Əli Əliyev

Mənbə: Meydan TV

Başlıq: Əli Əliyev

Qarabağ qazisinin ailəsi: İcra Hakimiyyətindən 150 manat verəndə dedilər ki, hökumətin yalnız buna gücü çatır

Məqalə yeniləndi:  1 Fevral 2021

“Gələnlər də söhbət eləyir, şəkil çəkib gedirlər”

Orduya könüllü yazılan Əli Əliyev oktyabrın 2-də ağır yaralanıb. Sabirabad sakininin ayaqları sıradan çıxıb, o, hərəkət qabiliyyətini itirib.

“Dörd ay olacaq ki, xəstəxanalardadır”

Əli Əliyev yaralanandan sonra Bakıdakı Hərbi hospitala gətirilib. Burada vəziyyətinin çox ağır olduğu müəyyənləşəndə onu Görmrük hospitalına köçürüblər. Yaralının qardaşı Şahsuvar Əliyev deyir ki, həmin xəstəxana koronavirusa görə bağlandığından Əlinin Tədris Cərrahiyyə Klinikasına göndəriblər.

“Sentyabrın 21-də aparmışdılar. Sabirabaddan döyüşə yollanan ilk 65 nəfərin arasında qardaşım da olub. Fəqərə sümüyü sınıb. Ayaqlarının əti tamamilə dağılmışdı. Vəziyyəti indi də sabit deyil”.

Əli Əliyev Rusiyada işləyirmiş. Amma oradan Azərbaycana qayıdaraq orduya könüllü yazılmaq qərarı verib. Anası Mətanət Əliyeva deyir ki, Əli döyüşlərə yollanmaq üçün dörd dəfə ərizə yazıb.

“Krasnodar şəhərində, Çeçenistanda, Dağıstanda işləyib. Sonra döyüşlərə görə qayıtdı. Dörd ay olacaq ki, xəstəxanalardadır. Üzünü o günlərdə görmüşük. Yanına buraxmırdılar”.

Sabirabad sakininin ayaqları sıradan çıxıb, o, hərəkət qabiliyyətini itirib.

Sabirabad sakininin ayaqları sıradan çıxıb, o, hərəkət qabiliyyətini itirib.

Mənbə: Meydan TV

“Uşaqlarım indiyə qədər hökumətdən 5 manat da görməyib”

Mətanət Əliyeva deyir ki, ailəni məhz Əli dolandırırmış. Son vaxtlar yaşadıqları mənzili təmir etdirmək qərarına gəliblər. Amma Əlinin yaralanması hər şeyi yarımçıq qoyub.

“Evi söküb-tökmüşük. Daha düzəldə bilmirik. Dəfələrlə Sabirabad Rayon İcra Hakimiyyətinə getmişəm. İcra başçısı qəbul eləməyib. Ümumiyyətlə, hökumətin bizə heç bir köməyi yoxdur. İcra hakimiyyətindən cəmi 150 manat veriblər. Onu da əvvəlcə götürməmişdik. Acığa düşüb üstlərinə atmışdıq. Əlbəttə, övladımızdı, arxasınca getməliyik. Amma o pul heç bu qədər yol xərcini görmür. Sonradan uşaq dedi ki, yatdığı yerdə nə televizor var, nə internet, ürəyi partlayır. Məcbur olub 150 manatı götürdük ki, uşağın interneti olsun”.

Əlinin anası evə pul gəlmədiyini bildirir. Ailənin sosial yardım almaq cəhdi də uğursuz olub.

“Üç övladım var, indiyə qədər onlar hökumətdən 5 manat da görməyib. Mənim uşaqlarım mis yığıb sataraq evə pul gətirməyə çalışıblar. Amma bir qəpik də görməmişik. Hansısa müavinət üçün rüşvət istəyiblər, verməmişik, ona görə də yardım almamışıq”.

Mətanət Əliyeva deyir ki, ailəni məhz Əli dolandırırmış.

Mətanət Əliyeva deyir ki, ailəni məhz Əli dolandırırmış.

Mənbə: Meydan TV

“Dedilər ki, hökumətin 150 manata gücü çatır”

Əli hələ müharibədən əvvəl nişanlanıbmış. Mətanət xanım keçən il toya müəyyən hazırlıq gördüklərini deyir. Amma oğlunun yaralanması hər şeyi alt-üst edib.

“İki-üç qoyun almışdıq ki, tol eləyəndə lazım olacaq. O heyvanları da satmışıq. Evimiz bərbad gündə, adam gəlir, xəcalət çəkirsən. Mənim prezidentdən narazılığım yoxdur. O, yaxşı qaydalar qoyur, göstərişlər verir, çox sağ olsun. Təəssüf ki, ətrafdakılar onun dediklərinə əməl eləmirlər. Mənim narazılığım məmurlardandır”.

Şahsuvar Əliyev anasının fikrini davam etdirir. Qarabağ qazisinin qardaşı deyir ki, dövlət orqanlarından ailəyə baş çəkənlər yalnız quru vəd verməyi bacarır:

“Müraciət eləmədiyimiz yer qalmayıb. Ev bu gündə. Qardaşımın qazancına arxayın idik. O da bu vəziyyətə qaldı. Heç bilmək olmur evə nə vaxt buraxacaqlar. Gələnlər də söhbət eləyir, şəkil çəkib gedirlər. Yalandan danışıb getməyi bilirlər. “Bravo” qutu gətirmişdi, uzağı 27-28 manatlıq ərzaq. İcra Hakimiyyətindən 150 manat verəndə dedilər ki, hökumətin yalnız buna gücü çatır''.

Son vaxtlar yaşadıqları mənzili təmir etdirmək qərarına gəliblər.

Son vaxtlar yaşadıqları mənzili təmir etdirmək qərarına gəliblər.

Mənbə: Meydan TV

Şahsuvar Əliyev deyir ki, qardaşı Rusiyada yaşayanda ailə yaxşı dolanırmış, korluq çəkməyiblər. İndi ən adi qayğıların öhdəsindən gələ bilmirlər:

“Biz beşinci mərtəbədə yaşayırıq. Qardaşımı yalnız qucaqda idarə eləmək mümkündür. Hökumət onun özünə bir ev versə, yaxşı olardı. Bina evində onun yuxarı qalmağı, aşağı düşməyi çox çətin görünür. Gəlib burda bağrı çatlayacaq”.

Sabirabad Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, bu qurum şəhid ailələrinə, Qarabağ döyüşlərində yaralananların ailələrinə əlindən gələn yardımı göstərməyə çalışır.

" Daha düzəldə bilmirik"

" Daha düzəldə bilmirik"

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  1 Fevral 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/97jhg5

Ən çox baxılan