Qarabağda mürəkkəblik, yanlış hesablamalar riski artmaqdadır

Dünya mediası yenə Qarabağdakı savaşdan yazır

Source: Meydan Tv


Dünya mediası yenə Qarabağdakı savaşdan yazır

“Dağlıq Qarabağda savaş altıncı gününə girərkən Ermənistan davam edən beynəlxalq çağırışlardan sonra separatçı anklav uğrunda gedən döyüşlərdə ölənlərin sayının artması səbəbindən atəşkəsin yenilənməsinə razılıq verib”.

“Reuters” xəbər verir ki, Azərbaycan cümə axşamı münaqişənin həlli üçün nəzərdə tutulmuş ATƏT-in Minsk qrupu üzvlərinin – Fransa, ABŞ və Rusiyanın – çağırışlarına məhəl qoymasa da, Ermənistan qurumla əməkdaşlığı qəbul edib.

Gecəboyu davam edən döyüşlər hər iki tərəfdən 30,000 nəfərin ölümü ilə nəticələnən 1990-cı illərin müharibəsindən sonra ilk dəfə bu qədər intensivləşərək, dünya bazarına neft və qaz nəqlində önəmli yer alan Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələlərini önə çıxarıb.

Rusiya, Fransa və ABŞ-ın birgə bəyanatını alqışlayan Ermənistan Xarici İşlər Nazirliyi ölkəsinin “münaqişənin sülh yolu ilə həll edilməsinə sadiq olduğunu” deyib.

“Rusiya, Fransa və ABŞ-ın rəhbərliyi altında illərdir davam edən danışıqlar münaqişənin və vaxtaşırı eskalasiyanın qarşısını ala bilməyib”,- “Guardian” cümə axşamı yayınlan redaksiya məqaləsində vurğulayıb və tərəflərin getdikcə ağırlaşan retorikasına diqqət çəkib.

“Bu dəfə əsas fərq ondan ibarətdir ki, əvvəllər sülh yolu ilə münaqişənin həll edilməsini tələb edən Türkiyə indi birbaşa dəstəyi ilə Azərbaycanın arxasındadır”, – “Guardian” bildirib.

“Münaqişənin həlli üçün işğalçılar bu torpaqlardan çəkilməlidirlər”,- Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan cümə axşamı Türkiyə parlamentinə müraciətində bir daha vurğulayıb və Ermənistan silahlı qüvvələrini Dağlıq Qarabağdan çıxarana qədər Ankaranın Bakıya dəstəyinin davam edəcəyini bildirib.

Ermənistan artıq üç gündür ki, Azərbaycanın hava sahəsinin müdafiəsini Türkiyəyə həvalə etdiyini və Türk F-16-larının Ermənistana məxsus döyüş təyyarələrini vurduğunu iddia edir. Ankara bu iddiaları təkzib edərək Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq iqtidarında olduğunu qeyd edib.

Türkiyədəki azərbaycanlı icmasını xatırladan “Guardian” isə əslində bu qarşıdurmanın daha dərin tarixi uçuruma, “Türkiyənin Osmanlı imperatorluğunun 1915-ci ildə 1,5 milyon ermənini öldürməsini soyqırım kimi qəbul etməməsinə” dayandığını qeyd edir.

Türkiyə hazırda Ermənistanla heç bir diplomatik əlaqələrə sahib deyil və strateji müttəfiqi Azərbaycanla həmrəylik əlaməti olaraq Yerevanla sərhədlərini bağlayıb.

“İndi də Ankara öz ağırlığını Bakının arxasına ataraq gücünü beynəlxalq aləmdə artırmaqla yanaşı, iqtisadi çətinliklər arasında qalmış ölkə daxilində də yüksəlməyi hədəfləyir”,- Kolumbiya Universitetinin üzvü Xaçik Muradyan “Al-Monitora” müsahibəsində vurğulayıb.

“Ərdoğan Azərbaycanın (eskalasiyadakı) uğurlarına ümid edərək yararlanmağa çalışır”,- Muradyan bildirib.

Suriya İnsan Haqları Təşkilatı da daxil olmaqla müstəqil müşahidəçilərə görə Türkiyənin Bakıya olan bu dəstəyi suriyalı muzdluların Dağlıq Qarabağdakı cəbhə bölgəsinə cəlb edilməsini də əhatə edir. Ərdoğan isə Ermənistanın Türkiyəyə israrla böhtan atmaq səylərinin onu xilas etməyəcəyini deyir.

Ermənistanın Ankaranın Qarabağa suriyalı muzdlu əsgərlərin göndərməsi iddialarını Fransa və Rusiya da dəstəkləyir.

Uzun müddətdir Şərqi Aralıq Dənizində davam edən münaqişə səbəbindən Ankarayla söz savaşına girmiş Fransa Prezidenti Emmanuel Makron mövzuyla əlaqədar ən son diqqətçəkən ölkə başçısı olub. Cümə axşamı Türkiyənin Suriyadakı muzdlularını Azərbaycanı dəstəkləmək üçün Dağlıq Qarabağa göndərdiyini söyləyən Makron bəyanatının təsdiqlənmiş məlumatlara söykəndiyini deyib.

“Bu gün cihadçı qruplaşmalardan olan suriyalı döyüşçülərin Dağlıq Qarabağdakı əməliyyatlar teatrına qatılmaq üçün Qaziantəpdən (cənub-şərqi Türkiyə əyaləti) keçdiklərini təsdiqləyən məlumatlara sahibik”, – “Al Jazeera” Makrona istinadən xəbər verir.

“Bu, çox ciddi və yeni məsələdir”,- deyən Makron Rusiya Rrezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla “vəziyyətlə bağlı bütün məlumatların mübadiləsi və lazımi nəticələr çıxarmaq üçün” razılaşdıqlarını deyib.

Rusiya Xarici İşlər Nazirliyi ayrıca açıqlamasında Liviya və Suriyadan göndərilən muzdluların Qarabağda döyüşlərdə iştirak etdiklərinə dair məlumatlara sahib olduqlarını deyərək, bu cür “qanunsuz silahlı bölmələrin” bütün yaxın ölkələr üçün uzunmüddətli təhlükəsizlik riski yaratdığını qeyd edib.

“Ermənistanla müdafiə paktına sahib və Azərbaycana silah satan Moskva indiyə qədər tərəfləri müvəffəqiyyətlə tarazlaşdırıb. “Rusiya həmçinin uzunmüddətli perspektivdə Şimali Qafqazda sabitliyi poza biləcək problem və ən başlıcası Türkiyəni öz həyətində görmək istəmir”, – “Guardian” yazır və vurğulayır ki, Moskvanın yenidən tərəfləri danışıqlar masasına dəvət etmək üçün bütün əsasları var.

Türkiyənin dəstəklədiyi və özlərini Suriya Milli Ordusunun üzvləri olaraq təqdim edən döyüşçülərin Azərbaycan gətirilməsi iddiasını ilk dəfə sərhəddə eskalasiya baş qaldırmadan öncə – sentyabr ayının 22-də araşdırmacı jurnalist Lindsey Snell “Twitter” hesabında paylaşıb.

“Deyilənə görə, bu Həmzə diviziyasına məxsus adamlar bu gün Ankara yolu ilə Bakıya gətirilib”, – Snell 22 sentyabrda “Twitter”-də qeyd edib.

Ermənistanın Moskvadakı səfiri sentyabrın 27-də Türkiyənin Suriyanın şimalından Azərbaycana təxminən 4000 döyüşçü göndərdiyini demişdi. Ermənistan həmçinin Türkiyə hərbi mütəxəssislərinin Dağlıq Qarabağda Azərbaycanla birlikdə döyüşdüyünü dəfələrlə iddia edib.

Rəsmi Bakı isə Suriyadan silahlıların Azərbaycana gətirilməsi iddialarını “şayiə, erməni tərəfinin növbəti təxribatı və tamamilə cəfəngiyat” adlandırıb.

Türkiyə də iddiaları rədd edir. 28 sentyabr tarixində iki suriyalı üsyançı “Reuters” agentliyinə Türkiyənin onları Azərbaycana dəstək üçün göndərdiyini deyib. Bəyanatlardan bir neçə gün sonra Azərbaycanla Ermənistan arasında baş verən toqquşmalarda ölənlər arasında suriyalıların olduğu barədə məlumatlar yayılmağa başlayıb.

Çərşənbə günü “Guardian” yayınladığı məqaləsində Dağlıq Qarabağda baş verən atışmalarda ən azı üç suriyalı döyüşçünün öldürüldüyünü və xarici ölkələrin münaqişəyə qarışdığı xəbərlərini təsdiqlədiyini bildirdi.

Xarici döyüşçülərin gəlişinin Ermənistanla Azərbaycan arasındakı döyüşə yeni mürəkkəblik qatması aşkar olsa da, rəsmi Bakının münaqişənin daha geniş regional qarşıdurmaya çevrilməsindən narahat olmaması diqqət çəkir.

Ölkə ərazisinin əhəmiyyətli bir hissəsinin itirilməsini və son illərdir bu səbəbdən ictimaiyyət tərəfindən artan təzyiqlərə məruz qalan Azərbaycanın vəziyyətini xatırladan London mərkəzli Türkiyə üzrə mütəxəssis Firdevs Robinson “Al-Monitora” müsahibəsində Türkiyənin Bakıya verdiyi hərbi dəstəyin qarşılığında uyğun neft və qaz imkanları əldə etsə də, Ankaranın bu savaşdan boş əllə çıxma ehtimalının yüksək olduğunu vurğulayıb:

“Prezident Əliyevin praqmatik bir lider olduğunu xatırlamaqda fayda var. Ölkəsinin Rusiya ilə sıx əlaqələri var və Azərbaycan İsraildən silah alır. Həqiqi regional güc – Rusiya ilə yeni regional güc olmaq iddiasında olan birisi arasında seçim etmək məcburiyyətində qaldıqda – hansını seçəcəyini təxmin edə bilərik”.

Ana səhifəXəbərlərQarabağda mürəkkəblik, yanlış hesablamalar riski artmaqdadır