“Moskva razı olmaz ki, başqa ölkə Ermənistana girsin”
Oktyabrın 6-da Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin Yerevana səfər edəcəyi bildirilir.
Məlumata görə, onlar sülhməramlı kontingentin Qarabağdan çıxarılmasının konkret vaxtını müzakirə edəcəklər.
Xəbəri Rusiyanın rəsmi SİTA agentliyi diplomatik mənbəyə istinadən yayıb.
Yerevan məlumatsız olduğunu deyir
Rəsmi Yerevan Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin səfəri barədə məlumatsız olduğunu açıqlayıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib ki, onlarda bu barədə hər hansı bir məlumat yoxdur.
Putinin Valdaydan ötürdüyü mesajlar
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 5-də Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib ki, Qarabağın Azərbaycan ərazisi kimi statusunun müəyyən edilməsi ilə sülhməramlıların da statusu dəyişdi.
O, sülhməramlılarının hüquqi statusunun 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanata əsaslandığını vurğulayıb:
“İndi niyə belə olduğunu deməyəcəyəm. Azərbaycan hesab edirdi ki, buna gərək yoxdur. Ona görə də, bunu Azərbaycansız imzalamaq mənasız idi. Ona görə də sülhməramlıların bütün statusu istisnasız olaraq 2020-ci il bəyanatına əsaslanırdı. Sülhməramlıların hüquqları isə ancaq atəşkəs rejimini müşahidə etmək və riayət etməkdən ibarət idi. Orada sülhməramlılarımızın başqa heç bir hüququ yox idi. Ancaq atəşkəs rejiminə riayət etmək və müşahidə etmək, bu qədər”.
Rusiya lideri məsuliyyəti Yerevanın üzərinə atır…
Rusiya lideri deyib ki, 2022-ci ilin payızında imzalanan bəyanatda Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi hətta Azərbaycan ərazisini kvadrat kilometrlərlə qeyd edib ki, Qarabağ da məhz ora daxildir:
“Onlar Azərbaycanın Azərbaycan SSR-in ərazisi çərçivəsində suverenliyini tanıyırlar. Azərbaycan SSR-in tərkibinə Qarabağ da daxil idi. Faktiki olaraq başlıca, tamamilə əsas məsələ həll olunmuşdu, hansı ki bura Qarabağın statusu da daxil idi. Qarabağ öz müstəqilliyini elan edən zaman, heç kəs onun müstəqilliyini tanımamışdı, hətta Ermənistan da…”.
Putin qeyd edib ki, indiyə qədər Ermənistan özü də Qarabağın müstəqilliyini tanımayıb:
“Düzünü desəm, bu mənə qəribə gəlir. Lakin qərar belə olmuşdu, onlar Qarabağın müstəqilliyini tanımamışdılar. Lakin Praqada onlar tanıdılar ki, Qarabağ Azərbaycana məxsusdur. Sonra isə 2023-cü ilin əvvəlində Brüsseldə analoji görüşdə bunu təkrar bəyan etdilər. Bizə bu barədə heç kim deməmişdi. Mən şəxsən bunu mətbuatdan öyrəndim. Azərbaycan hər zaman Qarabağı öz ərazisi hesab edib. Lakin Ermənistan Qarabağın Azərbaycan ərazisi kimi statusunu müəyyən edib”.
Əliyev Putinə nə deyib?
Rusiya Prezidenti İlham Əliyevin də bu məsələni ona xatırlatdığını deyib:
“Bundan sonra Azərbaycan prezidenti görüşlərin birində mənə dedi ki, görürsüz hamı qəbul edib ki, Qarabağ bizimdir. Sizin sülhməramlılarınız bizim ərazimizdədir”.
“Bilirsiniz, Qarabağın Azərbaycan ərazisi kimi statusu müəyyən ediləndən sonra sülhməramlılarımızın statusu keyfiyyətdə dəyişikliyə uğradı. Azərbaycan Prezidenti dedi ki, sizin sülhməramlılar bizim ərazimizdədir və gəlin onların statusu ilə bağlı ikitərəfli əsasda danışaq. Ermənistan Baş naziri Paşinyan da bunu təsdiq etdi ki, bəli, siz indi ikitərəfli əsasda razılaşmalısınız”.
Sülhməramlılar Azərbaycan ərazisində yerləşirsə, onların taleyi Yerevanla niyə müzakirə olunur?
Hərbi ekspert Ədalət Verdiyev deyir ki, Ermənistan-Rusiya münasibətləri nə qədər pozulsa da, hər iki dövlət arasında strateji əməkdaşlıq sazişi var:
“Ermənistan rahat şəkildə nə KTMT-dən, nə də Rusiyanın təsirindən qurtula bilər. Ən azından Ermənistan ərazisində Rusiya hərbi bazası var, onlar bu gün təlim keçirirlər. Hər bir halda bu görüş Rusiya sülhməramlıları kontingentinin müddətdən əvvəl çıxarılması ilə bağlı keçirilə bilər”.
“Görüşün necə bitməsindən asılı olmayaraq Qarabağda olan sülhməramlı kontingent artıq Əsgəran, Ağdərə və Şuşa rayonlarında ləğv olunub. Sülhməramlıların yalnız Xankəndi, Xocalı, Xocavəndin Çartar və Laçın sərhədi istiqamətində formal fəaliyyətləri qalıb. Çünki silahların təhvili prosesi başa çatdığından atəş səsləri də eşidilmir. Güman ki, bu görüş çıxarılan rus kontingentinin Ermənistanda yerləşdirilməsi ilə bağlı ola bilər, Gümrüdə Rusiyanın 102-ci hərbi bazası var”, – deyə ekspert bildirib.
Ə.Verdiyev hesab edir ki, Rusiyanın Ukraynada böyük sayda hərbi heyətə ehtiyacı olsa da, Qarabağdakı kontingenti ora aparmaq istəmir:
“Yəqin ki, bu heyəti də Gümrüyə aparmaq üçün Yerevanla danışıqlara gedirlər”.
“Qarabağdan çıxarılan sülhməramlılar Ermənistana aparıla bilər”
Hərbi ekspert Cəsur Məmmədov isə Meydan TV-yə deyib ki, 2020-ci ilin bəyannaməsində 3 ölkənin rəhbərinin imzası var. Ona görə də sülhməramlıların fəaliyyəti bitəndə həmin ölkələrin də razılıqları olmalıdır:
“Ona görə Rusiyanı nümayəndə heyətinin Yerevana səfərində hər hansı problem görmürəm. Amma bir məsələ var ki, Qarabağdan çıxarılan sülhməramlılar Ermənistana, Azərbaycanla sərhədə ezam oluna bilərlər. Bəlkə, bu məsələ müzakirə ediləcək. Şübhəsiz ki, bu, Ermənistanın narazlığına səbəb olacaq. Rusiyanın bu addımın əsasında Ermənistanda Fransa hərbi bazasının yaradılması haqda yayılan məlumatlar dayanır”.
“Əminəm ki, Rusiya Ermənistanı asanlıqla əldən verməyəcək. Ən azı 2044-cü ilə qədər Ermənistanda Rusiyanın hərbi iştirakı barədə razılıq var, 102-ci hərbi bazanı nəzərdə tuturam. Bu mənada Moskva razı olmaz ki, başqa ölkə Ermənistana girsin”, – Cəsur Məmmədov bildirib.
“Bəli, Putin dünən Valdayda elə bir açıqlama verdi, amma 2020-ci il bəyannaməsinin öz qaydası var, üç dövlət rəhbərinin mövqeyi olmalıdır. Qaydalara görə, tərəflərdən biri etiraz etmirsə, 6 aydan tez məsələ müzakirə predmetinə çevrilir və vaxt artırılır. Azərbaycanla isə yeni situasiya müzakirə olunacaq. Putinin dediklərinə əsasən hansısa suallar yarana bilər, lakin Rusiya öz kontingentini Ermənistana aparmaq üçün Yerevanla müzakirə etmək istəyir. Hələlik açıq məlumat vermirlər. Amma SİTA kimi rəsmi agentlik belə xəbər yayırsa, deməli, məsələnin görünməyən tərəfi Azərbaycandan çıxarılan sülhməramlıların Ermənistana aparılmasıdır”.
Qarabağda son əməliyyatlar
Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb. Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içərisində 14 nəfər həyatını itirib. Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub. Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.
Sentyabrın 19-da Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlayıb. Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.
Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.
Sonuncu hərbi əməliyyat zamanı Azərbaycan 200-dən çox hərbçisini itirib.
II Qarabağ münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.
Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edirdi.