Qarın ”doyduran” tranzit… (Təhlil)

Belə nağıllara inanıb, ümidli olmayaq

Source:

“Qazaxıstan Dəmir Yolları” SC-nin rəhbəri Askar Mamin bu gün Bakıda səfərdə olarkən bildirib ki, Bakı – Axalkələk – Qars dəmir yolu fəaliyyətə başlayandan sonra Azərbaycan küllü miqdarda pul qazanacaq.

“2020-ci ilə kimi konteynerlərin sayının 300 mini keçəcəyini düşünürük. Bu, çox yüksək dinamikadır. Bu da bizə tranzit imkanlarından bütünlüklə istifadə etməyə imkan verir. Həm Qazaxıstanın, həm də Azərbaycanın dinamik inkişaf edən böyük nəqliyyat imkanları, nəqliyyat strukturu var. Fikrimcə, “Azərbaycan Dəmir Yolları” QSC 2020-ci ilə kimi tranzit daşımalardan 600-700 milyon dollar həcmində gəlir əldə edə bilər. Bu kifayət qədər yüksək inkişaf deməkdir və ümid edirəm ki, bu göstəriciyə sahib ola biləcəyik”.  – deyə A.Mamin bildirib.

Bizim bir çox media orqanları da bu xəbəri paylaşırlar, insanlarda illyuziya oyadırlar ki, neft gəlirləri azalanda ölkə tranzitdən böyük pullar qazanacaq. Ən maraqlı budur ki, qonağən açıqlamasına yanında dayanan  “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi Cavid Qurbanov belə bir optimist bəyanata heç bir reaksiya verməyib. Görünür ənənəvi qonaqpərvərliyimiz qazaxstanlı rəsmi nümayəndəyə o qədər gözəl təsir edib ki, belə bir bəyanatla könlümüzü oxşamağa çalışıb.

Əvvəl onu deyim ki, Azərbaycan rəsmiləri həmişə qeyd edirdilər ki, Bakı – Axalkələk – Qars dəmir yolundan ölkəmizin tranzit qazancları ildə 50 milyon dollara yaxın olacaq. Məsələn, 2012-ci ilin 20 iyun “Səs” qəzetindən sitat:

“BTQ ilə Azərbaycan, Gürcüstan və Türkiyə mühüm tranzit qovşağına, Avropa ilə Asiya arasında mühüm nəqliyyat sisteminə çevriləcək. Bu dəmiryolunun istifadəyə verilməsindən sonra hər üç ölkə beynəlxalq yüklərin daşınmasından tranzit gəlirləri əldə edəcək. BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyətə malikdir. Bu dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edəcək. Bundan başqa, dəmiryolu Strasburqla uzaq Şanxayı birləşdirəcək. Azərbaycanın ilk illərdə tranzitdən illik gəliri 50 milyon dollar təşkil edəcək”.

 Bu günə qədər layihəyə 700 milyon dollardan artıq vəsait xərclənib ki, bunun da tamamına yaxınını Azərbaycan öz üzərinə götürüb: Gürcüstanın payına düşən 200 milyon dolları biz 25 illik, 0%-lə kredit vermişik. Böyük beynəlxalq maliyyə qurumları bu layihəyə kredit verməkdən boyun qaçırdılar, çünki layihənin alternativləri həddən artıq çoxdur, gələcəkdə bu yol üzərindən keçən yükün həcmi əvvəl planlaşdırılanlar qədər olmaya bilər.

Layihənin alternativ variantları artıq fəaliyyətə başlayıb, ya da işlər tamamlanmaq üzrədir:

Göründüyü kimi, əsasən Çin mallarına hesablanmış layihələr və marşrutlar kifayət qədər çoxdur. Bakı – Axalkələk – Qars layihəsi bitdikdən sonra ilkin hesablamalara görə Londondan Pekinə 12 gün ərzində yüklərin və sərnişinlərin fasiləsiz daşınmasını təmin etmək mümkün olacaq. Cənub nəqliyyat dəhlizinin bir qolu olan bu xəttin yükburaxma qabilliyyəti pik həddə – il ərzində 17 mln. ton nəzərdə tutulub. İlkin mərhələdə bu göstəricinin 1 mln. sərnişin və 6,5 mln. ton yük həddində olması düşünülür.

Bir konteynerin dəmir yolu ilə Çindən Avropaya çatdırılması 2000-2500 dollar arası dəyişir, gəmi nəqliyyatında bu rqəqəm 1000 dollar civarındadır, sadəcə, gəmi ilə 1,5 ay zaman alan yolculuq dəmir yolu ilə 12-15 gün çəkir deyə qiymət fərqi 2 dəfəyə yaxındır.

Konteynerin qiymətinə həm tranzit xərcləri, həm konteynerin özünün icarə qiyməti, həm də sığorta xərcləri daxildir. Tranzit xərcləri ölkələrin ərazisinə və sərhədlərdə göstərilən xidmətlərə görə hesablanır. Yəni, 2000 dollar olan bir konteynerin Çindən Avropaya tranzit xərclərindən Azərbaycanın payına, maksimum 10-15% düşəcək. Qazaxstanlı qonaq özü deyir ki, il ərzində 300 min konteynerin keçməsi gözlənilir ki, bu da ən yaxşı halda ölkəmizə 60-80 milyon dollar arası xeyir verə bilər.

Yəni, Bakı – Axalkələk – Qars layihəsinə xərclədiyimiz 700 mln. dollarlıq vəsaiti, ən yaxşı halda 10 ilə çıxarda, sonra isə gəlir götürə bilərik. Prinsip etibarı ilə, belə nəticə heç də pis deyil, ölkə pul qazanacaq, amma daha məst olmuş qonağın dediyi kimi, ölkə ildə 600-700 milyon dollar qazana bilməz. Odur ki, belə nağıllara inanıb, ümidli olmayaq…

Ana səhifəXəbərlərQarın ”doyduran” tranzit… (Təhlil)