Dünya hələ ki, Camal Qaşıqçının ölümünün şokunu yaşayır. Diplomatik korpusda həyata keçirilən dəhşətli ölüm ssenarisi beynəlxalq ictimaiyyətin diqqətini Səudiyyə Ərəbistanına çəkib. Bundan sonra nə olacaq – bu qətlə görə Səudiyyə hökuməti hər hansı bədəl ödəyəcəkmi, ya digər cinayətləri kimi bunun da üzərindən səssiz keçiləcək – deyə bilmərəm. Hadisəyə siyasi şərh verməyi də hazırkı yazıda lazımsız hesab edirəm. Ortada bir insan həyatı – beynəlxalq səviyyədə tanınmış jurnalistin ölüm faktı var. Bu isə yetəri qədər üzərində durulası hadisədir. Şübhə yoxdur ki, qətlin əsas motivlərindən biri onun jurnalist fəaliyyəti, Səudiyyə rejimi əleyhinə yazılarıdır. Dövlət tərəfindən xüsusi amansızlıqla həyata keçirilmiş cinayət söz azadlığını boğmağa hesablanıb.
Qaşıqçının ölümü fonunda digər məsələlərlə birlikdə jurnalistlərin yaşadıqları çətinliklərin, üzləşdikləri risklərin miqyası gündəmə gəlir. Əlbəttə, hər peşə kimi jurnalistikanın da müәyyәn çətinliklərinin olması təbiidir. Bu peşəyə “müqəddəs” və sair bu kimi yapışdırılan epitetlər də bir az boğazdanyuxarı gəlir mənə. İctimai faydalılığına görə də bir jurnalistin bir müəllimdən, həkimdən və ya polisdən üstün olduğunu demək çətindir. Amma ortada bəzi statistik rəqəmlər var ki, bu sahənin digərləri ilə müqayisədə daha riskli və təhlükəli olduğunu göstərir. Məsələn, təkcə son 15 ildə öldürülən jurnalistlərin sayı 1000-dən çoxdur. Tәsәvvür edirsinizmi, bu insanlar sırf peşә fәaliyyәtlәrini yerinә yetirdiklәrinә görә öldürülüblәr. 2006-cı ildə İraqda ABŞ hərbi vertolyotundan açılan atəş nəticəsində öldürülən reportyor və operatorun görüntüləri hələ də internetdə mövcuddur. Çətin ki, güc strukturları istisna olmaqla, öldürülmә riski yüksәk olan ikinci belə sahə olsun.
Bəlkə də münaqişə zonasında bir jurnalistin ölümü təbii görünə bilər, amma məsələ bundadır ki, belə qətllər minlərlə kilometr uzaqda, dinc ərazilərdə də baş verə bilir. Elə Qaşıqçının ölümü kimi, ondan əvvəl maşınına yerləşdirilmiş bomba ilə partladılan Dafne Karuana Qaliziaya (Daphne Caruana Galizia) kimi, yaxud uzun təhdidlərindən sonra qətlə yetirilən Viktorya Marinova kimi. Bu şəxslərin hər biri ciddi araşdırmalarla məşğul olan peşəkar jurnalist idi. Panama sənədlərini araşdıran maltalı Dafne korrupsiyaya bulaşmış dövlət rəsmiləri haqqında ciddi məlumatlar əldə etdiyi bildirilirdi. Bolqarıstandakı korrupsiya hadisələrini araşdıran Viktoriya Marinova da görünür ki, hansısa dairələri narahat etmişdi. Jurnalist ölümündən əvvəl bildirmişdi ki, təhdidlərə məruz qalır. Bu insanlar öldürülən nə ilk, nə də son jurnalist deyillər. Onların qətli həm də onu göstәrir ki, jurnalist doğruların ardınca olduğu müddәtdә tәhlükәdәdir, istәr müharibә şәraitindә olsun, istәrsә dә öz evindә.
Bu yaxınlarda Almaniyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya sığınan jurnalist Can Dündarın ekstradisiyasını istəmişdi. Hakimiyyət iyerarxiyasının ən son pilləsində dayanan bir şəxs rəsmi şəkildə bir jurnalistin ölkəyə qaytarılmasını tələb edir. Məncə, bu fakt jurnalistika ilə bağlı məsələnin ciddiliyini anlamağa kifayət edər. Minlərlə jurnalist isә hazırda həbsxanalarda cəza çəkməkdədir. Jurnalistlərin Müdafiəsi Komitəsinə görə, təkcə 2017-ci ildə 262 jurnalist həbs olunub. Azərbaycan da bu baxımdan istisna deyil. Müstəqillik qazandıqdan sonra Azərbaycan həbsxanaları demək olar ki, jurnalist sarıdan korluq çəkməyib, hər azad olunan jurnalisti yenisi əvəz edib.
Bu faktlar göstərir ki, təqvim 2018-ci ili göstərsə də, dəyişən çox az şey var. Azad sözün keşikçiləri hələ də kimlərisə narahat edir. Bu insanlar dünyanın hər yerində sıxışdırılır, susdurulmağa çalışılır. Mətbuatın “4-cü hakimiyyət” olduğu deyilir. Yəni ilk 3 hakimiyyətə – dövlətin icra mexanizminə, qanunvericilik aparatına, məhkəmə sisteminə nəzarət edən tərəf. Yəqin siz də etiraf edərsiniz ki, əlində heç bir inzibati resursu, cəza mexanizmi, rəsmi səlahiyyəti olmayan mətbuatın hakimiyyətin bu 3 qoluna nəzarət etməsi çox çətindir. Amma bütün problemlərə baxmayaraq jurnalistlər bunu bacarır, təbii ki, qarşılığında çox böyük bədəllər də ödəyir. Bəzən həbslə, bəzən sürgünlə, bəzənsə ölümlə…