Qarabağda III müharibə ehtimalı: Əliyevin əminliyini bölüşməyənlər var

Foto: Meydan TV

Rauf Mirqədirov: “Hər şey qlobal geosiyasi durumdan asılı olacaq”

“Bakı və Yerevan Ukraynada davam edən müharibənin nəticələrini gözləyir. İlham Əliyev özü də dünənki müsahibəsində dedi ki, Ukrayna hadisələri dünyanı dəyişəcək, yeni qlobal geosiyasi durum yaranacaq”.

Bu fikirləri siyasi şərhçi Rauf Mirqədirov Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziyalara verdiyi müsahibəyə münasibət bildirərkən deyib.

Əliyevin “2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək” fikrini Meydan TV-yə şərh edən siyasi şərhçi düşünür ki, bu, daha çox qlobal dəyişikliklərdən asılı olacaq.

Bununla yanaşı, Mirqədirov Rusiya-Ukrayna müharibəsinin 2023-cü ildə başa çatacağına əmin deyil:

“Sadəcə, düşünürəm ki, il ərzində Ukraynadakı qlobal geosiyasi mübarizənin nəticələrinin konturları müəyyənləşəcək. Əgər belə olarsa, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması kifayət qədər real olacaq”.

Foto: “president.az”

“Son hadisələr Rusiyanın Azərbaycana və Ermənistana təsirinin məhdudlaşdığını göstərir”

Rauf Mirqədirov Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün səsləndirdiyi fikirləri də təsadüfi saymır və bunları Rusiyaya qarşı açıqlamalar kimi xarakterizə edir:

“Paşinyan Kremlin sülh təklifinə razı olduğunu xüsusi vurğuladı. Ancaq Moskvanın təklifində Qarabağın statusunun həlli gələcəyə saxlanılması yer alırdı ki, bu, Bakını qane etmirdi. Çünki qaynar nöqtə qalırdı və Moskva istənilən vaxt qarşıdurma yaratmaq imkanını özündə saxlayırdı. Həmçinin Azərbaycan Rusiyanın sülhməramlıların mandatı ilə bağlı təklifinə razı deyil”.

“Fikir verdinizsə, Paşinyan onu da dedi ki, Rusiya və Ermənistan müdafiə nazirləri tərəfindən belə bir sənəd imzalansa da, Azərbaycanın müdafiə naziri həmin sənədi imzalamayıb. Əslində, sülhməramlıların səlahiyyət çərçivəsi Azərbaycanın maraqlarına cavab verməliydi. Çünki sülhməramlılar hazırda az qala hər şeylə məşğul olurlar: təhsildən başlamış miqrasiyaya qədər… Eyni zamanda, sülhməramlılar son bir araya qədər istədikləri adamları Xankəndiyə buraxır, yaxud istədikləri yükləri də daşıyırdılar. Deməli, həmin sənəddə sühməramlıların səlahiyyəti çox geniş olub ki, Bakı razılaşmayıb”, – deyə o qeyd edib.

Siyasi şərhçi deyir ki, son hadisələr Rusiyanın Azərbaycana və Ermənistana təsir imkanlarının məhdudlaşdığını göstəricisidir:

“Burada birinci amil Türkiyənin təsiridir. Hazırda bu gün NATO-ya üzv olan dövlət başçıları arasında Putinlə yalnız Türkiyə Prezidenti əlaqə saxlayır. Bu da Putin üçün çox vacibdir. Beləliklə, Azərbaycanla münasibətlərin kəskinləşməsi Moskva-Ankara əlaqələrinə də təsir edər ki, bu, Putinin maraqarına cavab vermir”.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

“Ermənistana gəlincə, nə qədər qəribə səslənsə də, Moskvanın Yerevana da təzyiq imkanları da məhdudlaşır. Baxmayaraq ki, Paşinyan sülh müqaviləsinin Rusiya variantını qəbul edir, ancaq Kremlə ittihamları kifayət qədər ciddidir. Bu ittihamlara Ermənistandakı rusiyapərəst qüvvələr etiraz etmir. Çünki Ermənistandakı Qərb və Rusiya tərəfdarları bir mövqedə yaxınlaşırlar ki, doğrudan da, Moskva öhdəliklərini yerinə yetirmir. Bu isə Paşinyanın cəmiyyətlə kommunikasiya imkanlarını genişləndirir”, – deyə Mirqədirov əlavə edib.

Ancaq Rauf Mirqədirov istisna etmir ki, Moskva Bakı və Yerevana təzyiq göstərə bilər:

“Məsələn, sülhməramlılar üçün ekofəalların aksiyasını 1 günə dağıtmaq problem deyil. Amma bu addım geriqayıdışı olmayan bir hərəkət olardı və bir müddət münasibətlərdə ciddi gərginlik yaradardı. Ukraynada savaş gedən zaman Moskvanın belə bir addım atmasını mümkünsüzdür. Hazırda Bakıda və Yerevanda Ukrayna müharibəsinin geosiyasi nəticələrinin Rusiyanın xeyrinə olmayacağını düşünürlər”.

“Azərbaycan ordusu Ağdərə, Sərsəng su anbarı istiqamətində hansısa irəliləyişlər edəcək”

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli Prezident Əliyevin üçüncü müharibənin olmayacağı barədə əminliyini bölüşmür.

Hərbi ekspert Meydan TV-yə bildirib ki, əvvəlcə İlham Əliyevin müharibə deyərkən nəyi nəzərdə tutduğunu aydınlaşdırmaq lazımdır:

“Müharinə həm geniş miqyaslı hərbi əməliyyat, həm də Azərbaycanın Qarabağda yarımçıq qalmış əməliyyatlarının davamı kimi də nəzərdə tutula bilər. Əliyev bu ikisindən hansını nəzərdə tutması sual altındadır”.

C.Sümərinli bu ilin sakit ötüşəcəyinə inanmır:

“Bəli, 44 günlük savaşda kimi olmasa da, ötən ilin sentyabr toqquşmalarına oxşar nələrsə mümkündür. Bunun bir sıra səbəbləri var, birincisi, Azərbaycanın Qarabağ ərazisində erməni slahlı qüvvələri qalmaqdadır. Əgər 2020-ci ildə onların sayı təxminən 10-12 min idisə, indi 4-5 min civarındadır. Onların asanlıqla Qarabağı tərk edəcəyinə inanmadığımdan Azərbaycan hansısa formada antiterror əməliyyatı keçirib müəyyən strateji yüksəklikləri götürə bilər”.

Cəsur Sümərinli
Foto: Cəsur Məmmədovun şəxsi arxivindən

Hərbi ekspert Azərbaycan ordusunun Ağdərə, Sərsəng su anbarı istiqamətində hansısa irəliləyişlər edəcəyini düşünür:

“İkinci istiqamət isə Azərbaycan-Ermənistan dövlət sərhədinə ola bilər. Bilirsiniz ki, hər iki dövlətin beynəlxalq tanınmış əraziləri tərəflərin nəzarətindədir. Bunların qarşılıqlı olaraq dəyişdiriləcəyi sual altındadır. Çünki Bakı strateji olaraq Zəngəzur məsələsini qoyaraq bir sıra əraziləri nəzarətdə saxlayır. Düşünmürəm ki, Azərbaycan asanlıqla həmin əraziləri qaytaracaq, bunun qarşılığında Yerevana hansısa tələblər qoyula bilər. Bu baxımdan həm Qarabağda silahlı erməni dəstələri, həm də sərhəddəki gərginliklər ötən ilin sentyabrında olan toqquşmaların təkrarlanması ehtimalını artırır. Ona görə prezidentin müharibə ifadəsi bir az anlaşılmazdır”.

Cəsur Sümərinli İlham Əliyevin “2023-cü il ikinci Qarabağ müharibəsinin sonu olacaq” fikrinə inanmır:

“Yaxın bir il də müharibənin sona çatacağına inanmıram. Mümkündür ki, Bakı ilə Yerevan arasında özündə “yol xəritəsi”ni ehtva edən hansısa niyyət protokolu imzalansın. Amma bu, müharibənin sonu olacağı anlamına gəlmir. Çünki Ermənistan Azərbaycanın tələbləri qarşısında müsbət reaksiya nümayiş etdirmir. Söhbət Qarabağdan silahlıların çıxarılmasından və Zəngəzur məsələsinin həllindən gedir. Lakin niyyət prokolunun gerçəkləşməsi üçün cəmiyyətlər, dövlətlər və regional oyunçular da razı olmalıdır. İkincisi, əgər Əliyev 2020-ci ildə “Qarabağ müharibəsi bitdi” demişdisə, bəs bu dünənki açıqlaması nə idi?! Belə olduqda, münaqişə ən azı 7-8 il də müxtəlif formalarda davam edəcək”.

“Ermənistanın hazırda insan və silah resursu müharibə etməyə imkan vermir”

Hərbi ekspert Azad İsazadə isə Ermənistanın hazırda insan və silah resursu baxımından müharibə etmək imkanının olmadığı qənaətindədir:

“Ona görə qarşı tərəfdən hansısa təxribat olsa, 2022-ci ilin sentyabr əməliyyatına oxşar antiterror hərəkəti ola bilər. Bəli, geniş müharibəyə risk həmişə var, ancaq riskin faizi çox aşağıdır”.

Azad İsazadə
Foto: Azad İsazadənin şəxsi arxivindən

Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli telekanllara müsahibəsində siyasi-hərbi məsələlərə toxunaraq deyib ki, Azərbaycan Ermənistanla məsələni həll edib:

“Əminəm ki, üçüncü müharibə olmayacaq, amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik”.

İlham Əliyev həmçinin 2023-cü il II Qarabağ müharibəsinin real sonu olacağını və bu il belə hadisələr baş verməyəcəyini də söyləyib.

Ana səhifəSiyasətQarabağda III müharibə ehtimalı: Əliyevin əminliyini bölüşməyənlər var