Ailəsi 26 yaşlı gəncin intiharından danışır
“28 min manatımızı dələduzluqla ələ keçirib, bizi küçələrdə qoyan adam polis tərəfindən himayə olunur. Gedib şikayət edirik, ordan tutub bu tərəfdən azadlığa buraxırlar. Qardaşım da bu haqıszlıqla barışmayıb özünü asdı”.
Aprelin 9-da Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib.
26 yaşlı Hüseyn İsakov Mərdəkandakı evlərdən birində özünü asıb. Hüseynin qardaşı Nicat İsakov Meydan TV-yə ailənin başına gəlmiş bu faciənin səbəblərindən danışır.
Uğursuz köç əməliyyatı…
Ötən ilin mayında İsakovlar ailəsi bina evindən həyət evinə köçmək qərarına gəliblər. Buna görə də mənzillərini satıblar. Ailəyə uzaq qohumluğu olan Nicat adlı şəxs həmin vaxt mənzilini dəyərindən ucuz qiymətə satdığını bildirib. İsakovlar da həmin mənzili almaq qərarına gəliblər. Ancaq ailənin deməsinə görə, həmin şəxs tərəfindən dələduzluğa məruz qalıblar. Nicat İsakov danışır:
“Bizi bir həyət evinə apardı, evə baxdıq, xoşumuza gəldi, razılaşdıq. Dedi ki, ev bankda girovdadır, 10 min manat borcum var. Siz mənə evin pulunu ödəyin, mən o puldan banka 10 min manat ödəyim, evi girovdan çıxarım, sonra sizin adınıza rəsmiləşdirək. Atam da ona inanaraq 28 min manat verdi, ancaq bu, notarusda rəsmiləşmədi. Ötən ilin iyun ayında bizi Mərdəkanda bir həyət evinə yerləşdirdi. Evin sənədlərini istəyəndə deyirdi, bir az problem var, tezliklə həllini tapsın, sənədləri təqdim edəcəm. Biz o evdə iki ay yaşadıq. İki aydan sonra bir nəfər gəldi, dedi ki, bu ev mənimdir, çıxın çölə… Biz onda bildik ki, həmin şəxs bizi başqasının evinə yerləşdirib, evin də kirayəhaqqını ödəyib”.
“Polis şikayətimizə baxmadı”
Aldadıldıqlarını başa düşən İsakovlar Xəzər rayon 1-ci polis bölməsinə ərizəylə müraciət edirlər. Oradan da iş Xəzər rayon Polis İdarəsinə göndərilib. Aylar ərzində idarədən bir səs çıxmadığını görən ailə başçısı Fuad İsakov iki dəfə idarəyə getsə də, içəri buraxılmayıb, ona işin gedişatı ilə bağlı hər hansı məlumat verilməyib.
Nicat İsakov sözünə davam edir:
“Bir tərəfdən ev-eşiksiz, küçələrdə qalmışıq. Bir yaxın adam elə Mərdəkanda bizə təmənnasız müvəqqəti sığınacaq verdi. Ora da şəraitsizdir. Qardaşımın ölümündən sonra isə ümumiyyətlə, orada yaşaya bilmədik, çıxdıq. Bir tərəfdən də pullarımızı dələduzluqla mənimsəyən adamı polis himayə edir. Bir dəfə saxladılar, sonra da eşitdik ki, buraxıblar. Pullarımızı mənimsəyib, bu boyda ailəni çöllərdə qoyub, ancaq məsuliyyətə cəlb olunmur. Çünki polis üçün qazanc yeridir. Polisin öz adamıdır. Bizim kimi adamları aldadıb ələ keçirtdiyi pulları polislə bölüşdürür. Polis də ona fəaliyyət göstərməyə imkan yaradır. Atam hər dəfə polis idarəsinə gedir, nə işdəki yenilikləri öyrənə, nə rəislə görüşə bilir…”
“Baş verənlər Hüseynə pis təsir etmişdi”
Nicat İsakovun sözlərinə görə, evsiz-eşiksiz həyat, üstəlik, polisin qarşı tərəfə himayədar çıxması qardaşı Hüseynə pis təsir edib:
“Biz öyrənmişdik ki, Nicat çox adamı aldadıb, məhkəmələrdə çoxlu işlər var onunla bağlı… Mərdəkanda hamı onu dələduz kimi tanıyır. Aldatmadığı adam qalmayıb. Sadəcə, biz bunları bilməmişik. Bilsəydik, əlbəttə ki, onunla iş görməzdik. Bütün bunların qarşısında Nicatın hər dəfə polisə düşüb azadlığa buraxılması Hüseynə də pis təsir edirdi. Deyirdi, ya onu öldürəcəm, ya da özümü… Heç cür barışa bilmirdi haqsızlıqla…”
Aprelin 9-da müvəqqəti sığındıqları evdə Hüseyn və anası olub. Nicatla atası işdə imiş. Hüseyn anasından xahiş edib ki, çörək alsın. Ana geri qayıdanda gördüyü mənzərədən dəhşətə gəlib. Nicat İsakov danışır:
“Evin yanındakı mağazada çörək olmayıb. Anam evdən aralanmalı olub, bir az kənar mağazaya gedib. Qonşular zəng vurub, onu təcili evə çağırıb. Anam qayıdanda artıq polislər də həyətdə olub. Anam görüb ki, Hüseyni həyətdə yerə uzadıblar. Polislər anama bildiriblər ki, onlar ünvana gələndə Hüseyni asılmış vəziyyətdə aşkar ediblər”.
“Atama yazmışdı ki, özümü öldürəcəm”
Özünü öldürməmişdən əvvəl Hüseyn atasına səsli mesaj göndərib, deyib ki, haqsızlıqlardan bezdiyi üçün yaşamaq istəmir və özünü öldürür. Həmin vaxt işdə növbədə olan atası onu sakitləşdirib, deyib ki, 1 saata evə çatacaq.
Nicat İsakov:
“Atam dənizdə işləyir, 15 gün işdə, 15 gün evdə olur. Aprelin 8-də iş növbəsi bitirdi, evə gəlməli idi, ancaq hava küləkli və dumanlı olduğuna görə vertolyot gətirməyib. Evə gəlməsi aprelin 9-na qalıb. Ancaq həmin gün də eyni səbəbdən gəlib çıxmadı. Qardaşımın ölümündən sonra gəldi… Bizə olan haqsızlığa görə gənc qardaşım həyatdan faciəli getdi. Heç olmasa bundan sonra bizi eşitsinlər, cinayətkar cəzasına çatsın, pullarımız qaytarılsın, yaşlı anamı, atamı qohumların evindən öz evimizə yığa bilək. Evsizlikdən hərəmiz bir qapıda gecələyirik”.
Xəzər Rayon Polis İdarəsindən bildirilib ki, İsakovların şikayəti əsassızdır. Fuad İsakovun ərizəsi araşdırılıb, ərizəsində qeyd olunan Nicat Cəfərov dəvət olunaraq izahatı alınıb. Lakin ailə üzvləri pulun həmin şəxsə verilməsi ilə bağlı hər hansı sübut, dəlil təqdim edə bilməyiblər. İdarədən araşdırmanın hansı mərhələdə olduğunu, işə xitam verilib-verilmədiyini bildirməyiblər. Qeyd ediblər ki, bu məlumatları yalnız ərizəçiyə təqdim edə bilərlər. Fuad İsakov isə dəfələrlə idarəyə getsə də, hər hansı məlumat ala bilmədiyi üçün daxili işlər nazirinə müraciət edəcəyini deyir.
Hüseyn İsakovun ölüm faktıyla əlaqədar isə Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə araşdırma aparılır.