“Qarabağa azadlıq!” yürüşündə baş verənlərə görə Almaniyadakı mühacir ittiham olunur

Asif Yusifli isə ittihamla razılaşmır.

Source: Deko


Bu işə görə cinayət məsuliyyətinə cəlb edilmiş 37 nəfərin məhkəməsi başlayıb

İyulun 15-də Bakıda “Qarabağa azadlıq!” şüarıyla keçirilən yürüşə görə cinayət məsuliyyətinə cəlb edilən 37 nəfərin məhkəməsi başlayır. Məhkəmənin hazırlıq iclası oktyabrın 27-də Səbail Rayon Məhkəməsində keçiriləcək.

Təqsirləndirilən şəxslərin arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 16 funksioneri, Müsəlman Birliyi Hərəkatından 2 nəfər, Azərbaycan Demokratiya və Rifah Hərəkatından (ADR) da 1 nəfər fəal var. Naxçıvan Daxili İşlər nazirinin müavini olmuş Siyavuş Mustafayev də ittiham olunanlardan biridir.

Yürüşə görə həbs olunanların işinə Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov baxacaq.

37 nəfər təqsirləndirilən şəxsdən 36-sı həbsdədir. Bir nəfər haqqında isə istintaq dövrü üçün polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə), 186 (özgə əmlakına ziyan vurma), 233 (ictimai asayişin pozulması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə ittihamlar irəli sürülüb. 33 nəfər cinayətin iştirakçısı, 4 nəfər isə təşkilatçısı kimi ittiham olunur. Bunlar da AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Məmməd İbrahim və Bəxtiyar İmanovdur.

Bu iş üzrə həbs olunan AXCP üzvlərinin bir çoxu, o cümlədən təşkilatçılıqda ittiham olunanlar ümumiyyətlə, o yürüşdə iştirak etmədiklərini bildiriblər. Cinayət işinin materiallarında isə onların prosesi evdən idarə etdiyi iddia olunur.

Bu işdə Almaniyada yaşayan mühacir, sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovun da adı hallanır. İttihamda yazılıb ki, Qabil Məmmədov, həyat yoldaşı Aytən Ramazanova və başqaları əlbir olub, yürüşdə cinayət törətmək qərarına gəlib. Baş verənlərə də onlar rəhbərlik edib. “WhatsApp” proqramı vasitəsilə Bakıdakılara təlimat verilib. AXCP üzvləri də bu haqda “Facebook”da yaratdıqları gizli qrupda öz aralarında müzakirələr aparıblar. Təqsirləndirilən şəxslər əvvəldən müəyyənləşdirilmiş plan üzrə hərəkət ediblər. AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusifli və digərlərinin yürüşə bu məqsədlə qoşulduğu iddia olunur.

Asif Yusifli isə ittihamla razılaşmır. O, istintaqa ifadəsində də bildirib ki, özü Qarabağ əlilidir və Milli Orduya dəstək məqsədilə yürüşdə iştirak edib. Deyib ki, bu işə görə həbs olunan başqa bir cəbhəçi Seymur Əhmədzadə ilə kirayə qaldıqları evdə söhbətləşəndə sosial şəbəkələr vasitəsilə bir qrup şəxsin vətənpərvərlik şüarlarıyla yürüş etdiyini öyrəniblər. Onlar da Heydər Əliyev Mərkəzinin yaxınlığında yürüşə qoşulublar. Orada hökumət əleyhinə heç bir şüar səsləndirilməyib.

“Gəlib Şəhidlər Xiyabanına çatdıq. Bir müddət sonra ora Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, keçmiş Daxili işlər naziri Ramil Usubov, adlarını bilmədiyim hərbi geyimli bir neçə general da gəldi. Hərbi geyimlilərdən biri mikrofonda nitq söyləməyə başlayanda, kütlə narazılıq edərək “Nəcməddin, istefa!” şüarı səsləndirməyə başladı. Həmin ərəfədə mən müsahibə verirdim. Deyirdim ki, burada siyasi tələbimiz yoxdur, yalnız ordumuza dəstək vermək üçün gəlmişik”, – A.Yusiflinin ifadəsində belə yazılıb.

Cinayət işinin materiallarına fotoşəkillər də əlavə olunub. Təqsirləndirilən şəxslər Milli Məclisin binasına daxil olub, orada dağıntı törətməkdə, polis maşınını aşırmaqda, polislər və başqa hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etməkdə günahlandırılır. AXCP funksionerlərinin işə əlavə olunan fotolarında isə onların sadəcə, yürüş iştirakçıları arasında olduğu görünür. Milli Məclisə daxil olmaları və digər cinayət əməllərini törətmələrilə bağlı işin içində fotolar yoxdur.

İş üzrə 19 nəfər zərərçəkmiş qismində tanınıb ki, onların arasında polislərlə yanaşı, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları da var.

Hadisə nəticəsində Milli Məclisə, Bakı şəhər İcra Hakimiyyətinə, Daxili İşlər Nazirliyinə və maşını əzilən bir nəfər mülki şəxsə ümumilikdə 78 min 722 manat ziyan dəydiyi iddia olunur.

Ana səhifəSiyasət“Qarabağa azadlıq!” yürüşündə baş verənlərə görə Almaniyadakı mühacir ittiham olunur