İş məhkəməyə gedir
İyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən Qarabağa dəstək yürüşünə görə həbs olunanların işi üzrə ibtidai istintaq yekunlaşıb. Yaxın günlərdə cinayət işi məhkəməyə göndəriləcək. Bu barədə Meydan TV-yə həbs olunan şəxslərin vəkilləri məlumat verib.
“Sentyabrın 14-dən təqsirləndirilən şəxslər və vəkilləri cinayət işinin materiallarıyla tanış olmağa başlayacaq”, – deyə vəkillərdən biri bildirib.
“Qarabağ işi” üzrə ümumilikdə 37 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 36 nəfər həbsdədir, bir nəfər barəsində isə başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Məsuliyyətə cəlb olunanlardan 16 nəfər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür. Digər təqsirləndirilən şəxslər arasında Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR), “Müsəlman Birliyi” Hərəkatının üzvləri də var.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulması) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.
AXCP öz üzvlərinin təqsirsiz olduğunu bəyan edib. Onların həbsinin Prezident İlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin iclasında Xalq Cəbhəsi barədə nifrət çıxışından qaynaqlandığını açıqlayıb.