Qarabağdan 11 nəfər Ermənistana köçürülüb

Foto: ZUMA Press Wire via Reuters Connect

Qarabağdan 11 nəfər Ermənistana köçürülüb.

Bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan məlumat verib.

“Hazırda Azərbaycanda (Qarabağda) yaşayan 10 erməni və bir etnik rus Ermənistana köçürülmək üçün Azərbaycanın və Ermənistanın müvafiq orqanlarına müraciət edib. Müraciətlər əsasında adıçəkilən şəxslər Ermənistana köçürülüb”, – Torosyan “Facebook” hesabında yazıb.

Bu il yanvarın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın 4 nəfər erməni məhbus Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verdiyini bildirmişdi. Bu şəxslərə qanunsuz silah saxlama, casusluq, digər ittihamlar irəli sürülüb. Onlar ittihamları qəbul etməyiblər.

Azərbaycanla Ermənistan arasında 30 ildən çox Qarabağ münaqişəsi ilə bağlı gərginlik və müəyyən illərdə hərbi toqquşmalar olub. 2023-cü ildə Azərbaycan tam ərazi bütövlüyünü bərpa etsə də, iki ölkə arasında sülh danışıqları uzun illər nəticəsiz qalıb. Nəhayət, ötən il avqustun 8-də tərəflər ABŞ-nin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar. ABŞ Prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.

Ana səhifəSiyasətQarabağdan 11 nəfər Ermənistana köçürülüb