Qarabağa qanunsuz səfər edən erməni qumarbaz ”İnterpol”a verilib

XİN rəsmisi: Görəsən klounlar paradında növbəti kim olacaq?

Source:


XİN rəsmisi: Görəsən klounlar paradında növbəti kim olacaq?

Baş Prokurorluğun Mətbuat xidməti xarici ölkə vətəndaşı Den Bilzeryanın 28 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfəri ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, o, Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib mütəşəkkil dəstə tərkibində birləşərək Azərbaycan Respublikasının müvafiq qanunlarını pozaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlib.

Bundan başqa D.Bilzeryan “Dağlıq Qarabağ Respublikası” adı altında yaradılmış qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə işğal olunmuş ərazilərdə qanunsuz olaraq əldə etdiyi qumbaraatan, tüfəng və digər odlu silahlardan nümayişkaranə atəşlər açmasına əsaslı şübhələr müəyyən edilib.

Həmin fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi açılıb.

D.Bilzeryan Cinayət Məcəlləsinin 228.3 (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 318.2-ci (mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə ittiham olunur.

Den Bilzeryan Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək “İnterpol” xətti üzrə beynəlxalq axtarışa elan olunması üçün müraciət edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələni şərh edərkən bildirib ki, Brüsseldə erməni lobbisinin rəhbəri Kaspar Karampetyan çoxlu pullar xərcləyərək çarəsizlikdən yalnız kloun siyasətçiləri Azərbaycanın işğal olunmuş ərazilərinə gətirə bilir:

“Çünki sağlam düşüncəli insanlar münaqişənin əsl reallıqlarını, işğal və qanlı etnik təmizləmə faktlarını öyrənərək kimin kim olduğunu dərk edir və ondan kənar dururlar. Hətta deyərdim ki, erməni lobbist Karampetyan öz biznes pulları hesabına əvvəllər bu kimi səfərlər təşkil edərək özü də bilmədən işğalın əsl həqiqətlərinin bəzi lazımı insanlara çatdırılmasına xidmət edib. Maraqlıdır, görəsən klounlar paradında növbəti kim olacaq, Kardaşyan bacılarımı?”.

ABŞ vətəndaşı olan Den Bilzeryan qumarbaz və model kimi tanınır.

Ana səhifəXəbərlərQarabağa qanunsuz səfər edən erməni qumarbaz ”İnterpol”a verilib