Vüsalə Əhmədova qardaşının ölüm işinin yenidən araşdırılmasını tələb edir
“Qardaşımın hansı səbəbdən öldüyü hələ də bizə qaranlıq qalıb. Əlimizə bir parça qərar yazıb veriblər ki, guya özünü öldürüb. Bu qərarı da ifadə aldıqları adamların dediklərinə əsaslanıb yazıblar. İfadə aldıqları adamlarsa narkotik istifadəçisi və alverçiləridir, qardaşım sonuncu dəfə onların yanında olub, müəmmalı ölümü də həmin yerdə baş verib”.
Vüsalə Əhmədova Meydan TV-yə qardaşı Əkbər Əhmədovun müəmmalı şəkildə ölməsindən danışır, istintaq orqanlarının ölümün səbəblərini dərindən araşdırmamasından şikayət edir. Onun sözlərinə görə, Əkbər Əhmədov narkotik aludəçisi imiş və bir neçə dəfə müalicə olunmasına baxmayaraq, pis vərdişlərdən əl çəkə bilmirmiş.
“Evdən çıxdı, bir daha geri qayıtmadı”
Vüsalə xanım qardaşının ölümündə də bu vərdişlərin birləşdirdiyi çevrədən şübhələnir:
“Bir ucarlıyıq, mən Bakıda yaşayıram, Əkbər 2 il idi ki, ailəsindən ayrılıb Bakıya gəlmişdi, mənim yanımda yaşayırdı. Dəfələrlə Narkoloji Mərkəzdə müalicə olunmuşdu, sonuncu dəfə onu müalicə etdikdən sonra evdən çölə çıxmırdı. Gözüm üstündə idi, telefonunu da əlindən almışdıq ki, çevrəsiylə əlaqəyə girməsin. 4 ay normal həyat sürdü. Bu il aprelin əvvəli dedi, daha tamamilə sağalmışam, evdə sıxılıram, səndən siqaret pulu almağa utanıram, gedim, işləyim, öz qazancım olsun. Qardaşım kondisioner ustası idi, dedi, “28 May” metorsu tərəfdə kondisioner quraşdırılması işi var, gedim, danışım, o işi götürüm. Evdən çıxdı, o gedən getdi, bir daha geri qayıtmadı”.
“Zəng gəldi, dedilər, özünü öldürüb”
Vüsalə xanım deyir, Əkbərin yaxın qohumların evində olduğunu düşünərək polisə məlumat verməyib. Ancaq 3 gündən sonra onun “morq”da olduğunu bilib:
“Zəng gəldi, dedilər, Əkbər özünü öldürüb, meyiti “morq”dadır, məni Binəqədi prokurorluğuna çağırdılar. Bacımla getdim, bir müstəntiqlə görüşdük, dedi, qardaşınızın meyiti 3 gündür ki, “morq”dadır. Müstəntiq dedi, narkotiki dozadan çox qəbul edib, özünü 5-ci mərtəbədən atıb, ölüb. Sonra da karantini bəhanə edib, bizi prokurorluğa yaxın buraxmadılar. İstintaqın nə yerdə qaldığını bilmədik. Günlərin birində növbəti dəfə müstəntiqə zəng vuranda dedi ki, iş bağlanıb”.
Binəqədi prokurorluğunda dindiriliblər
Əkbər Əhmədovun ölüm işi üzrə eyni vərdişlərdən asılı olan tanışları prokurorluq tərəfindən şahid qismində dindiriliblər. Əkbər Əhmədovun ailəsinin “Rəfail” kimi tanıdığı Rafiq Əliyev hadisənin baş verdiyi mənzilin sahibidir. O, istintaqa bildirib ki, Əkbərlə tanışlığı olmayıb, aprelin 5-də Əkbəri onun evinə Namiq adlı dostu gətirib. Həmin vaxt Nazim adlı dostu da onun evində olub. Birlikdə narkotik maddə qəbul ediblər, Əkbərin vəziyyəti pisləşib. O, Əkbərin narkotik maddə olan “kakos”dan zəhərləndiyini düşünüb. Namiq Əkbərin əynindəki paltarlarını çıxarıb, bədənini duzlu su ilə yuyub, ancaq Əkbər özünə gəlməyib. Aprelin 6-da səhər Nazim təcili yardım çağırmağı təklif etsə də, Namiq qoymayıb, deyib ki, Əkbər tezliklə özünə gələcək. Onlar qonaq otağında, Əkbərsə yataq otağında olub. Az sonra Namiq yataq otağına Əkbərə baş çəkməyə keçəndə sonuncunun özünü eyvandan atdığını görüb. Nazim Cavadov, Namiq Kazımov da eyni məzmunlu ifadələr veriblər.
Cinayət işinin icraatına xitam verilib
Binəqədi Rayon Prokurorluğundan bildirilib ki, Əkbər Əhmədovun ölüm faktı hərtərəfli istintaq edilib. İstintaq zamanı mərhumun qardaşı Muxtar Əhmədov onun hüquqi varisi qismində, digər ailə üzvləri şahid qismində dindiriliblər. Ailə üzvlərinin ölüm hadisəsində şübhəli bildikləri şəxslər də dindirilib, hadisə yerinə baxış və bütün digər istintaq hərəkətləri həyata keçirilib. Nəticədə hadisənin intihar olduğu təsdiqlənib. Qərara alınıb ki, əvvəllər oğurluq, dələduzluq, xuliqanlıq cinayətlərinə görə məhkum edilmiş 33 yaşlı Əkbər Əhmədov özünü Z.Bünyadov prospektindəki 20 saylı binanın 23 saylı mənzilinin eyvanından ataraq intihar edib. Özünü atarkən narkotik maddənin təsiri altında olub. Aprelin 13-də Binəqədi Rayon Prokurorluğunun müstəntiqi Tamirlan Baqiyev Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işinin icraatına xitam verilməsinə dair qərar qəbul edib.
Yaxınları qərarla razılaşmır
Ancaq Vüsalə Əhmədova və digər ailə üzvləri bu qərarla razılaşmır. Onlar işin yenidən araşdırılmasını tələb edirlər:
“Vəziyyəti ağırlaşmış adamı 1 sutka evdə saxlayıblar, nə təcili yardıma, nə polisə, nə də ailəsinə məlumat veriblər. Vaxtında həyatını xilas etmək olardı, buna mane olublar. Qardaşım keçinəndən sonra isə “hər şeyi ölünün boynuna yıxaq” deyib, meyitini 5-ci mərtəbədən – evin eyvanından aşağı atıblar. Mənim qardaşımın hər nə pis vərdişlərdən asılılığı olsa da, özünü öldürəcək oğlan deyildi. Məhz həyatda qalmaq üçün dəfələrlə müalicələrə getmişdi. Müstəntiqin bizi süründürməsi, aylarla qərarı bizdən gizlətməsi içimizdəki şübhələri daha da artırdı. Apreldə qərar çıxarıb, ancaq zənglərimizə cavab vermirdi, bizə istintaqın bitdiyini bildirmirdi. Prokurorluğun qapısından isə karantini bəhanə edib içəri buraxmırdılar. Nəhayət, bu yaxınlarda prokurorluğa girə bildim və aydınlaşdıranda məlum oldu ki, qərar çoxdan çıxıb, işə xitam verilib”.
Vüsalə Əhmədova Baş prokuror Kamran Əliyevdən işin yenidən araşdırılmasını, araşdırmanı şəxsən nəzarətə götürməsini istəyir.
Hüquqşünas Namizəd Səfərov deyir, mərhumun hüquqi varisi qərardan şikayət verməli, işə yenidən baxılmasını rəsmi qaydada tələb etməlidir: “Qərardan da göründüyü kimi, Əkbər Əhmədovla eyni otaqda olanlar onun səhhətinin ağırlaşdığını görsələr də, onu 1 sutka bu vəziyyətdə saxlayıblar, təcili yardım çağırmayıblar, yaxınlarına, polisə məlumat verməyiblər. Bu isə artıq “bilə-bilə köməksiz vəziyyətdə qoyma” kimi cinayət məsuliyyəti yaradır”.