Qaradağlı sakinləri: Daha yolu bağlamaq da kara gəlmir

Kənd sakinləri susuzluqdan, yolsuzluqdan şikayətçidir

Source:


Kənd sakinləri susuzluqdan, yolsuzluqdan şikayətçidir

“Nə yolumuz var, nə suyumuz… Tez-tez yığışıb yolu bağlayırıq, ancaq hökumət qurumları artıq bunu da veclərinə almırlar. Allah ümidinə yaşayan adamlarıq”.

Ağdaşın Qaradağlı kənd sakinləri Meydan TV-yə sosial problemlərindən danışırlar. Onların sözlərinə görə, kəndin əsas problemi susuzluq və yolsuzluqdur. Kənd sakinləri iddia edirlər ki, dövlət layihələri yalnız Ağdaş şəhərində aparılır, kəndlərdə diqqət göstərilmir. Əziyyətsə kəndlərdə yaşayanlara düşür.

Pulları şəhərə tökürlər, kənd yada düşmür

Kənd sakini Zivər Aslanovanın arzusu kənddəki sosial problemlərin həllidir:

“Ağdaşa ayrılan pullarla elə şəhəri bəzəyirlər, quruculuq, abadlıq, su, yol işləri elə şəhərdə qaldı, gəlib kəndlərə çıxmadı. Təkcə bizim kənddə 300-dən çox ailə var. İllərdir ki, susuzluq, yolsuzluq axırımıza çıxır. Bu iki problem insanları çox geriyə salır. Məktəblilər qış aylarında yollarda çox əziyyət çəkirlər. Nə qədər dizə qədər palçıqda sürünmək olar? Biri ağrıyanda təcili yardım vaxtında yetişə bilmir”.

Sakinlər yolların təmiri üçün dəfələrlə yerli icra hakimiyyətinə, digər aidiyyəti qurumlara müraciət ediblər. Kənd sakini deyir, hər dəfə onları şirin vədlərlə yola salıblar:

“Deyirlər, səbrli olun, düzələcək. Özləri də yalan danışdıqlarını yaxşı bilirlər, ancaq yenə danışırlar. Yolu da bağlayırıq, xeyri yoxdur, məmurların vecinə də deyil”.

Heyvanları daşıdığımız su ilə suvarırıq


Kənd sakinləri ilin bütün fəsillərində suyu bir neçə kilometr kənardan daşıyır. Bu kənddə susuzluq üzündən insanlar əkin mövsümlərində əkinlə məşğul ola bilmirlər. Nailə Bağırova:

“İşsizlik baş alıb gedir, bir az torpağımız var, suyumuz yoxdur deyə, əkib məhsul götürə bilmirik. Yayda torpaqlarımız susuzluqdan cadar-cadar olur. Nə içməli, nə də təsərrüfat üçün su var. Malı-heyvanı vedrəylə daşıdığımız suyla suvarırıq”.

Yolu bağladıq, veclərinə də olmadı


Kəndlilər ən son bu il yanvarın 24-də toplaşıb Bakı-Şamaxı-Yevlax yolunun Qaradağlı kəndindən keçən hissəsini bağlayıblar. Ancaq özləri də təəccüb qalıblar ki, bu dəfə onların yol bağlama aksiyasına heç bir qurum reaksiya verməyib:

“Əvvəllər heç olmasa yol bağlananda narahat olurdular, gəlib vətəndaşın dərdini dinləyirdilər, vətəndaşı dilə tuturdular, heç olmasa, tələbini qismən yerinə yetirirdilər. İndi veclərinə də deyil. Özümüz yolu bağladıq, özümüz də açdıq… Yəni ki, vətəndaş, mən səni saymıram, istəyirsən, lap yolun ortasına – yük maşınlarının altına uzan…”

Yol çəkilir, qaz çəkilir, işlər gedir


Ağdaş Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonda iki istiqamət üzrə, ümumilikdə, 17 kəndi birləşdirən və 60 kilometr uzunluğu olan müasir avtomobil yolları inşa edilir. Kəndlərin qazlaşdırılması, su təchizatının yaxşılaşdırılması işləri davam edir. Bu işlər növbəli şəkildə görülür. Qaradağlı kəndinə gəlincə, həmin kənddə əhalinin su problemi yoxdur. Yolların təmiri diqqətdədir.

Son 10 ildə Ağdaş şəhərində su təchizatı və kanalizasiya investisiya proqramı çərçivəsində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə irimiqyaslı işlər görülüb. Yenidənqurma, abadlıq işləri aparılıb. Ancaq sakinlərin də dediyi kimi, kəndlərə tərəf üz tutanda bütün yeniliklər geridə , Ağdaşın mərkəzində qalmış olur.

Qaradağlı kəndində 300-ə yaxın ailə yaşayır. Kənddə işsizlik problemi də mövcuddur.

Ana səhifəBölgəQaradağlı sakinləri: Daha yolu bağlamaq da kara gəlmir