Qatardan qaçan məhbus: Məqsədim video-müraciət çəkmək olub

”Biz bir taksiyə minib Etibar deyən istiqamətə getdik”

Source:
Etibar Məmmədov və Fədayə Laçın
Etibar Məmmədov və Fədayə Laçın
Etibar Məmmədov və Fədayə Laçın
Etibar Məmmədov və Fədayə Laçın


”Biz bir taksiyə minib Etibar deyən istiqamətə getdik”

“Etibar dedi ki, qatarın bələdçi otağının pəncərəsinin açarı onda var, dəmir barmaqlıqlı pəncərəni açıb qaçacaq. Mənə də onunla qaçmağı təklif etdi. Dedi ki, “mən sənə söz vermişdim ki, azadlığa çıxmağına köməklik edəcəm, amma indiki halda, ancaq sənə qaçmaqla kömək edə bilərəm”.

Açarı da mənə göstərdi, onun təklifi ilə razılaşdım”, – ötən ilin oktyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Bakıya qaytarılarkən qatardan qaçmış iki dustaqdan biri Əli Ağami istintaqa ifadəsində bildirib.

Ə.Ağami və onunla birlikdə qatardan qaçmış “Qoca” ləqəbli Etibar Məmmədov, onlarla yanaşı, daha üç nəfər – Məhəmməd Heydərov, Əfsər İbrahimov, Tahir Kərimov 2015-ci ildə Şirvan şəhərində iki nəfərin ölümünə görə həbs olunmuşdu. O cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırıldığına görə hər dəfə onlar Bakıdan Lənkərana aparılıb-gətirilirmiş. Ə.Ağaminin ifadəsindən məlum olur ki, təqsirləndirilən beş nəfər arasında münasibət yaxşı olmayıb. Xüsusən Məhəmməd Heydərov həbsinə görə “Qoca”nı ittiham edirmiş.

Ə.Ağami özü də qətldə heç bir rolu olmadığını bildirib. Qeyd edib ki, “Qoca”nın xahişilə bu cinayəti üzərinə götürüb: “Etibar cinayəti törətdikdən sonra bəzi problemlərinin olduğunu deyib, onun əvəzində bir neçə ay həbsdə yatmağımı istədi. Dedi ki, sonra gəlib əməlini etiraf edəcək. Lakin sözünün üstündə durmadı”.

Ona görə də bu təqsirləndirilən şəxslər məhkəməyə görə cənub bölgəsinə etap olunanda onları ayrı-ayrı rayonların polis şöbələrindəki müvəqqəti saxlama yerlərində saxlayırlarmış. Məsələn, Ə.Ağami Masallıda, E.Məmmədov Lənkəranda, T.Kərimov və Ə.İbrahimov Astara, Biləsuvar və ya Cəlilabad polisində.

Ə.Ağaminin ifadəsinə görə, hətta təqsirləndirilən şəxslərdən M.Heydərov qaçış hadisəsindən əvvəlki məhkəmə iclaslarından birində ülgüclə özünü doğrayıb. Ona görə də axırıncı məhkəmə iclasından sonra onları cənub bölgəsindəki polis şöbələrində saxlamayıb, dərhal Bakıya geri qaytarıblar.

Ə.Ağami qatardan necə qaçması barədə isə bunları deyib:

“Qatar Şirvana çatanda dəhlizdəydim, Etibar kameradan başını çıxarıb hal-əhval tutdu. Ona dedim ki, yol gedib-gəlməkdən yorulmuşam. Etibar dedi ki, “istəyirsən, deyim, gəl, yumşaq döşəyin üstündə yat”, mən də razılaşdım. Az sonra mühafizəçilərdən biri gəlib məni Etibarın olduğu kupeyə apardı, orada söhbət edəndə Etibar dedi ki, bələdçi otağının pəncərəsinin açarı onda var, dəmir barmaqlıqlı pəncərəni açıb qaçacaq. Mənə də onunla qaçmağı təklif etdi…”

Ə.Ağami ifadəsində qeyd edib ki, Etibarda mobil telefon var idi, kimlərləsə danışırdı. Ə.Ağamiyə də deyib ki, həmin adamlar onu stansiyada maşınla qarşılayacaqlar:

“Sonra bələdçi otağının qapısını örtüb uyğun şəraiti gözlədik. Konvoyun əməkdaşları dəhlizdə gəzişirdilər. Səhər saat 5 radələrində qatar Biləcəri stansiyasına çatana yaxın Etibar açarı çıxarıb 6 “zamok”la bağlanan pəncərəni açıb platformaya tullandı. Bu vaxt qatar dayandı, mən də ayaqlarımı pəncərədən çıxarıb yerə düşdüm. Hava işıqlı idi, amma bizi görən olmadı. Maşınla bizi gözləyəcək adamları tapmadıq, gəzərək evlərin arasına girdik. Etibarla telefonla danışdı, həmin adamlar gecikdiklərini dedilər. Biz bir taksiyə minib Etibar deyən istiqamətə getdik. Şadlıq sarayı olan yerdə düşüb bizi qarşılayacaq maşına mindik. Bundan əvvəl vaqonda Etibarın yanında gördüyüm Günay adlı qadın da maşında idi. Maşını İsrafil Soltanov sürürdü, Aqil Nəcəfov isə qabaqda oturmuşdu. Etibar kiməsə zəng edib yola çıxmasını tapşırdı. Sürücüdən də Lökbatana sürməsini istədi. Lökbatanda saqqallı bir oğlanı götürüb Hökməliyə getdik. Etibar dedi əvvəllər onun türmədə yatan Familin evində qalacağıq. Biz elə onlara da getdik, sonra Aqillə İsrafil çıxıb getdilər. Axşam “Lada Priora” ilə Şirvan şəhərinə getdik. Mən orada Etibardan ayrılıb evimizə tərəf getdim”.

Ə.Ağaminin bildirdiyinə görə, həyətlərində həmin vaxt qonşular olub. Ona görə də başqa bir qonşunun həyətindən keçib evlərinə daxil olub:

“Valideynlərim təslim olmağımı istədilər, onlara bir neçə saat sonra təslim olacağımı dedim. Sonra otağa keçib işimin qeyri-obyektiv aparılmasına etiraz əlaməti olaraq, dövlətə səslənən video-müraciət çəkdim, aidiyyəti üzrə göndərdim. Ondan sonra valideynlərimə dedim ki, polisə zəng edib xəbər versinlər. Oktyabrın 26-da günorta Bakıdan gələn polislər məni evimizdən götürüb Bakı İstintaq Təcridxanasına gətirdilər…”

Ə.Ağami əlavə edib ki, qaçmaqda məqsədi evə gəlib sözügedən video-müraciəti çəkmək olub.

Ana səhifəXəbərlərQatardan qaçan məhbus: Məqsədim video-müraciət çəkmək olub