Qarabağda yeni reallıq. Gürcüstanda nə dəyişdi?

Yeni reallıq Gürcüstan üçün nəyi dəyişdi? JAMnews gürcü analitiklərinin fikrini dinləyib

Source: Reuters



Material





JAMnews





saytında dərc olunub

Noyabrın 10-na keçən gecə Rusiya və Azərbaycan prezidentləri və Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında razılaşmaya qol çəkdi. Razılaşmaya əsasən, Dağlıq Qarabağ ərazisinin bir hissəsi, o cümlədən əvvəllər Ermənistanın nəzarətində olan sərhəd rayonlar Azərbaycana veriləcək.

Bundan başqa, Rusiya Qarabağa sülhməramlılar yerləşdirən yeganə güc olacaq. Yeni reallıq Gürcüstan üçün nəyi dəyişdi? JAMnews gürcü analitiklərinin fikrini dinləyib.


Tornike Şaraşenidze, beynəlxalq əlaqələr doktoru, GİPA-nın professoru:

Qarabağda nə baş verdi və bölgə necə dəyişdi?


“Mən hər şeyin bu qədər uzağa gedəcəyini gözləmirdim”

Rusiyanın Ermənistanı təchiz edəcəyini düşünürdüm, amma, görünür, dronlar hər şeyi dəyişdi. Azərbaycan Ermənistanın çoxlu sayda texnikasını məhv etdi. Dronlar hərbi sahədə inqilab baş verdiyini göstərdi. Odur ki, zənnimcə, bütün bunlar Rusiya üçün haradasa gözlənilməz idi.

İndi ən əsası – Ermənistanda nə baş verəcək və Baş nazir kürsüsündə sayılı günlərinin qaldığı aşkar olan Paşinyanın yerinə kim gələcək? Hakimiyyətə Moskvaya yönlənmiş köhnə klan gələcəkmi, yoxsa daha çox Qərbə meyllənmiş hökumət olacaq? Hərçənd bu qərbyönlü hökumət haradan tapılacaq ki? Lider peyda olmalıdırmı? Biri peyda oldu və hər kəs bunun axırının necə bitdiyini gördü. Deməli, Paşinyandan sonra heç kəs bu cür lider tipinə iddia etməyə cürət etməyəcək. Bu ölkə hazırda şok vəziyətindədir.

Eyni sözləri Azərbaycan haqqında söyləmək olmaz. Bu gün Azərbaycan həmişə olduğundan qat-qat güclüdür və bu, bölgədə çox şeyi dəyişir.

Hə, Azərbaycan bizim partnyorumuzdur, lakin biri var bizə bərabər yaxın partnyor, biri də var bütün münasibətlərdə bizdən qat-qat güclü olan yaxın partnyor. Gürcüstan bu reallığı nəzərə almalıdır.

O ki qaldı Türkiyə ilə Rusiyaya, görünür, onlar bu mərhələdə hansısa razılaşmaya gəlib. Rusiya Türkiyənin nüfuz zonası sayılan Suriyadakı vəziyyətə müdaxilə etdi, əvəzində Rusiya Türkiyəyə hansısa səviyyədə Qafqazdakı vəziyyətə müdaxilə etməyə imkan yaratdı.


Gürcüstan üçün nə dəyişir?

Gürcüstan, şübhəsiz ki, ən pis ssenaridən qaça bildi – bu vəziyyəti izləyən hər kəs qorxurdu ki, münaqişənin eskalasiyası baş verdiyi təqdirdə Rusiya qoşunların keçməsi üçün Gürcüstandan dəhliz tələb edəcək. Bu, baş vermədi və bizim üçün yaxşıdır.

Gürcüstan bu razılaşmanın bölgədə sülhə gətirib çıxarmasında maraqlıdır. Bu, bizim üçün iqtisadi nöqteyi-nəzərdən mühümdür – heç olmasa ona görə ki, biz tranzitdən asılıyıq. Mən Gürcüstanın tranzit potensialına təhlükə yaranması fikri ilə razı deyiləm. Əksinə, zənnimcə, o, əlavə olaraq gücləndiriləcək.

İndi Azərbaycanın öz layihələrini reallaşdırmaq üçün daha çox şansı var. Məsələn, Transxəzər layihəsi, yəni Xəzər dənizi vasitəsi ilə Türkmənistandan qaz kəmərinin çəkilməsi. Bu qaz kəməri Şahdəniz qaz kəmərini daha çox yükləyəcək və çoxlu miqdarda qazın nəqli sayəsində funksiyamızı gücləndirəcək. Beləliklə, biz Şahdənizin tamamilə yükləndiyi ana gəlib çata bilərik, o zaman bizdə qaz, ümumiyyətlə, pulsuz olacaq.

O ki qaldı Rusiyanın Qafqazda olmasına, bu, artıq baş vermiş faktdır. Kremlin bölgədə artıq təsir rıçaqları var idi – onun burada, o cümlədən bizdə, Tbilisidən 40 km aralıda hərbi bazaları var. Odur ki, zənnimcə, Rusiya Qarabağda hərbi kontingent yerləşdirməklə daha çox güclü olmur.

Bir fakt daha diqqətəlayiqdir ki, Qarabağ bölgədə elə bir vəziyyət yaratdı ki, onun sayəsində müharibə nəticəsində itirilmiş ərazilər geriyə elə müharibə ilə də qaytarıla bilər. Bu vəziyyət Suxumi və Sxinvalini (Abxaziya və Cənubi Osetiya) xüsusilə narahat etməlidir.


Paata Zakareişvili, konfliktoloq:



Qarabağda nə baş verdi və bölgə necə dəyişdi?

Azərbaycan Şuşanı almaqla praktiki olaraq Rusiyanı fakt qarşısında qoydu. Rusiya isə faktiki olaraq öz müttəfiqini fakt qarşısında qoydu və onu sülh razılaşmasına imza atmağa məcbur etdi. Ermənistan bilavasitə həm Qarabağ ərazisini, həm də ona birləşmiş rayonları güzəştə getmək məcburiyyətində idi.

Sözsüz ki, Azərbaycanın arxasında Türkiyə dayanıb və türk faktoru Rusiyanı praktiki olaraq Ermənistanı atmağa məcbur edib. Demək olar ki, Qarabağ münaqişəsi prinsipial və tamamilə olmasa da, əhəmiyyətli dərəcədə çözülüb. Azərbaycan etnik təmizləmələrin qarşısını almağı bacarmalı və erməni əhalisini qaytarmalıdır. Şübhəsiz ki, hamı qayıtmayacaq, amma bunun üçün maksimum şərait yaradılmalı və beynəlxalq ictimaiyyətin yardımı lazımdır.

Rusiya nə əldə etdi? Onun yeganə sülhməramlı kontingenti olacaq və o, qoşunlarını Laçın dərəsində yerlşdirəcək. Beləliklə, Rusiyanın qoşunları Qafqazın bütün münaqişə zonalarında dislokasiya olunur. Əlbəttə ki, bu, xoşagəlməz faktdır, lakin, zənnimcə, burada xüsusi heç nə baş verməyib. İndi ən əsası, Ermənistanın özünü necə aparmasıdır – o, istənilən halda heç etibarlı müttəfiqi olmayan Rusiyaya arxalanacaq, yoxsa Qərbə baxmağa başlayacaq və Rusiya ilə məsafə saxlayacaq? Məsələ burasındadır ki, hazırda bu yeni reallıqdır və indi Ermənistanın Rusiya vasitəsi ilə deyil, Qərblə, NATO ilə birbaşa danışması üçün unikal şansı var. Düzünə qalsa, Ermənistanın buna müvəffəq olacağına şübhə edirəm. Düşünürəm ki, Rusiya əvvəlki kimi Qafqazda öz kölgəsini qoruyub saxlayacaq, hərçən indi artıq Türkiyənin kölgəsində. Gürcüstan üçün nə dəyişir?

Baş verənlər geosiyasi konteksti dəyişir və aydındır ki, bu dəyişiklik Gürcüstana da təsir edəcək. İndi Gütcüstanda iki siyasi qüvvə özünü göstərəcək – itirdiklərimizi yalnız müharibə yolu ilə qaytaracağımızı və danışıqların heç bir mənasının olmadığını təsdiqləyən militarist və ikinci – Rusiya ilə münasibətlərin yaxşılaşması yönündə çıxış edən rusyönlü qüvvə, belə ki bu ölkə olmadan biz də, Ermənistan da ərazilərimizi itirmişik.

Eyni zamanda mənim də məxsus olduğum qüvvələrin təsiri zəifləyəcək – o qüvvələrin ki, abxazlarla və osetinlərlə danışıqların vəziyyəti çözə biləcəyini hesab edir. Lakin hər şey hakimiyyətimizin nə qədər qərbyönlü çıxış edəcəyindən asılı olacaq. İndi bizim Türkiyə ilə işləmək kimi unikal bir şansımız var.

Türkiyə aşkar şəkildə Qafqaza gəlmək istəyir. O, bunu Azərbaycan vasitəsilə etdi və həmçinin bizim köməyimizlə də etməlidir. Biz Türkiyəni öz müttəfiqimiz etməli və bununla da Rusiya amilini neytrallaşdırmalıyıq. Biz Türkiyənin köməyi ilə NATO-ya daxil olmalıyıq. Biz həmçinin hazırda mürəkkəb vəziyyətdə olan Ermənistanla danışmalı və Ermənistanla Avropa arasında vasitəçi kimi çıxış etməliyik. Ermənistanı Rusiya ilə heç bir perspektivi olmadığına inandırmalıyıq. Lakin, zənnimcə, biz yenə də buna qabil deyilik.


Giorgi Kanaşvili, konfliktoloq



Qarabağda nə baş verdi və bölgə necə dəyişdi?

Vaxtında kompromisə nail ola bilməmək çox vaxt daha baha başa gəlir. Ermənistan bu sülh razılaşması ilə qat-qat pis vəziyyətə düşdü. Halbuki daha əvvəl müzakirə olunmuş Madrid prinsiplərini qəbul etsəydi, vəziyyəti bundan yaxşı olardı. Həmin prinsiplərdə əvvəlcə beş rayonun, sonra Qarabağ ətrafındakı növbəti iki rayonun qaytarılması və Qarabağ statusunun müzakirəsi nəzərdə tutulurdu.

Azərbaycanın atdığı addımlar və hazırkı nəticə göstərir ki, bütün bunlar Moskva ilə İstanbul arasında razılaşdırlıb. Bu, Rusiya üçün status-kvonu yaxşılaşdırıb – tərəflər Rusiya hərbi kontingentini yerləşdirmək barədə razılığa gəlib və orada Rusiyanın hərbi bazası olacaq.

Yeri gəlmişkən, Rusiyanın sülhməramlı briqadası Ermənistana onların orada yerləşdirilməsi barədə xəbər yayılmazdan az əvvəl göndərilmişdi. Nəticədə bölgədə biz münaqişədən əvvəldən daha çox rusiyalı hərbçi ilə üz-üzə qaldıq.



Gürcüstan üçün nə dəyişir?

Bölgədə nə qədər çox Rusiya qoşunu varsa, bizim də bir o qədər çox problemimiz var. Bu dinamika göstərir ki, bölgədə qüvvələrin tarazlığı bizim maraqlarımıza uyğun deyil. Eyni zamanda Rusiyanın təsir rıçaqı hə Azərbaycanda, həm də Ermənistanda güclənib. Rusiya hamıya göstərdi ki, Qafqazda həlledici nüfuza malikdir.

Bəli, söhbət gəzir ki, bu münaqişə zonasına Türkiyə ordusunun bəzi hissələri daxil ola bilər, ən azından bu haqda Əliyev söyləyib, lakin hələ ki bununla bağlı razılaşma yoxdur.

Ümumiyyətlə, Rusiya həm hərbi, həm də siyasi münasibətdə öz mövqelərini möhkəmləndirib. Hazırda Ermənistandan Paşinyana qarşı daha xoç Qərbə meyllənmiş çevriliş baş verir.

Ana səhifəSiyasətQarabağda yeni reallıq. Gürcüstanda nə dəyişdi?