Qax sakinləri: Səsimizi Kəmaləddin Heydərova çatdıra bilmirik

7 may 2012-ci ildə episentri Zaqatala rayonu ərazisinə düşən zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdi.

Source: meydan tv

Yardım üçün yarım milyarddan çox pul ayrılıb, hələ də evi qəzalı olanlar var

“7 ildir ki, zəlzələ kənddəki evləri qəzalı vəziyyətə salıb. İlk 1 il ərzində evlərin bir qismi təmir-bərpa olundu, hətta yeni evlər də tikildi, ancaq sonradan işlər yarımçıq qaldı. 7 ildir ki, icra hakimiyyətindən evlərimizin təmiri üçün ayrılmış pulları tələb edirik, deyirlər, bu işlərə görə ayrılmış pullar çoxdan xərclənib”.

2012-ci ilin mayında Qaxda baş vermiş 7 ballıq zəlzələ nəticəsində həm rayon mərkəzində, həm də kəndlərdə qəzalı vəziyyətə düşmüş evlərin bir qismi hələ də təmir olunmayıb. Bunu Meydan TV-yə sakinlər deyir.

“Kəndə gəldilər, vədlər verdilər”

Rayonun Əmircan kənd sakini Vasif Yunusovun sözlərinə görə, zəlzələ nəticəsində şəxsi əmlakına dəymiş zərər hələ də aradan qaldırılmayıb:

image_from_ios.jpg
kənd

“Zəlzələdən sonra dağıntıların aradan qaldırılması üçün yaradılmış komissiya üzvləri kəndimizə gəldi. Dedilər ki, kənddə üç mərhələdə iş aparılacaq. Birinci mərhələdə çox dağılmış evlər bərpa olunacaq. İkinci mərhələdə orta dağıntıya məruz qalmış, üçüncü mərhələdə qismən zərər çəkmiş evlər təmir olunacaq. Ancaq işlər elə iki mərhələdə aparıldı. Birinci mərhələdə çox dağılmış evlər bərpa olundu, hətta yeniləri də tikildi. İkinci mərhələdə orta zərər çəkənlərə təxminən 3-5 min manat arası kompensasiya ödənildi. İş üçüncü mərhələyə çatanda, aradan çıxdılar”.

“Dedilər, gedin, sözünüzü Kəmaləddin Heydərova deyin”

Zəlzələ nəticəsində Vasif Yunusovun ikiotaqlı, aynabəndli evinin divarları çatlayıb, tavanı dağılıb. Komissiya üzvləri evə baxış keçirərək qəzalı tikili kimi qeydiyyata alıblar. Ev sahibinə bildiriblər ki, işlər üçüncü mərhələyə çatanda təmir üçün ailəyə 2 min manat kompensasiya ödəniləcək:

image_from_ios (3).jpg
ev

“Gördük ki, səs-səmir yoxdur, bir müddət sonra özümüz Qax Rayon İcra Hakimiyyətinə getdik. Dedilər ki, komissiya hələ rayondadır, narahat olmayın, növbə sizin də evə çatacaq. Bu işlər dövlət başçısının nəzarətindədir, özü pul ayırıb və nəzarətə götürüb, sizin evinizin təmirdən, kompensasiyadan kənarda qalması mümkün deyil. Daha bir müddət keçdi, gəlib çıxmadılar. Bir gün televizordan eşitdik ki, guya zəlzələnin vurduğu zərərlər tamamilə aradan qaldırılıb, zərərçəkmişlərə ev tikilib, kompensasiya ödənilib… Yenə üz tutduq icra hakimiyyətinə… Bu dəfə dedilər, pul bitib, komissiya da Bakıdadır. Biz bu işlərlə məşğul olmuruq. Nə sözünüz varsa, gedin, Kəmaləddin Heydərova deyin”.

Sakinin sözlərinə görə, kənddə zərər çəkmiş təxminən 110 evdən 30-u hələ də təmir olunmamış qalıb. Sakinlər səslərini Kəmaləddin Heydərova çatdıra bilmirlər. İmkanı olanlar özləri evlərini təmir ediblər, imkanı olmayanların evinin tavanı hələ də sallana-sallana qalıb.

“Prezidentin gözü qarşısında pulları basıb yeyirlər”

“Məsələn, mən işləmirəm, ailəmdə işləyən yoxdur, qapımda malım, heyvanım, toyuq-cücəm də yoxdur ki, satıb, pula çevirim, aralanmış divarları birləşdirim, evin tavanını yeniləyim. Bu komissiya ki vardı, gəlib bizim evləri qəzalı evlər kimi siyahıya alıb, gedib hər evə görə xeyli pul siliblər. Mənə maraqlı gələn odur ki, bu komissiya üzvləri heç dövlət başçısından da çəkinməyib. Onun ayırdığı pulu işlər onun nəzarətində ola-ola, yəni gözü qarşısında basıb yeyib və cəzasız qalıb,”- sakin deyir.

image_from_ios (4).jpg
ev

Eyni rayonun digər kəndində – Fıstıqlıda da evi zəlzələdən qəzalı vəziyyətə düşən və kompensasiyadan kənarda qalanlar var. Kənd sakini deyir, üçotaqlı evin tavanı uçmaq üzrədir:

“Güclü təkan otaqların divarlarını yarıq-yarıq elədi, tavan uçdu, komissiya üzvləri söz verdilər ki, təmir olunacaq, getdilər, gəlmədilər. Sonrakı müraciətlərim də nəticəsiz qaldı, eləcə dedilər ki, get, gözlə, növbə çatanda, sizə də gələcəyik. Sonra da xəbər tutdum ki, komissiya çoxdan paytaxta qayıdıb. Özüm gücüm çatandan düzəltdim, ancaq ev hər an uça bilər”.

7 ildir fəhlələrin yolunu gözləyir

Qaxda təkcə kəndlərdə yox, rayon mərkəzində də eyni problem yaşayanlar var. Nizami küçəsində yaşayan Məmmədiyə Xəlilov:

“Məndə ikiotaqlı evdir. O vaxt gəlib, baxıb siyahıya yazdılar, qarşısına da yazdılar ki, təmir olunacaq. Dedilər, tezliklə fəhlələr gələcək, nə lazımdır edəcəklər, dövlət təmir, tikinti materialı, pul ayırıb. 7 ildir gəlib çıxmırlar. Bir sözlə, 7 ildir fəhlələrin yolunu gözləyirəm”.

image_from_ios (1).jpg
tavan

7 may 2012-ci ildə episentri Zaqatala rayonu ərazisinə düşən zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəymişdi. Ölkə başçısı İlham Əliyevin göstərişləri əsasında zərərlərin aradan qaldırılması üçün üç dəfə pul ayrılıb. Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli 117 saylı sərəncamı ilə, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq ehtiyat fondundan 20 milyon manat, 2012-ci il dövlət büdcəsindən 300 milyon manat, Nazirlər Kabinetinin 24 oktyabr 2012-ci il 288 saylı sərəncamı ilə 100 milyon manat, 2013-cü ilin dövlət büdcəsindən yebə 189 milyon manat, ümumilikdə 609 milyon manat ayrılıb.

Qax Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, zəlzələnin nəticələrinin aradan qaldırılmasıyla Fövqəladə Hallar Nazirliyi məşğul olub. İcra hakimiyyətinin nümayəndəsi yalnız komissiya tərkibində fəaliyyət göstərib və əsasən, qəzalı evlərin siyahıya alınmasında iştirak edib. Qurumdan məsləhət görülüb ki, suallarımızı Fövqəladə Hallar Nazirliyinə ünvanlayaq.

Meydan TV müxbiri Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlamağa cəhd göstərsə də, baş tutmayıb. Qurumun rəsmi saytında 7 may 2012-ci il tarixli zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı müxtəlif vaxtlarda müxtəlif statistik məlumatlar yerləşdirilsə də, yekun məlumat yoxdur. Son məlumat 2014-cü ilin yayında yerləşdirilib. Həmin məlumatda qeyd olunur ki, müvafiq komissiya tərəfindən tərtib olunmuş baxış aktlarına əsasən, 5 mindən çox ev tikilib. 7478 ailəyə bərpa işlərinin aparılması üçün ümumilikdə 370 min manata yaxın yardım ödənilib. Məlumatda sosial obyektlərin tikintisi, bərpası, təmiri ilə bağlı xərclər də əksini tapıb.

Ana səhifəBölgəQax sakinləri: Səsimizi Kəmaləddin Heydərova çatdıra bilmirik