Qardaşı: Saleh Rüstəmlidə koronavirus siptomları var

“Paltarları götürmürlər ki, dəyişə bilsinlər”

Foto: Meydan.tv


“Baxımsızlıq bir yana, heç dərmanları da qəbul etmirlər”

Gədəbəyin keçmiş icra başçısı, AXCP-yə maliyyə yardımına görə həbs olunmuş Saleh Rüstəmlinin ailə üzvləri onda koronavirus simptomlarının olduğunu deyir. Bu barədə qardaşı Taleh Rüstəmov məlumat verərək bildirib ki, ümumiyyətlə, onun saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində vəziyyət ağırdır.

S.Rüstəmli ailə üzvlərinə deyib ki, hələ mart ayından müəssisədəki məhkumların səhhətində problemlər vardı, qızdırmalı xəstələrin sayı kifayət qədər çox idi. Lakin buna əhəmiyyət verilmirdi.

“Nəhayət, iki həftə əvvəl yoxlama aparılıb və 90-a yaxın məhbusda koronavirus tapılıb. Onları müəssisədən çıxarıb aparıblar. Ondan sonra qalan məhbuslarla maraqlanan yoxdur. Halbuki, qalanların arasında da qızdırmalı, virusun əlamətləri olan məhbuslar kifayət qədərdir. Salehin bədənində səpkilər əmələ gəlib, bu da koronavirusun simptomlarından biridir. Amma yoxlayan yoxdur”, – deyə T.Rüstəmov bildirib.

Onun sözlərinə görə, baxımsızlıq bir yana, heç məhbusların yaxınlarının apardıqları dərmanları, tibbi ləvazimatları, antibakterial sabunları və paltarları da qəbul etmirlər.

Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində martın 6-dan həbs yerlərində saxlanılan şəxslərə sovqat çatdırılması, onların yaxınlarıyla görüşləri qadağan edilib.

“Qış paltarında qalıblar. Paltarları götürmürlər ki, dəyişə bilsinlər. Gigiyenik vasitələri nə özləri verirlər, nə də qəbul edirlər. Qidalanma da çox pisdir. Kimin ki yaxını pul göndərir, oradakı dükandan alıb yeyir. Çoxuna da pul gəlmir axı. Qiymətlər də çox bahadır. 1 kiloqram kartof 3 manat… Kim də müalicə olunmaq istəyir, baş verənlərə etiraz edir, döyüb “kars”a salırlar. Ac, xəstə adamlardır, onları aqressivləşdirirlər. Cəzaçəkmə müəssisəsindəki vəziyyət ciddidir, mütləq nəzarətə götürülməlidir, adamları bu vəziyyətdə qoymaq olmaz”, – deyə T.Rüstəmov əlavə edib.

Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində xəstə məhbusların durumuna əhəmiyyət verilməməsi, qiymətlərin bahalığı və qanunsuzluqlara etiraz edən məhkumların işgəncəyə məruz qalması barədə deyilənləri təkzib edir. Dərman, gigiyenik vasitələr və s. çatdırılmasına qadağaya gəlincə, bu qurumdan bildirilib ki, bütün məhbuslar zəruri məhsullarla, gündə üç dəfə keyfiyyətli yeməklə təmin olunurlar.

Qarabağ döyüşçüsü S.Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. İddiaya görə, S.Rüstəmli AXCP-yə 420 min dollar pul göndərib.

Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edir. S.Rüstəmli bildirib ki, uzun illər AXCP-nin üzvü olub. 1998-ci ildən Rusiyada yaşayır. Orada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər. Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmli 7 il 3 ay, A.Məhərrəmli 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirliyə şərti cəza verilib.

Ana səhifəSiyasətQardaşı: Saleh Rüstəmlidə koronavirus siptomları var