Qarabağda “Base Metals” şirkətinin fəaliyyətini dayandırdığı bildirilir

Mənbə: armenpress.am

Separatçı DQR-in rəhbərliyi BMT-yə müraciət edib

“Base Metals” şirkəti ekspertiza başa çatana qədər “Dəmirli” mis-molibden yatağında fəaliyyətini müvəqqəti dayandırıb.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

“Dağlıq Qarabağ rəhbərliyi BMT-nin müvafiq strukturlarına və digər beynəlxalq təşkilatlara qısa müddətdə ərazidə ekspertiza aparmaq üçün müraciət edib”, – deyə bildirilib.

”Base Metals” QSC 7 avqust 2002-ci ildə təsis edilmiş və Qarabağda fəaliyyət göstərən “Vallex” şirkətlər qrupuna daxildir.

Şirkət Qarabağda “Dəmirli” mədənini qanunsuz istismar etməkdə günahlandırılır.

Laçın dəhlizindəki aksiyanın qısa xronikası

Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.

Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.

Aksiyanın 4-cü günü etirazçılar yeni tələb irəli sürdülər.

Həmin tələblər ərazidə bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələrinin qurulmasıdır.

Onlar Laçın istiqamətində, Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postlarıının olmasını istəyirlər.

Ana səhifəXəbərlərQarabağda “Base Metals” şirkətinin fəaliyyətini dayandırdığı bildirilir