“Qardaş praqmatizmi” və ya Ankara niyə Elçibəyi kənarlaşdırdı

Bəli, Elçibəy, həqiqətən də, Heydər Əliyev simasına məftun idi

Source: Meydan TV

Və geridə onun böyük gələcəyi vardı

Sehrli saat

Lyuis Kerrollun (ingilis yazıçısı, riyaziyyatçı, məntiqçi, filosof, dyakon və fotoqraf, “Alisa möcüzələr ölkəsində” əsəri ilə tanınıb – tərc.) Sehrli saat haqqında ibrətamiz hekayəsi var: bu saatın əqrəblərini geri çəkməklə bədbəxtliyin qarşısını almağa cəhd etmək olurdu. Bizim belə sehrli imkanımız yoxdur, odur ki, bizi bu cür zülmət saat qurşağına yuvarlamış kollektiv divanəliyin mənbəsini anlamaq üçün sadəcə xəyalımızda XX əsrin sonuncu rübünə səyahət edək.

Romen Rolan (fransız yazıçısı və ictimai xadim, dramaturq, alim-musiqişünas, ədəbiyyat üzrə Nobel laureatı – tərc.) hesab edirdi ki, ən yaxşı və ən pis aktyorları heç də səhnədə görmürük. Mən özüm kino hərisi kimi həyat hekayətlərində kinematoqrafiya paralelləri tapmağı xoşlayıram.

Mistik mərkəzdən gələn zəngdən sonra İkinci Prezidentin iyun gecəsinin rütubətində qəfil yoxa çıxması olduqca “Bornun təsdiqi” filmindəki (amerikalı yazıçı Ladlem Robertin eyniadlı əsəri əsasında ekranlaşdırılıb – tərc.) səhnələri xatırladır. Bu filmin qəhrəmanları olan “yatan casuslar” da mesaj gələn kimi heç bir müzakirəyə baş qoşmadan aldıqları göstərişi dəqiq yerinə yetirirlər.

Əlçatan məlumata, İkinci Prezidentin dünya görüşünə və həyat prioritetinə əsaslanaraq xırda bir şeyi aydınlaşdırmaq qalır: o, kimin əmrini/göstərişini/xahişini qulaqardına vurmaya bilməzdi.

Bütpərəstlik

Bu məsələ çözülməyəcək rebuslar sırasına daxil deyil, belə ki bəzi prinsipləri anlamaq, məlum olduğu kimi, bəzi faktları bilməməyə imkan verir.

Çeynənmiş “zamana ehtiyac var” fikrini təkrarlamaqda davam edən bütpərəstlər dərk etmirlər ki, politologiya siyasi proseslərin səbəb və nəticələrini fərziyyə və insayder məlumatlar (kütləyə açıqlanmayan mühüm xidməti məlumat – tərc.) yolu ilə öyrənən elm deyil. Məlum proseslərin açılması və öyrənilməsi üzrə onun öz metodologiyası var.

Gəlin bu prinsipi kinematoqrafiya deyil, gerçək personajlarımızın yaşadıqlarının qiymətləndirilməsinə tətbiq etməyə çalışaq.

İkinci Prezidenti 80-ci illərdən tanıyan və müşahidə edən sabiq silahdaşlarının ifrat baxış bucaqları çoxuna məlumdur.

Məsələn, Zərdüşt Əlizadə hesab edir ki, Elçibəy hakimiyyəti öz regionundan çıxanlara şüurlu şəkildə ötürüb və bu, 1988-ci ildən başlayaraq az qala onun fəaliyyətinin əsas məramı olub. Onu satqınlıqda günahlandıran Nemət Pənahovsa bir az da irəli gedir.

Untitled design (2).jpg
Əbülfəz Elçibəy və Heydər Əliyev

Bu, çox bəsit və tənqidə tab gətirməyən yanaşmadır.

Bəli, Elçibəy, həqiqətən də, Heydər Əliyev simasına məftun idi ki, bu da bütpərəstliyin bir formasıdır. Etiraf etdiyinə görə, Heydər Əliyev Siyasi Büronun üzvü seçiləndə onun 100-dən çox portretini paylayıb!

Və Elçibəy, gerçəkdən də, spikerin seçilməsi zamanı deputatlara fərdi təzyiq göstərməklə hakimiyyəti şüurlu şəkildə Heydər Əliyevə ötürüb. Halbuki “demokratik hökumət” onun iş metodunun sovet dönəmindən bəri dəyişmədiyini yaxşı bilirdi.

Artıq 1992-ci ilin payızında Naxçıvan XC-nin liderləri “Azadlıq” qəzeti vasitəsi ilə Heydər Əliyevi hakimiyyəti

qəsb etməkdə

, Xalq Cəbhəsini təqib etməkdə günahlandırdılar. Həmin Xalq Cəbhəsini ki, onu “hətta Moskvada qorumuş, Bakıda müdafiə etmiş və öz çiyinlərində (!!!) sədr vəzifəsinə yüksəltmişdi”.

Haqq qazandırmaq olarmı?

Bu faktlara baxmayaraq, hesab edirəm ki, Elçibəy öz qərarı ilə respublikanı xilas etdiyinə və Azərbaycanın Rusiyanın boyunduruğuna qayıtması faktını kənarlaşdırdığına sidq ürəkdən inanırdı.

Elçibəyin məntiq zənciri ilə düşünəsi olsaq, hətta ona haqq qazandıra və peyğəmbərliyi ilə qürur duya bilərik: tarixin mizanında silahdaşlarının karyerası və onun prezidentliyi, həqiqətən də, cüzi ödəniş kimi görünürdü.

Və budur, məşhur “zamana ehtiyacı var” memi Elçibəyin xoş niyyətinin pərdəsini qaldırır. O xoş niyyət ki, bizim cəhənnəmə gedən yolumuzu cızıb.

Dünyanı ağ-qara rənglərlə görən bu tarixi qərar kaş ki onun xəyalı ilə düz mütənasiblik təşkil edərdi!

Amma təəssüf ki, problemlərin kökü bu bünövrədə, Elçibəyin binar düşüncəsində, primitiv yanaşmasında və o dövrkü siyasi elitanın ən sadə taktiki addımları qeyri-adekvat qiymətləndirməsindədir. Və bütün bunlar son olaraq fəlakətə gətirib çıxardı.

Elçibəyin yaxın çevrəsi sonradan hansı mərkəzin onları məharətlə manipulyasiya etdiyini anlasa da, susmağa üstünlük verir, çünki bu faktı etiraf etmək biabırçılıqdır və cəsarət tələb edir.

Güman ki, onlar həm də xəcalət çəkirlər, xəcalətsə, Dekartın (Rene Dekart, fransız filosofu, riyaziyyatçı, mexanik, fizik və fizioloq – tərc.) yazdığı kimi, “məzəmmətdən qorxan, özünə sevgiyə əsaslanan kədər növüdür”.

Türk biznesi və Kələki. Kədərli Xronikalar

İyun günlərinin xronologiyasının tədqiqi göstərir ki, İkinci Prezidentin Bakını tərk etmək qərarı ani verilib və tamamilə plandan kənar olub.

Elçibəyin öncəki günlər və saatlarda etdikləri onun uzunmüddətli planlarından xəbər verir. Prezident öz müşavirinə, Cəmil Həsənliyə xalqa cağırış yazması göstərişini verir. O, bu çağırışla çıxış etməyi planlaşdırır və həmin çağırış masasının üzərindədir. Sonra aparatda iclas keçirir və… ildırım sürəti ilə Naxçıvana uçur?!

Elçibəyin hamının və əminəm ki, elə özünün də qəfil saydığı bu addımını anlamaq üçün gəlin kiçik bir taym-aut götürək və zamanda bir dəfə də yerdəyişmə edək. Beləcə, Sehrli saatın köməyi ilə 1993-cü ilin iyun gecəsindən 1984-cü ilin yeni il öncəsi dekabrına keçək.

Məhz 1984-cü ilin dekabrında Ankarada elə bir tarixi hadisə beş verdi ki, 9 ildən sonra Elçibəyi həmin an üçün köhnəlmiş, elə öz dünyagörüşü və ideologiyasının qurbanına çevirdi.

Untitled design (4).jpg
Əbülfəz Elçibəy Kələki kəndində (1 iyul 1997-ci il)

SSRİ Nazirlər Sovetinin sədri Nikolay Tixonovun Ankaraya səfəri az əvvəl bağlanmış sazişlərə yekun vurdu və türk biznesinin, müvafiq olaraq isteblişmentinin nəhayətsiz “bal ayı”nın yeni erasına cığır açdı. XX əsrdə az qala bir əsrlik dilənçi vəziyyətindən sonra türklər bir saatın içində yeni geosiyasi gerçəklikdə oyandılar və fürsətdən uğurla istifadə edərək, şimal ayısının yaxasından yapışmaq şansını qaçırmadılar.

Oxucunu uzun-uzadı yormayacam, amma bu çox mühüm tarixi suayrıcıdır. Biz onu anlamalıyıq ki, sonra da Kələki kəndinin hansı yolla siyasi xəritədə bütün dünyanın tanıdığı nöqtəyə və xalqın basdırılmış ümidlərinin başdaşına çevrildiyini dərk edək.

Sovet-türk münasibətlərində yeni era Türkiyə üçün son dərəcə əlverişsiz beynəlxalq konyunktura şəraitində başladı. Avropa Birliyi və ABŞ türk tekstilinə məhdudiyyətlər qoymuşdu, üstəlik avropalılar siyasi səbəblərdən maliyyə yarıdımından da imtina etmişdilər. Yunanıstanın Baş naziri Papandreunun Moskva ilə sonsuz flirti də Türkiyə üçün başağrısı idi.

1992_0503_Turkes02.jpg
Elçibəy Alparslan Türkeşlə Azadlıq meydanında. 3 may 1992-ci il

Bu şəraitdə Türkiyə heç vaxt olmadığı qədər böyük qonşu ilə yaxınlaşmağa ehtiyac duyurdu – həm öz ticarətinin diversifikasiyası üçün, həm də siyasi nöqteyi-nəzərdən.

Moskva Ankara üçün sehrli pəriyə çevrilirdi. Bu pəri mühüm müqavilələr vasitəsi ilə onun ucsuz-bucaqsız sovet bazarına yolunu açırdı. Onların ən mühümü isə qaz borusu tikintisinin 1987-ci ilədək bitməsi haqqında müqavilə idi. Türkiyə həmin müqaviləyə görə, 25 il ərzində Rusiyadan qaz almalı idi.

Rusların səxavəti sərhəd tanımırdı, belə ki, Türkiyə bu layihəyə investisiyasını, o cümlədən aldığı qazın haqqını pulla deyil (!!!), mal və xidmətlə ödəməli idi. Məlum qərardan şoka düşmüş Qərb onu sovetlərin Milad hədiyyəsi adlandırmışdı.

Əsası 1984-cü ildə qoyulmuş yaxınlaşma siyasəti nəticəsində Türkiyənin enerji təhlükəsizliyi günü bu gün Rusiyadan asılıdır, belə ki, Rusiya qazı ölkəyə qaz idxalının yarısını təşkil edir. Amma bu, artıq başqa söhbətin mövzusudur.

Oxucuya xatırlatmaq istəyirəm ki, 1984-cü ildə Sovet İttifaqının Baş nazirinin birinci müavini Heydər Əliyev idi. O, yəqin türklərə nəqliyyat sahəsinə nəzarətinə rəğmən, bu razılaşmalara lobbiçilik etdiyini eyham vurub. Hər bir halda türk isteblişmentinin Azərbaycanın Üçüncü Prezidentinə qarşı titrək münasibəti ən azından ondan xəbər verir ki, bu münasibətlərin əvvəli var.

Bir də ki, İstanbulda Elçibəyə deyil, Heydər Əliyevə abidə ucaldıblar, üstəlik prospektə onun adını veriblər.

SSRİ-nin süqutundan sonra isə türklər ucsuz-bucaqsız bazara cumdular. Türk biznesi ac canavar kimi Rusiyanın Müdafiə Nazirliyi ilə bağladığı müqavilələrin sayəsində öz ekspansiyasına başladı.

Türk şirkətlərinin ilk müqavilələrindən biri Şərqi Avropadan çıxarılan əsgərlər üçün tikintini nəzərdə tutan sovet layihəsində iştirak etmək idi.

Avropadan çıxarılmış sovet hərbi kontingenti üçün 1993-cü ildə 46 000 ev tikildi. Müqavilələrin, demək olar ki, yarısı türk şirkətlərinin əlində idi.

Türk biznesi Rusiyada özü üçün doğma ab-havaya düşdü. Burda işlərin aparılma “qaydaları” onun üçün sıradan idi. Bircə onu demək kifayətdir ki, 90-cı illərin ortalarında türk inşaat şirkətləri Rusiyada tikinti işlərinin 42%-nə nəzarət edirdi!

Və bu, türklərlə rusların uzun sevgi romanının hələ müqəddiməsi, türklərin növbəti 20 ildə çeynəmədən udacaqları piroqun qırıntıları idi.

İqtisadiyyat mədəniyyətə qarşı?

İstənilən birinci kurs tələbəsi bilir ki, tarixi amillər iqtisadiyyatla əlaqəlidir. Bu sadə formulda, sözsüz ki, kiçik sapdırmalar olur, belə ki, qeyri-maddi ideoloji amillər də nəzərə alınır. Amma əgər elita nəhəng iqtisadi qazanclarla mədəniyyət arasında seçim etməli olursa, cavab gün kimi aydındır.

Elçibəy 1992-ci ildə Rusiya əleyhinə ritorikaya varmaqla, bölünmüş millət haqqında ağılar deməklə, “Çinədək türk dünyası”, “Təbrizdən keçib Qarabağa getmək” şüarları səsləndirməklə türklərin yaxasından sallananda təkcə soyuq müharibə instrumentarisini hesaba almışdı. O, Türkiyənin inkişafının yeni vektorunu nə anlaya, nə də görə bilmişdi. Əvəzində türk elitası ruslar və farslarla nəhayətsiz bal ayının ciddi təhlükə ilə qarşı-qarşıya qaldığını hiss etmişdi. Bu təhlükə misli görünməmiş qazancın qarşısını ala bilərdi.

Hətta bu planlara hipotetik təhlükə belə siyasətçilərin ətrafında yemlənən gənc biznes çevrəsində dəhşət doğururdu. Bu çevrə artıq o çağacan Rusiya və postsovet məkanında onu hansı xoş perspektiv gözlədiyini və onun hələ uzun müddət Moskvadan siyasi asılı olacağını duymaya macal tapmışdı.

Zənnimcə, məhz həmin an cidd-cəhdlə rus dilini öyrənən türk elitası Puşkinin sətirləri ilə dünyaya hayqırdı: “Düşmənlərimlə özüm bacararam, Allah, məni dostlardan qoru”.

Xarici siyasi yanlış

Elçibəyin Rusiya əleyhinə ritorikası, o cümlədən İrana qarşı çıxışları hətta tarixi həqiqət mövqeyindən Türkiyədə hüsn-rəğbət doğura bilməzdi. O, bunu nə anlamaq, nə də həzm etmək iqtidarında deyildi.

Bizim romantik siyasətçilərimiz Türkiyənin Osmanlı İmperiyasının varisi olduğunu və onun Rusiya ilə İran imperiyasının varislərinin siyasətini sabiq müstəmləkədən (türkdilli olmasına rəğmən) daha çox anladığını və qəbul etdiyini unudublar. Türk isteblişmenti üçün azəri türkünün İran əleyhinə ritorikası İraq kürdünün türk əleyhinə ritorikası ilə eyni şkaladadır.

Elçibəyin əsasını qoyduğu xarici siyasi yanlış Türkiyə ilə qarşılıqlı münasibətdə real maraqların ideologiya ilə dəyişik salınmasıdır. Halbuki Türkiyə Azərbaycanla münasibətini həmişə dövlət praqmatizmi mövqeyindən qurub.

İmperiya şüurunun daşıyıcıları

Türklərlə ruslar bir-birini türklərlə azərbaycanlılardan qat-qat yaxşı anlayırlar.

Hər ikisi imperiya şüurunun daşıyıcıları olub, Osman və Rusiya imperiyalarının tarixi keçmişinə görə qürur duyurdu. Onların eyniliyi məhz bu kontekstdə qurulub. Onlar bizim kimi çiyinlərində müstəmləkə xalqlarının kompleksini və ağrısını daşımır, öz metropoliyasında həmişə hakim xalq olub.

Slavyan-bosniyalı, makedoniyalı bə ya alban türkə azəri türkündən daha yaxın və anlaşılandır. O birincilərlə osmanlı kimi formalaşıb, öz dövlətçiliyini yaradıb, Balkanların etnik və dini tərkibini yenidən formalaşdırıb. Bu dövlətlərə ümumi tarix və mədəniyyət şəklində onun kodu qoyulub. Yeniçərlər-balkanlar Osmanlı İmperiyasının əzəmətini yaradıb.

Türkdilli olmayan balkanlar-müsəlmanlar mentalitet baxımından da onlara postsovet məkanının türklərindən daha yaxındırlar. Belə ki, əcdadları bu unikal imperiyanın qurulmasında iştirak edən bu xalqlar birbaşa və bilavasitə onların şanlı tarixinin övladlarıdır.

Bizim tək olmadığımız hərəmxana

Azərbaycanlılara elə gəlir ki, türklərlə dildəki bənzərlik bizi qardaş və eyni millət edir. Halbuki osmanlı nəsli üçün başqa dəyərlər mövcuddur. Hərçənd bu essedə belə bir mürəkkəb mövzu ətrafında diskussiya açmaq qeyri-mümkündür. Yetər ki, oxucu bu hərəmxanada tək olmadığımızı və Böyük Soltanın öz yatağını təkcə bizimlə bölüşmədiyini anlasın.

Qardaşlıq öz yerində, amma, necə deyərlər, qarın qardaşdan irəlidir. Odur ki, türklər üçün Rusiyaya qarşı açıq-aşkar çıxan Elçibəy təhlükəli idi.

İti addımlarla Rusiya bazarına girən, Rusiyanın bütün regionlarında ən iri podrat işi alan türk biznesi öz hökumətindən bu istiqamətdə dəstək tələb edirdi.

Türkiyənin Elçibəyi dəstəkləməsi onun Rusiya əleyhinə ritorikasını dəstəkləməsi olardı.

Yeri gəlmişkən, Elçibəy üçün birinci zəng onda səsləndi ki, “qardaş” Dəmirəl onun xahişinə tüpürərək Rusiyanı bir daha qıcıqlandırmamaq üçün Kəlbəcər qaçqınlarını daşımağa mülki vertolyotlar göndərmədi.

İki həlledici məsələ. Süleyman qardaşın zəmanəti

1993-cü ilin iyununda baş verən olayın ictimaiyyətə və tarixə sırımağa çalışdıqları primitiv yozumunda o dövrkü siyasi elitanın heç vaxt aydınlaşdırmağa çalışmadığı iki həlledici məsələ var: Heydər Əliyevi respublikada ikinci vəzifəyə dəvət etmək təklifini ilk KİM irəli sürüb və Elçibəy KİMİN məsləhətini qeyd-şərtsiz dinləyərək (əslində elə dinlədi də), Bakını tərk etdi və bütün siyasətçilərlə qərb ölkələrinin səfirlərinin zəmanətini rədd edərək, Bakıya qayıtmağa qəti şəkildə razı olmadı.

Hadisələrin sonrakı gedişatı ilə bağlı ona hansı absurd ssenarinin təklif olunduğunu biz yalnız güman edə bilərik (əslində bu heç bir əhəmiyyət kəsb etmir).

Əminəm ki, Heydər Əliyevin respublikada ikinci vəzifəyə dəvəti Dəmirəlin “qardaş” məsləhəti ilə həyata keçirilib. Gerisi təfərrüat idi: Dəmirəl-Əliyev qardaş tandemi birgə cəhdlərlə Elçibəyi elə özünün fəal və könüllü iştirakı ilə hakimiyyətdən uzaqlaşdıdı.

Türkiyənin xüsusi xidməti Elçibəyə peşəkar və inandırıcı şəkildə tablo “çəkdilər”. Bu tablo türk dünyasının “ali maraqları”, ya da buna bənzər başqa bir cəfəngiyyat naminə onun doğma yurduna getməsini tələb edirdi.

ebulfez_elcibey_3.jpg
Əbülfəz Elçibəy və Süleyman Dəmirəl

Yeri gəlmişkən, Türkiyənin xüsusi xidməti Elçibəydən sionrakı dövrdə də çox fəal idi. O, 90-cı ilin ortalarınadək Heydər Əliyevə öz nəsiblərinə qatlanmayan, xüsusilə çılğın cəbhəçiləri üzə çıxarmağa yardım etdi. Sabiq xarici işlər naziri Tofiq Qasımova və keçmiş prezidentin komanda üzvlərindən hakimiyyət üçün təhlükəli olan digərlərinə qarşı Bakıda qalan türk vətəndaşlarının əli ilə provokasiya qurulurdu. Amma bu haqda, yaxşısı budur, provokasiyaya təhrik edilən siyasətçilərin özləri danışsınlar.

Heydər Əliyevin canlı yayında Elçibəyi Bakıya qayıtmağa çağırması qardaş Süleymanın 100 faizli zəmanətindən xəbər verirdi. “Brilyant əl”in qəhrəmanlarından birinin dediyi kimi, “müştəri yetişib” və situasiya nəzarət altındadır.

Heydər Əliyevin müstəsna yumor hissini nəzərə almış olsaq, yəqin ki, o, tribunadan Elçibəyə müraciət edərkən ürəyində “Arşın mal alan”ın qəhrəmanı Əsgərin ariyasını oxuyurdu:

“Halal olsun, Süleyman!

Sən nə kələkbazsan, şeytan!

Aldadıb məni yola saldın,

Mənə rast gəldi yarcan!”

Elçibəyin paranoyası. Binar düşüncənin yan təsiri

Elçibəy yaxın silahdaşlarına etibar etmirdi. Prezidentin çevrəsi onun yaxın saatlar üçün taleyüklü planlarından xəbərsizdirsə, əcəba, bu, Elçibəyin onlara etibarsızlığının, yoxsa xaricdən məharətlə qidalandırılan paranoyasının göstəricisidir?

Rusiyanın Elçibəyi kənarlaşdırması versiyası, – bu, sabiq prezidentin komandasının bəzi üzvləri üçün əlverişli rəvayət idi, – heç bir tənqidə sığmır və heç bir halda Moskvanın “Gəncə lotusu”nu “Bakı qoçusu”na qarşı çıxarması faktına zidd deyil. Kreml iri geosiyasi lövhədə bu fiqurlara belə, ya da təxminən belə baxırdı.

Rusiya heç vaxt siyasətçilərə arxalanmayıb, onun hədəfi ancaq geosiyasət olub. Əks-halda onlar Mütəllibovun prezidentliyinin sonunun başlanğıcı olan Xocalı qırğınını törətməzdilər. Halbuki Mütəllibov onların maraqlarının ideal bələdçisi rolunu oynaya bilərdi. Rusiyaya respublikanın təşəkkülü və iqtisadi yüksəlişinə mane olmaq üçün xaos, nifaq, Ermənistanla tammiqyaslı müharibə lazım idi. Heç bir lider, – istər rusiyapərəst, istərsə də qərbpərəst, – bu cür siyasətin bələdçisi rolunda çıxış etməyə razı olmazdı.

Odur ki, bir tərəfdən, Rusiya Baş Kəşfiyyat İdarəsinin əli ilə Mütəllibovu may provokasiyasına təhrik etməklə Moskva, digər tərəfdən, AXC-ni hakimiyyəti ələ keçirməsi üçün hərəkətə gətirirdi. Dövlət müşaviri Gennadi Burbulis, – təsir gücünə görə Yeltsindən sonra ikinci fiqur sayılırdı, – Tofiq Qasımovun başçılığı ilə AXC nümayəndə heyətini Moskvaya dəvət etməklə “demokratik” Rusiyanın “parçala və hökm et” imperiya siyasətini davam etdirəcəyini açıq-aşkar büruzə verdi.

O dövrkü siyasi elitanın iflasının səbəbi Elçibəyin Türkiyəyə paranoik münasibəti idi ki, bu da Azərbaycan xalqına baha başa gəldi. Onun iki rəngdən ibarət binar düşüncəsi istənilən ölkənin əlində rəhbər tutduğu çoxsaylı çalarları ayırd etmək iqtidarında olmayıb.

Türkiyənin iki fərqli elitası

Əsrin əvvəlində Bakını daşnak quldurlarından təmizləyən türk generalları və əsrin sonunda Bakıya kalkulyator prizmasından baxan türk siyasətçiləri iki fərqli Türkiyə və fərqli elitadır. Onların arasında heç bir mənəvi bağlılıq ola bilməzdi, hərçənd bu, Elçibəyin dərk edə biləcəyi bir həqiqət deyildi.

Hər türk elitası son yüz il ərzində öz taktik vəzifəsini həll edib, – bu da çox vaxt ölkələrin strateji maraqlarına zidd olub, – hazırkı türk elitası da eyni yolla gedir.

Türkiyə xarici siyasətinin Rusiya istiqamətində praqmatizmi hər zaman son dərəcə aydın yönə arxalanıb: türk əhalisi qırılan yerdə həmişə erməniləri yerləşdirirdilər ki, onlardan da imperiya ekspansionizminin aləti kimi istifadə edirdilər. Odur ki, türklər üçün azərbaycanlı qardaşlarının sağ qalması öz təhlükəsizliyi baxımından həyati əhəmiyyət kəsb edirdi. Hərçənd bu, Ənvər Paşa, ya da Nuri Paşanın təmənnasız fəaliyyətini zərrə qədər də əskiltmir.

Azəri türkləri həmişə Ankara üçün Rusiya imperiyası və SSRİ-nin türk torpaqlarını zəbt etməklə bağlı imperiya ambisiyalarına qarşı az da olsa bufer rolunu oynayıb. Məhz bu səbəbdən Ankara Osmanlı imperiyasının mirasından rahatlıqla əl çəkərək, 1921-ci ildə Naxçıvan məsələsinə nöqtə qoyan Qars müqaviləsinin bağlanmasında belə israrlı olub.

Müxtəlif praqmatizmlər və strateji məqsədlər

Ankaranın öz, Moskvanınsa öz praqmatizmi var. Fərq yalnız ondadır ki, Azərbaycanın parçalanması və məhv edilməsi ehtimalı Moskvanın praqmatizmindən fərqli olaraq, heç vaxt Ankaranın praqmatizminə daxil olmayıb. İkincisi, tarixi səbəblərdən təkcə Zəngəzur və Yerevanla kifayətlənib.

Bundan başqa, Ankara həmişə Azərbaycanın ərazi bütövlüyünün qarantı rolunda çıxış edib və edəcək də. Bu isə, şübhəsiz ki, sonda həmin bütövlüyün de-fakto bərpasına gətirib çıxaracaq. Bu mənada iki ölkənin tarixi taleləri şəksiz eynidir.

1920-ci ildə Türkiyə ADR-in müstəqilliyini dəstəkləmək iqtidarında olmadığı halda demokratik yolla seçilmiş prezidentin 1993-cü ildə kənarlaşdırılması və respublika formasının süqutuna görə praqmatik türk rəhbərliyi birbaşa məsuliyyət daşıyır.

Maraqlısı odur ki, düşmən çevrədə sağ qalmaq və ölkənin bütövlüyünü qorumaq üçün qardaş Türkiyə avtoritarizmdən imtina edib, demokratik seçkilər keçirib və qərb dünyasının de-yure hissəsinə çevrilib (“Biz seçkilər keçirsək, hakimiyyətdə monopoliyamızı, keçirməsək ölkəmizi itirəcəyik”, o dövrkü elitanın nümayəndəsinin tarixi sözləri).

Amma gənc Azərbaycan respublikası eyni çağırışlarla üzləşəndə türklərin “qardaş praqmatizmi” öz iqtisadi mənfəətini bizim strateji məqsədlərimizdən üstün tutdu.

Biznesə sərfəli olan siyasətçilərə sərfəlidir, bu aksiomadır. İqtisadi mənfəət prioritet olanda vətəndaşların əsas konstitusiya hüquqlarının pozulmasının mühakiməsi ikinci plana keçir.

Əcəba, son 25 ildə türk isteblişmenti Azərbaycandakı qardaşlarına görə neçə dəfə azacıq da olsa əndişələnib? Halbuki Misirdə Mursinin devrilməsinə və “qardaş müsəlmanların” təqib olunmasına qəzəblənməyi unutmayıb. Hətta adam qərb elçilərinin “əndişə” haqqında növbətçi cümlələri qarşısında utanır.

Amma bizim strateji məqsədlərimiz ən əsas şeydə üst-üstə düşür: güclü və demokratik Türkiyə dövlətinin mövcudluğu Azərbaycanın de-fakto ərazi bütövlüyünü bərpa etməsi üçün söykənə biləcəyi dayaqdır.

Elçibəyçilərin problemi onda idi ki, – onlar hakimiyəti ələ keçirdikləri ilk gündəncə bu aşkar idi, – yəni onlara elə gəlirdi ki, Türkiyə öz maraqlarını müttəfiqlərinin maraqlarına qurban verə bilər və verməlidir də. Halbuki tarixdə müttəfiq alyanslar yalnız bir halda baş tutub, o da həmin an bütün tərəflərin maraqları üst-üstə düşəndə. Yeni tarixdə dini və ya etnik yaxınlığa əsaslanan heç bir ittifaq uğurlu olmayıb.

Dünyagörüşündə çatışmazlıq və “ayıq sürücü”

Elçibəyin dünyagörüşündəki çatışmazlıq ideyanın şəxsiyyət üzərində üstünlüyündə, insan övladının ideya maraqlarına itaətində idi. Bu, istər vahid Azərbaycan, istər böyük Turan, istərsə də pantürkizm ideyasının xəyalı olsun. Açığı, bu, onu əks-ideoloji düşərgədəki sələfləri ilə paradoksal şəkildə doğmalaşdırırdı.

O, dövlət rolu anlayışında Avropa humanist ənənəsindən uzaq idi, Coysun (Ceyms Oqastin Aloyşes Coys, irland yazıçısı və şairi, modernizmin nümayəndəsi – tərc.) “Qoy İrlandiya mənim uğrumda ölsün” cümləsi yəqin ki anlaşılmaz qalıb. O, bir fərd kimi mövcud olmayıb. Bütün qərarlar yalançı qorxular üzərində qurulan hansısa dolaşıq sxemlərdən irəli gələrək qəbul olunub və sinizmlə bərabər prinsipsizlik nümayiş etdirib. Yeri gəlmişkən, sadalanan məziyyətlər 80-ci illərin kommunistlərində belə rast gəlinməsə də, bolşevik liderləri üçün də səciyyəvi olub.

Gənc Azərbaycan demokratiyasının biabırçı səhifəsi Azadlıq meydanında Azərbaycan prezidenti statusunda türk millətçiləri və Türkeşlə öpüşməsidir. Bu, guya avropapərəst prezidentin Avropa dəyərlərini inkar etməsi üzrə ən aşkar şou idi. Heç kəsə sirr deyil ki, üçüncü dünya ölkələrində milli təşkilatlar xüsusi xidmətlərin, bəzən də bir neçəsinin örtüyü altında fəaliyyət göstərir. Türkiyə millətçilərinin istisna olmadıqlarına əminəm. Yeri gəlmişkən, Ərdoğanın marionetinə çevrilmiş bugünkü türk millətçilərinin lideri həmçinin öz ideologiyasının demokratiya prinsiplərinə düşmənçiliyini nümayiş etdirir.

Qəribə etiraflar

Bütün bu illər ərzində o dövrkü elitanın nümayəndələrinin azsaylı, amma təmtəraqlı “etiraflarını” maraqla müşahidə etmişəm. Amma mənim üçün ən ağrılısı Elçibəyin məşhur çıxışını izləmək olub. O, həmin çıxışda öz hallüsinasiyalarını və qulağına “manaqua” pıçıldayan “səs” haqda danışıb. Sözsüz ki, məni ən çox heyrətləndirən yaxın silahdaşlarının xəcalət dolu susqunluğu olub. Halbuki Elçibəyin öz şəxsi və intellektual keyfiyyətləri hesabına öhdəsindən gələ bilməyəcəyi yükün altına girməsinə görə məhz onlar birbaşa məsuliyyət daşıyırlar.

Biz ekranda olduqca bədbəxt birisini görürük. Məlum müsahibənin təşkilatçıları onu qəsdən məsxərə obyektinə çevirib.

Mən İkinci Prezidentin sağlamlığı barədə mühakimə yürütmək fikrində deyiləm, hərçənd “Google” sayəsində əlamətlərlə səthi tanışlıq belə təsdiqləyir ki, səs hallüsinasiyaları səbəbindən asılı olmayaraq həmişə patologiyadır. Bu, ya psixozdur, ya şizofreniyadır, ya da bipolyar pozğunluq. Yaxud da bu, sürəkli depressiyanın nəticəsidir. Məlumatım olmadığından şəxsən mən belə düşünürəm ki, Elçibəy türk “qardaşları”nın onunla necə həyasızcasına davrandığını anlayanda sürəkli depressiyaya məruz qalıb. Bu, dünyanın dağılmasından da betərdir, bu, doğmanın ölümündən də betərdir, bu heç fiziki ağrı ilə də müqayisə edilə bilməz. Bu, Bernard Şounun (Corc Bernard Şou, böyük irland dramaturqu və romançısı, ədəbiyyat sahəsi üzrə Nobel laureatı – tərc.) dediyi kimi, mütaliə Don Kixotu cəngavərə çevirib, mütaliəyə inamsa dəliyə.

Elçibəylə amansızcasına davranan inamın dünya analogiyasında bənzəri yoxdur.

O, müsahibə verərkən hələ də ağır depressiyada idi. Və bu onu ələ salmaq üçün səbəb deyil, sadəcə Azərbaycan demokratik ictimaiyyətinin xəcalət çəkəcəyi faktır. O ictimaiyyət ki, bir dəfə də olsun həmin müsahibəni analiz etməyə və onun mənbəsini anlamağa çalışmayıb.

Məlum depressiya faktını qəbul etməklə, – bu isə gün kimi aydındır, – Elçibəyin ideallarının darmadağın olması gerçəyini dərk edərkən yaşadığı müsibətin dərinliyini anlaya bilərik. İbero-Amerika dünyası liderinin rolunu dəyişən İspaniya Aİ-na birləşəndə Qabriel Markes (Qabriel Xose de la Konkordia “Qabo” Qarsia Markes, kolumbiyalı yazıçı, jurnalist və siyasi xadim, ədəbiyyat üzrə Neyştad və Nobel laueratı, “magik realizm” ədəbi cərəyanının nümayəndəsi – tərc.) elə sarsılmışdı ki, öz duyğularını anası özgə kişinin evinə gecələməyə gedən uşağın müsibəti ilə müqayisə etmişdi. Zənnimcə, Elçibəy yaradıcı və emosional bir insan kimi, – “insani heç bir şey ona yad olmayıb”– eyni məşhərdən keçib və bundan belə bir daha özünə gələ bilməyib.

Təəssüf ki, Azərbaycanın ən yeni tarixində həddən artıq çox hadisə şəxsiləşdirilib, odur ki, şəxsiyyətin rolu müstəsna əhəmiyyət kəsb edib. Amma bütün bu müddət ərzində yəqin etmişik ki, şəxsiyyətin rolu heç də həmişə elə həmin şəxsiyyətin intellektual və mənəvi keyfiyyətləri ilə proporsional olmur.

Zaman maşınında o illərə hətta səthi ekskurs belə əsas nəticəyə gətirib çıxarır – öz həyatlarını müəyyənləşdirən insanlara hansısa milli qəhrəman lazım deyil. Yaşamaq məharəti hətta “dəli amili” də nəzərə alınmaqla, öz həyatına nəzarət etmək qabiliyyətinə sahib olmaqdadır.

Amma bu, əlbəttə ki, düzəldilməsi mümkün olmayan ziyan faktını dəyişməyəcək. Dəqiq qeyd olunduğu kimi, insanın iradəsizliyi onun öz taleyini eybəcər hala salır, hakimiyyətin iradəsizliyi isə bütöv bir xalqın.

Ana səhifəXəbərlər“Qardaş praqmatizmi” və ya Ankara niyə Elçibəyi kənarlaşdırdı