Qarabağ qazisi: İcra başçısı deyir, siz də dilənçilik etməyə öyrəşmisiniz

“Biri deyir “Getməzdin Qarabağa”, o biri deyir “Get, Prezident Aparatının qabağında özünü yandır”

Source:
Qarabağ qazisi, foto: musavat.com
Qarabağ qazisi, foto: musavat.com


“Biri deyir “Getməzdin Qarabağa”, o biri deyir “Get, Prezident Aparatının qabağında özünü yandır”

Qarabağ qazisi Vəli Dünyamalıyev Salyan rayonunun Yolüstü kəndində yaşayır. “Yeni Müsavat” qəzetinin əməkdaşları ağır durumda yaşayan Qarabağ qazisinin evindən reportaj ediblər.

Könüllü cəbhəyə yollandım

Qarabağ qazisi 1 otaqdan ibarət daxmada yaşayır. O, Qarabağa könüllü şəkildə gedib. Hər gecəsi ağrılarla keçən Vəli deyir ki, yardım istəyini heç kim eşitmir.

Qarabağ döyüşçüsünün müalicəyə ehtiyacı var: “Bütün bu ağrılar, yarımcan olmağım bəs deyilmiş kimi, böyrəyim də artıq sıradan çıxıb. Həkimə getdim, dedilər ki, ya müalicə olunmalıyam, ya da böyrəyimi kəsib, götürəcəklər. Onsuz da ölümlə mübarizə aparıram, böyrəyimi də götürsələr, necə yaşayacam? Ondan sonra məni basdırsalar, yaxşıdır”.

Maddi vəziyyəti ağır olan Vəlinin müalicə almağa gücü çatmır. Deyir ki, bir yandan xəstəlik, bir yandan da diqqətsizlik onu hər gün bir az da öldürür: “Heç bir kömək almıram. Həkimə gedirəm, dərman yazır ki, “get al”.

Mən o dərmanları necə alım? Adi bir dərman 32 manatdır. Ümumilikdə 396 manat pul alıram. Başqa gəlirim yox, işim yox. İş olsa da işləyəcək qüvvədə deyiləm. 396 manatla ailə saxlayım, yoxsa dərmanlarımı alım? Bir dərmanı alanda digərlərini ala bilmirəm. Evlə bağlı çox müraciət etmişəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxmamın yanında bizim üçün ev tikilir. Sağ olsunlar. Sağlamlığım olmayandan sonra…”

Yavaş-yavaş ölürəm

Qazinin sözlərinə görə, rayonun icra başçısı tərəfindən təhqir edilib: “Salyan rayonunun icra başçısı ilə görüşə getdim ki, ayağıma görə xüsusi tikilən ayaqqabım cırılıb. Kömək etsinlər, onu Bakıda tikdirim. Mənə dedi: “Siz də dilənçilik etməyə yaman öyrəşmisiniz”. Mənə deyilən bu söz heç vaxt yadımdan çıxmaz. Mən bu vətən üçün döyüşmüşəm və bu hala düşmüşəm. Sağlam olsaydım, kiməsə ehtiyacım olardı? Yox… 45 yaşım var. Yavaş-yavaş ölürəm. Mən özümü yox, ailəmi düşünürəm. Onsuz da gec-tez öləcəyik. Amma indi ölsəm, onların vəziyyəti daha da betər olacaq. Diqqətsizlik, qayğısızlıq adama pis təsir edir. Biri deyir, “Getməzdin Qarabağa”, o biri deyir ki, “Get, Prezident Aparatının qabağında özünü yandır”.

Mən buna layiq deyiləm

– Sizə “Get, Prezident Aparatının qabağında özünü yandır” sözünü kim deyib?

– Kəndimizin Bələdiyyə sədri Əlizadə Zeynalov… Gözümün içinə baxa-baxa bu sözləri dedi. Mən buna layiq deyiləm. Sağlamlığımı vətən üçün qurban vermişəm. Heç olmasa, bunu nəzərə alsınlar.

Yolüstü kənd bələdiyyəsinin sədri Əlizadə Zeynalov Meydan TV-yə deyilənləri təkzib etdi: “Vəli heç vaxt elə söz deməz. Özü ilə də danışdım, dedi ki, mən elə söz deməmişəm. Saytda yayımlanan videoda da elə söz demir. Biz hazırda ona ev tikirik, iki maşın qum tökdürmüşəm qapısına. Hər ay da yardım edirəm. Niyə desin belə bir sözü?”

Ana səhifəXəbərlərQarabağ qazisi: İcra başçısı deyir, siz də dilənçilik etməyə öyrəşmisiniz