Qardaşı: “Mirhafiz Cəfərzadə İranla Azərbaycan arasındakı gərginliyin qurbanıdır”

Mirhafiz Cəfərzadə. Foto: screenshot

Seyidəli Cəfərov qardaşının fikirlərinin təhrif olunduğunu deyir

Hazırda dövlətə xəyanət ittihamıyla həbsdə olan Mirhafiz Cəfərzadənin yaxınları ona böhtan atıldığını deyir. Bu barədə Meydan TV-yə danışan qardaşı Seyidəli Cəfərov iddia edir ki, Mirhafiz Cəfərzadə əslində, İranla Azərbaycan arasında olan gərgin münasibətlərin qurbanıdır.

Mirhafiz Cəfərzadə bu ilin noyabrında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) onun həbsinin səbəbilə bağlı yaydığı rəsmi açıqlamada iddia olunur ki, Mirhafiz Cəfərzadə Azərbaycanda hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirərək, onların lokasiyasını və digər məlumatları İrana göndərib. İttihama əsasən, o, bu işi 2018-ci ildən beynəlxalq axtarışda olan və hazırda İranda gizlənən Orxan Məmmədovun tapşırıqları əsasında görüb. Tapşırıqlar da Azərbaycanın təhlükəsizliyi, müdafiəsi əleyhinə olub. Ümumiyyətlə, Orxan Məmmədovun İran xüsusi xidmət orqanlarının nəzarəti altında törədilən cinayətlərlə əlaqədar axtarışda olduğu da açıqlamada vurğulanır.

Rəsmi açıqlamaya Mirhafiz Cəfərzadənin özünün görüntüləri də əlavə edilib və orada o bildirir ki, Orxan Məmmədovla sosial şəbəkələr üzərindən əlaqə saxlayıb, həmin şəxs bir dəfə onu İrana dəvət edib:

“Məndən Lənkəranda hərbi baza barədə soruşub. Ona yerini göndərmişəm”.

Seyidəli Cəfərov qardaşının fikirlərinin təhrif edildiyini deyir. Onun sözlərinə görə, Mirhafiz Cəfərzadə dəfələrlə İranda olub:

“Lakin bunu İrana işləmək kimi təqdim eləmək absurddur. Qardaşım ali təhsilli insandır, şərqşünasdır. Ərəb dilini çox yaxşı bilir. Fars dilini də nisbətən bilir. Dəfələrlə ticarət məqsədilə İrana getdiyi də olub. Bəzən kiməsə lazım olanda tərcümə də edirdi. Qardaşım Rusiyada yaşayıb, işləməyə başladı. Ona görə Rusiya vətəndaşı oldu…”.

Seyidəli Cəfərov danışır ki, 2021-ci ilin sentyabrında qardaşı növbəti dəfə Azərbaycandan Rusiyaya qayıdanda onu saxlayıblar:

“Sərhəddə onu saxlayıb aparıblar. Ona deyiblər ki, sən separatçılıqla məşğulsan. O da deyib ki, xeyr, mən demişəm, talış dilində dərslik olsun, bundan artıq nəsə yazmışamsa, göstərin mənə. Heç bir sübut olmadığına görə onu gecə saat 3-də buraxıblar”.

Seyidəli Cəfərovun sözlərinə görə, saxlanılarkən ona əməkdaşlıq təklif edilib:

“Qardaşıma deyiblər ki, “sən bizə işlə”. Rusiyada olan tanınmış talış və inanclı fəallar haqda məlumat gətirməsini istəyiblər. Qardaşım da deyib ki, “mən yaşlı-başlı adamam, 56 yaşım var, mənə yaraşmaz belə hərəkətlər, ayıbdır”. Qardaşımın ölkədən çıxışına “stop” qoyublar. Bir il ərzində 4 dəfə qardaşımı narahat edib, ayrı-ayrı yerlərdə onunla görüşüblər, deyiblər ki, narahat olma, “stop” götürüləcək, “Tərtər işi”nə baş qarışıqdır və s. Sonuncu dəfə qardaşım onlara deyib ki, hətta “Facebook”da da heç nə yazmıram, əlimdən bundan artıq heç nə gəlmir…”.

Qardaşı deyir ki, noyabrın 11-də səhər saatlarında DTX əməkdaşları Mirhafiz Cəfərzadəni, eləcə də məhkəmə qərarı olmadan evində olan əşyaları (kompüter və s.) götürüb aparıblar.

Mirhafiz Cəfərzadənin hüquqlarını müdafiə edən ictimai fəal Rahim Şalıyev diqqəti DTX tərəfindən yayılmış videomateriala çəkir. Deyir ki, həmin materialda Mirhafiz Cəfərzadənin danışı montaj olunub, bunu videoya baxan hər kəs görə bilər:

“Mirhafiz Cəfərzadənin videoda danışdığı hərbi baza hazırda fəaliyyət göstərmir və dövlət əhəmiyyətli obyekt deyil. Həmçinin bu məlumatı göndərilən zamanlarda Orxan Məmmədov Azərbaycana qarşı radikal çıxışlar etməyib. Mirhafizin fikirləri kəsilib montaj olunduğundan onun dedikləri yayımlanmır. Məndə olan məlumata görə, özü orda deyir ki, bu köhnə məlumatdı, hərbi baza fəaliyyət göstərmir və s. Ayrıca həmin keçmiş hərbi baza haqqında mətbuatda onlarla məlumat var”.

“İkinci bir məsələ, hələ istintaq getdiyi, hələ sübutların toplandığı, məhkəmə qərarının olmadığı müddətdə dövlət tərəfindən Azərbaycan ictimaiyyətində belə bir rəy yaradılıb ki, Mirhafiz Cəfərzadə xarici kəşfiyyata xidmət edib. Bu da məhkəmənin ədalətlilik prnsipinə qarşıdır”, – Rahim Şalıyev vurğulayıb.

Ana səhifəSiyasətQardaşı: “Mirhafiz Cəfərzadə İranla Azərbaycan arasındakı gərginliyin qurbanıdır”