Qardaşı: Əbülfəz Sadıqbəyli ailəsi ilə görüşə bilmir

”İşin materialları bugünlərdə məhkəməyə göndəriləcək”

Source:
Əbülfəz Sadıqbəyli
Əbülfəz Sadıqbəyli


”İşin materialları bugünlərdə məhkəməyə göndəriləcək”

Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli bir aydan çoxdur həbsdə olduğu müddətdə ailə üzvlərilə nə görüşə bilib, nə də telefonla danışıb. Bu barədə Meydan TV-yə qardaşı Vasif Sadıqbəyli danışıb.

O bildirib ki, qardaşının işi üzrə istintaq yekunlaşıb, cinayət işinin materialları bugünlərdə məhkəməyə göndəriləcək. Lakin Ə.Sadıqbəyliyə qarşı tətbiq olunan görüş, telefon qadağası hələ də davam edir.

V.Sadıqbəylinin sözlərinə görə, qardaşının saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasına istintaqın bitməsi barədə məktub da göndərilib. Lakin yenə məhdudiyyət aradan qalxmayıb:

“Keçən həftə təcridxananın rəisi söz vermişdi ki, bu həftə görüşə icazə veriləcək. Bu gün getdim, yenə icazə verilmədi. Yeməyi qəbul edirlər. İki həftədir, kitablara da qadağa qoyublar. Keçən həftə də, bu gün də apardığım kitabları buraxmadılar”.

V.Sadıqbəyli bildirib ki, qardaşının hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət edəcəklər.

Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəyli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham olunur.

İttihama görə, müsavatçı “Nikoil bank”-ın adından saxta sənəd hazırlayıb. Bildirilir ki, o, bankdan kreditilə aldığı “Niva” markalı avtomobilə görə, borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edir.

Əbülfəz Sadıqov ittihamı qəbul etmir. Müsavat Partiyası həbsin siyasi motivli olduğunu bəyan edib.

Bununla bağlı hər hansı rəsmi açıqlama yoxdur.

Ana səhifəXəbərlərQardaşı: Əbülfəz Sadıqbəyli ailəsi ilə görüşə bilmir