qiymət artımında şəffaflıq olmadığına görə bu artımın əleyhinədir: “Tarif Şurasının qərarı əsaslandırılmamış artım idi, qərarın fəaliyyətində heç bir şəffaflıq yox idi. Amma bu yeni qərar, düzgün olmayan addımın bir qədər yüngülləşdirilməsidir. Limiti daha çox artırmaq mümkün idi”.
İqtisadçı Zöhrab İsmayılın məsələyə münasibəti belə olub:
“Məsələ belədir: evində kombi və ya başqa qaz qızdırıcısi olan 2-3 otaqlı ev illik 1700 kub metr limiti sözsüz-söhbətsiz keçəcək. Evində qazla qızıdırcı olmayanlar isə noyabr-mart ayları ərzində 300 kvt aylıq limiti keçəcəklər. Başqa variant da qalın yorğanlar və isti nəfəsə rəğmən xəstələnməkdir”.