Avqustun 13-ü səhər saatlarında Prezident Administrasiyasının qarşısında Qarabağ veteranı Elçin Salahov və həyat yoldaşı Jalə Salahova özlərini yandırıblar. Bu barədə Meydan Tv-yə zərərçəkmişlərin qohumları məlumat verib. Onların sözlərinə görə, hadisə Salahovların evlərindən çıxarılması ucbatından baş verib. E.Salahaov hazırda yaşadığı evin torpaq sahəsini keçmiş bacanağından alıb. Lakin torpaq sahəsi satılandan sonra keçmiş bacanağın qohumları E.Salahovu məhkəməyə verib. Jalə Salahovanın anası deyir ki, kürəkəni ona verilməli olan pulu almaq istəyir: “Bu torpaq bu oğlanın adınadır. Sənədi də var. Bilmirəm bunlar məhkəməyə pul verib, nə edib, məhkəmədə qərar verib ki, bunlar çıxsınlar. Bu da deyir ki, heç olmasa, mənim pulumu versinlər, gedib, özümə yataqxana da olsa, alım. Onu da vermədilər. Belə elədilər çıxartdılar. Bunlar da çöldə qalmayacaqlar ki. Neyləsinlər?”
Qarabağ veteranının bacısı deyir ki, qardaşı problemlə bağlı bir çox qurumlara müraciət edib:
“Müdafiə Naziriliyinə, Prezident Aparatına, yəni bir dənə qurum qalmayıb ki, ora müraciət eləməsinlər. Hamısı da Sumqayıt şəhər məhkəməsinə yönəldib”.
Salahovlar hazırda 5 saylı xəstəxananın yanıq şöbəsindədirlər. Onların həkimi Şöhrət Məmmədov isə xəstələrin vəziyyəti ilə bağlı mətbuata açıqlama verməkdən imtina edib. Xəstəxananın əməkdaşlarının dediyinə görə, həkimə “yuxarıdan” jurnalistlərə danışmamaq haqda tapşırıq verilib.
Xəstəxanya prokurorluq orqanlarının işçiləri ilə yanaşı, Prezident Admenstirasiyasının əməkdaşı də gəlib. Xəstə yaxınları Prezident Mühafizəsinə məxsus nişanlı avtomabildən düşən şəxsin zərərçəkmiş E.Salahovla görüşdüyünü desə də, ikinci jurnalistlərə açıqlamasında bunu inkar edib. Adını açıqlamayan şəxs bildirib ki, xəstəxanaya şəxsi işi ilə əlaqədar gəlib.