Mübariz Qurbanlı: “Bu hadisənin kökündə hansı xəttin olması diqqətlə araşdırılıb öyrəniləcək”
Noyabrın 26-da gecə saat 4 radələrində Qaraçuxur məscidi yanıb. Məscidin hansı səbəbdən yanması haqda hər hansı rəsmi informasiya yoxdur.
Fəaliyyəti dayandırılan “Əbu Bəkr” məscidinin rəhbəri Qamət Süleymanov yanmış məscidin imamına istinadən məscidin yandırıldğını deyib.
“Qarçuxurda gərginlik var idi, iki məzhəb arasında gərginlik yaşanırdı, əhli-sünnə tərəfdarları artırdı, bu da gərginliyə səbəb olurdu”, – deyə Q.Süleymanov bildirib. O qeyd edib ki, təhlükəsizlik kamerlarına baxılsa, bu işi kimlərin törətdiyini üzə çıxarmaq mümkün olar.
Q.Süleymanov bildirib ki, kimlərsə məscidin şüşələrini sındıraraq içəriyə yandırıcı maddələr atıb, bina alovlanıb, yanğınsöndürənlərin köməyilə yanğının qarşısı alınıb.
Amma Q.Süleymanov yanğına səbəb kimi tərəflərin bir-birinə münasibətini göstərib. “Haqqında danışdığım dini əsaslı gərginliyi aradan qaldırmaq üçün məscidləri ayırmaq lazımdır, tərəflər bir yerdə namaz qıla bilməzlər”, – Q.Süleymanov belə deyib.
O, bu gərginliyin səbəbinin minilliklərə dayandığını və bunun sirr olmadığını söyləyib. Onun fikrincə, tərəflər bir yerdə namaz qılanda danışıqları, münasibətlərilə bir-birində qıcıq yaradırlar. Q.Süleymanov Qaraçuxurda əhli-sünnə üçün məscidin tikilmədiyi halda namaz qılmaq üçün Bakının mərkəzində İlahiyyat məscidinə axışacaqlarını proqnozlaşdırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məscidə hücum olması, yandırılması haqda yayılan xəbərləri yalan və əsassız adlandırıb.
O bildirib ki, məscidin gözətçisi gecə 32 saylı polis bölməsinə müraciət edərək 2 nəfər tanımadığı şəxsin məscidin girişinə salınmış xalçaya od vurub qaçdığını bildirib. Onun kiçik bir hissəsi yanıb ki, bunu da də gözətçi özü söndürüb. 32 saylı polis bölməsinin əməkdaşları gözətçinin müraciətini araşdırırlar.