Qaxda 20-dən çox evi sel basıb

Foto: “trend.az”

Ağacların aşması və lil səbəbindən yollar bağlanıb

İyunun 6-sı axşamdan yağan yağış Qaxın Əmircan kəndində ciddi fəsadlar törədib. Təxminən 20-dən çox evin su içində qaldığı bildirilir. Bağlara, təsərrüfatlara su dolub.

Sakinlər bildiriblər ki, yollar lillə dolub, avtomobillərin hərəkəti çətinləşib.

Sakinlərdən biri Meydan TV-yə deyib ki, səhər saatlarınadək dəfələrlə müraciət etmələrinə baxmayaraq kəndə gəlib vəziyyətləri ilə maraqlanan olmayıb. İşıq kəsildiyindən su da gəlmir, internet işləmir. Sakinlərin çoxu evlərinə girə bilmir.

“Motorlarla su çəkilməlidir. Adamlar vedrələrlə evlərə dolmuş suyu təmizləyirlər. Internet yoxdur ki, vəziyyətimizi çəkib göstərək”,– sakin deyib. Qeyd edib ki, tövlələr də su altındadır, toyuq-cücə tələf olub.

Qax Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bir neçə kənddən müraciətlər var, hazırda araşdırma gedir. Bütün əməkdaşlar yollardadır.

Avtomobil Yolları Dövlət Xidmətindən bildirilib ki, güclü külək və yağış səbəbindən Şəki-Qax, Qax-Zaqatala və Qorağan-Qax avtomobil yollarında bir neçə ərazidə ağacların yollara aşması nəticəsində hərəkət məhdudlaşıb. Bundan başqa, rayonun İlisu kəndi ərazisində sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub.

“Görülən tədbirlər nəticəsində yollar boyunca hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub”, – qurumdan deyilir.

Ana səhifəBölgəQaxda 20-dən çox evi sel basıb