Qaradağ icra hakimiyyətində əməliyyat: bir neçə vəzifəli şəxs barəsində cinayət işi açılıb

İllüstrasiya: Meydan TV

Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs barəsində cinayət işi başlanıb. 

Məlumatı Baş Prokurorluq açıqlayıb.

Əməliyyat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılıb. 

Məlumatda bildirilir ki, ilkin istintaq zamanı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, aparatın Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və həmçinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə rəis müavini Zülfüqar Mansurovun fəaliyyətində qanun pozuntularına əsaslı şübhələr müəyyən olunub.

İstintaq materiallarına əsasən, adları qeyd olunan şəxslərin Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələrinin ilkin rəsmiləşdirilməsi və mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı ayrı-ayrı şəxslərdən rüşvət aldıqları ehtimal olunur.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.

Məhkəmənin qərarı ilə Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurov barəsində həbs qətimkan tədbiri, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qərarı seçilib.

Noyabrın 2-də yerli saytlar yazıblar ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ rayon İcra Hakimiyyətində əməliyyat keçirib.  

Qaradağ rayon icra başçısının müavini Nadir Muradov və daha bir neçə şəxs saxlanıb, Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə həbs olunublar.

Oktyabrın 30-da Prezident İlham Əliyevin sərəncamı ilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev vəzifəsindən azad edilib. Sərəncamda vəzifədən azadetmənin səbəbi göstərilməyib. Oktyabrın 31-də isə Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri ilə ittihamları ilə 4 ay müddətinə həbs olunub.

Ana səhifəSiyasətQaradağ icra hakimiyyətində əməliyyat: bir neçə vəzifəli şəxs barəsində cinayət işi açılıb