Qarabağ qazisi: Müalicə almasam, gözüm tamam tutulacaq

“Səhhətimlə bağlı neçə vaxtdı işləmədiyimdən maddi durumumuz ağırlaşıb”

Source:


“Səhhətimlə bağlı neçə vaxtdı işləmədiyimdən maddi durumumuz ağırlaşıb”

Döyüş tapşırığını yerinə yetirərkən gözlərini və qolunu itirən hərbçiyə dövlət qurumları cavab vermir. Əslən Xaçmaz rayonundan olan, 28 yaşlı hərbçi Nəzər Əbdürrəhmanov gözündən əməliyyat olunmalıdır. Deyir, hara müraciət edibsə, boş çıxıb. Məktublarına, zənglərinə cavab verilmir. Vəziyyəti isə günü-gündən ağırlaşır:

“2015-ci il avqustun 13-də döyüş tapşırığını yerinə yetirərkən minaya düşdüm. Partlama nəticəsində sağ əlimin biləkdən yuxarı hissəsini, sağ gözümün görmə qabiliyyətini tamamilə, sol gözümün görmə qabiliyyətini isə qismən itirdim. Hazırda heç bir gözüm görmür. Təəssüflər olsun ki, Hərbi Hospitaldan sol gözümün tam müalicəsi başa çatmamış tərxis edildim. Müalicə almasam, gözüm tamamilə sıradan çıxacaq”.

“Bilirəm ki, gözlərimin müalicəsi ölkə daxilində mümkün deyil”

Nəzər Əbdürrəhmanov deyir ki, dəfələrlə aidiyyatı qurumlara məktubla müraciət edib. Cavab ala bilməyib: “Bilirəm ki, gözlərimin müalicəsi ölkə daxilində mümkün deyil. Elə ona görə də aidiyyatı qurumlara müraciət edirdim ki, məni xaricə müalicəyə göndərsinlər. Nəinki müalicəyə göndərirlər, heç məktublarıma, zənglərimə cavab verən də yoxdur”.

“Budur hərbçiyə, əsgərə qoyulan hörmət?”

Nəzər Əbdürrəhmanov 2006-cı il iyulundan 2008-ci ilin yanvarınadək həqiqi hərbi xidmət keçib. 2009-cu ilin oktyabrından etibarən müddətdən artıq hərbi qulluqçuların hazırlıq kursuna başlayıb, kursu bitirdikdən sonra 651 saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətə başlayıb. Deyir, xidmət dövründə fəxri fərman və təşəkkürnamə ilə təltif olunub:

“Həmişə vətənə, dövlətə xeyirli əsgər olmuşam. Ancaq nə xeyri? Bu gün dardayam və səsimi eşidən yoxdur. Budur hərbçiyə, əsgərə qoyulan hörmət?”

“Sol gözümün görmə şansı var”

Nəzər Əbdürrəhmanov deyir ki, onu müayinə edən həkimlər sol gözünün hissiyyatının az da olsa qaldığını söyləyiblər: “Özüm də günəşi, gözümə düşən işığı hiss edə bilirəm. Bu, o deməkdir ki, sol gözümün görmə şansı hələ də var. Mənə onu da deyiblər ki, bu müalicə xaricdə mümkündür. Ona da ki, öz imkanım yoxdur. Dövlət isə göndərmir”.

“Təyin olunan pensiya dolanışığımız və dərmanlara güclə çatır”

Hərbçi ailəlidir və bir qızı var. Deyir, ailə vəziyyəti ağır olmasaydı, müalicəsini özü qarşılayar, kimsəyə ağız açmazdı: “Ancaq vəziyyətim çox ağırdır. Hətta banka da kredit borcum var. Səhhətimlə bağlı neçə vaxtdı işləmədiyimdən maddi durumumuz ağırlaşıb. Bank borcunun üstünə faiz gəlib, artıb. Mənə təyin olunan pensiya dolanışığımız və dərmanlara güclə çatır. Odur ki, müalicəmi öz hesabıma qarşılamağım mümkün deyil”.

Qanunla…

Azərbaycanda mövcud qanunvericiliyə görə, Qarabağ əlillərinin tibbi reablitasiyası Azərbaycan daxilində pulsuz, müalicəsi ölkədə mümkün olmayan müharibə əlillərinin isə müalicə almaq üçün xarici ölkələrə göndərilmələri dövlət hesabına olmalıdı.

Eks-prezident Heydər Əliyevin də bu barədə sərəncamı var. Həmin sərəncama əsasən, müalicəsi ölkə daxilində mümkün olmayan əlillər hər il dövlət hesabına xarici ölkələrə göndərilməlidirlər. 1999-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə hər il 70 nəfər əlil Krım vilayətinə, Saki şəhərində yerləşən Burdinka adına sanatoriyaya göndərilirdilər.

Son illər isə əlilliyi olan şəxslər Türkiyəyə yola salınırlar.

Bəs əməliyyat lazım olanda nə edilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev dedi ki, onlar xəstələri xaricə Səhiyyə Nazirliyinin göstərişi ilə göndərirlər: “O da ki, 21 günlük bərpa müalicəsinə. Həmin şəxsə əməliyyat lazımdır.

Bu işlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olmur. Vətəndaş Səhiyyə Nazirliyinə mütraciət etməlidir”.

“Milli Oftalmologiya Mərkəzində onun müalicəsinin ölkə daxilində olub-olmaması müəyyənləşdirilməlidir” Səhiyyə Nazirliyində 2005-ci ildə “Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya” yaradılıb. Komissiyaya Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin mütəxəssisləri daxildir. Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyanın sədri Nəsib Quliyev isə bildirdi ki, Nəzər Əbdürrəhmanov əvvəlcə Milli Oftalmologiya Mərkəzinə gedib gözlərini yoxlatmalıdır. Mərkəzdə onun müalicəsinin ölkə daxilində olub-olmaması müəyyənləşdirilməlidir:

“Əgər müalicəsi ölkə daxilində mümkün deyilsə, Milli Oftalmologiya Mərkəzi bununla bağlı sənəd verməlidir. Vətəndaş ordan aldığı epiqrizlə bizim komissiyaya müraciət edə bilər”.

Ana səhifəXəbərlərQarabağ qazisi: Müalicə almasam, gözüm tamam tutulacaq