Qarabağ müharibəsinə sözardı və bəzi politoloji müşahidələr

Hücum əmri hərbi qərar idi, siyasi yox

Source:
Rail Səfiyev
Rail Səfiyev
Rail Səfiyev – banner
Rail Səfiyev – banner

Azərbaycan ordusunun əks həmlə ilə erməni silahlı qüvvələrinə zərbələr endirməsi son günlərin söhbəti deyil. Bundan bir az qabaq erməni hərbi birləşmələrinin cəmləşdiyi ərazilərin havadan artilleriya və raket zərbələri ilə vurulduğunu Müdafiə Nazirliyinin yaydığı videolarda görmüşdük. Müşahidə olunan Azərbaycanın pilotsuz təyyarələrdən istifadəni hərbi üstünlüyə çevirməsi idi. Əslində Ermənistan və Azərbaycan arasında müharibə vəziyyəti konyunkturada boşluq yaranan kimi siyasətin hərbi üsulla davamını şərtləndirir.

Diqqət yetirdinizsə, müdafiə naziri Zakir Həsənov bir neçə dəfə “

əməliyyat şəraiti nəzərə almaqla

” ifadəsini işlətdi. Bəli, silahlı toqquşmaların birdən-birə alovlanması elə bu əlverişli hərbi vəziyyətin və əməliyyatların effektivliyi nəzərə almaqla baş vermişdi. Azərbaycan ərazilərinin işğalı ilə permanent təhlükə vəziyyətində olduğunu nəzərə alsaq, silahlı toqquşma müharibə vəziyyətinin tərkib hissəsidir və burada təəccüblənəcək bir şey yoxdur.

Bəs onda fərqli nə baş verdi? Əlbəttə, bu dəfə əhalinin daha artıq iştirakçılığı hərbi toqquşmaya emosional çalarlar gətirdi. Əsgər itkiləri, informasiya müharibəsinin alovlanması və gözlənilmədən dünya mediasının artan diqqətini də əlavə etsək, xırda müharibə ətrafında birdən-birə böyük ajiotaj yarandı. Həm də atəşkəs anlaşmasından bəri ilk dəfə idi ki, Azərbaycan silahlı qüvvələrinin cəbhə xəttində irəliləməsi baş verirdi.

Xüsusən dünya mediasının diqqətini cəlb etməyin vacibliyini anlayan, hərbi zəifliyini özünü müdafiəsiz göstərməklə əvəzləmək istəyən Ermənistana məsələni daha da şişirtmək sərfə verirdi.

Ermənistanın və onların tutma şərhçilərinin hərbi əməliyyatları Rusiya-Türkiyə münaqişəsi çərçivəsinə qaldırmalarının arxasında Rusiyadan təhlükəsizlikləri üçün daha artıq qarantiya almaq istəyi dayanır. Çünki belə halda təhlükə süni olaraq böyüdülür və Rusiyaya “xidmət”in qiyməti də qalxır. Lakin müşahidə olunan Rusiyanın hər iki münaqişə tərəfinə təxminən eyni qaydada yanaşmasıdır. Belə qüvvələr pariteti Rusiyaya regionda yetərincə nüfuz saxlamağa imkan verməklə yanaşı, həm də hər iki tərəfin etimadını doğrultmaq baxımdan lazımdır.

Rusiyanın narahatçılığı və konfliktin yarada biləcəyi risk Türkiyə və digər müsəlman ölkələrindəki rus şərhçilərinin təbirincə desək, bu, bulanlıq suda balıq tutmaq istəmələri ola bilər. Ona görə də Rusiya indiki hərtərəfli həlqəyə alındığı vaxtda Qarabağda silahlı müharibə şəraitinin davam etməsini istəmir, buna Qərbə müdaxilə şansı vermək kimi baxır. Rusiyaya hansı tərəfin üstünlük qazanmasından daha çox münaqişənin nəzarətdə saxlanıla bilməsi və tənzimlənən, “donu açılmayan” konflikt lazımdır.

Müharibə burulğanı

Əvvəla, hücum qərarı Azərbaycan ordusunda yekdillik və ordu komandanlığının sınaqdan çıxarılmış vasitələri tətbiq etmək bacarığını göstərdi. Həm də onu göstərdi  ki, Azərbaycan ordusunda təlim, texniki hazırlığa diqqət, əmrə tabelilik və savaşmaq əzmi və ən əsası mərkəzdən idarəolunma mövcuddur. İkincisi, Qarabağ uğrunda şəhid olmaq Azərbaycan vətəndaşı üçün müharibə sevinci ilə üst-üstə düşdü.

Bu müharibədir və rəhbərləri tərəfindən uzun illər kollektiv yaddaşında düşmənləşdirdiyi millətlə aparılan mübarizədir. Bu o deməkdir ki, münaqişə yalnız hərbi əməliyyatlarla bitməyəcək. Şübhəsiz ki, bu müharibə burulğanında həm o tərəfdə, həm biz tərəfdə itkilər olacaq.

Azərbaycan ordusunun gözləniləndən artıq şəhid verməsi hərbi əməliyyatlar üzrə əmrlərin qısa zaman kəsiyində verilməsi, əməliyyatların yenicə başlanması, həm də qarşı tərəfin bütün qüvvəsi ilə müdafiəyə keçməsi ilə izah oluna bilər. Dağlıq şəraiti, Ermənistan ordusunun daha əlverişli mövqelərdə dayanması xırda əməliyyatları çətinləşdirir.

Lakin silahlı toqquşmanın davam edəcəyi təqdirdə hərbi əməliyyatlar daha kəsərli olacaqdı. Məsələni çətinləşdirən ölkə rəhbərliyinin məhz xırda müharibə ilə kifayətlənmək məcburiyyəti idi, çünki daha genişmiqyaslı əməliyyatlara Rusiyadan və Qərbdən maneələr peyda olacaqdı. Xarici medialarda müşahidə etdiyimiz coşğulu əks reaksiyalar da bunu sübut edir. Buna görə də Azərbaycanın təkbaşına konflikti həll etmək çabası həm də beynəlxalq şəraitin yetişməsinin vacibliyini göstərir.

Qərb rəsmi dairələrinin səssizliyi

Avropada Azərbaycana münasibət birmənalı deyil, Ermənistanın regionda Qərbin maraqlarına zidd hərəkətlərinə baxmayaraq, – məsələn, Rusiya ilə hərbi alyansı – Azərbaycanın mövqeyi orada ciddi dəstək qazanmayıb. Rəsmi dillə deməsələr də, Qərb dairələri Qarabağ problematikasını keçmiş Sovet məkanındakı digər separatist münaqişələrdən ayırmağa meyllidirlər.

Demokratiya və insan haqları mövzusunda tənqidlərini qoyuram qırağa, Qarabağ mövzusu Avropa, ABŞ administrasiyası və Rusiya arasında ən çox anlaşdıqları, əməkdaşlıq edə bildikləri mövzudur. Gürcüstan və Ukrayna hallarında isə Qərb Rusiya ilə açıq konfrantasiyaya gedir.

Türkiyə-Ermənistan açılımı uğursuz bitəndən bəri Qərbin Qarabağ məsələsinə təsir rıçaqları tükənib. Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması, Azərbaycanın isə Avropa İttifaqı ilə assosiasiya sazişlərini imzalamaq istəməməsi ilə bu təsir minimuma enibdir. Ermənistan indi Rusiyanı Qərblə tarazlaşdırmaq istəyir. Ermənistan prezidentinin  Almaniyada olarkən Rusiya haqqında tənqidi fikirlər səsləndirməsi, Azərbaycana silah satmasından

şikayətl

ənməsi belə mövqenin ilk təzahürləri ola bilər.

Azərbaycan öz partyornlarını, məsələn, Rusiyanı təhlükəyə salmaq istəmir. Bu mənada Əli Həsənov qeyd etdi ki,

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətləri Azərbaycanı narahat etmir

. Rusiyanı münaqişə tərəfi kimi görməmək və bu ölkə ilə münasibətləri korlamamaq istəyindən irəli gəlir. Rusiya ilə münasibətlər əlbəttə tam strateji olmasa da, ancaq İlham Əliyevin prezidentliyi dövründə yüksələn xətt üzrə və hər iki tərəf arasında ciddi anlaşılmazlıq olmadan sürübdür.

Rusiya Türkiyə qarşıdurmasımı?

Bir çox şərhçilər Ermənistanın Rusiyanın göstərişi ilə hərəkətə keçdiyini və birdən-birə savaşın alovlanmasını Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfəri və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla bundan əvvəl apardığı görüşlərlə əlaqələndirməyə çalışırlar. Xüsusilə Ərdoğan-Putin şəxsi düşmənçiliyi fonunda Türkiyənin Rusiya ilə münasibətlərini Qafqaz müstəvisinə köçürməsi bəzilərinə ağlabatan görsənir.

Bunlar həqiqətdən uzaqdır. Konfliktlə birbaşa əlaqədə olmayan şərhçilərin “niyə birdən-birə müharibə qızışsın ki” deyə təəccüblənmələri məsələdə uzaq mətləblər axtarmaqdır. Ümumiyyətlə, bəzi şərhçilər hər məsələdə “arxa plan”, “kənar qüvvələrin əli”, “jest” kimi məvhumlardan çox istifadə edirlər və hər siyasi hadisədə məna, qanunauyğunluq tapmağa çalışırlar. Yaddan çıxarmaq lazım deyil ki, beynəlxalq siyasət həm də anarxik bir sistemdir.  Burada tənzimlənməyən, nizamsız baş verən xeyli sayda məsələlər və hadisələr olur.

Əvvəla, Ermənistanın Rusiya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi var. Azərbaycanla Türkiyə arasında

hərbi müttəfiqlik

isə 2010-cu ildən bəri mövcud olan Ali Strateji Əməkdaşlıq Şurası səviyyəsində məsləhətləşmələr, silah alışı və zabitlər hazırlığından və verbal dəstəkdən o yana keçmir. Beləliklə, Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə zəmanətçi duracağı ilə bağlı razılaşma olmadığı bir şəraitdə sonu bilinməyən bir münaqişəyə qatılacağını da demək çətin olardı. Diplomatiyada belə mövzuların dövlətlərarası müqavilələrlə öncədən tənzimləndiyini yaddan çıxarmayaq.

Hələlik Ərdoğan hakimiyyəti Türkiyə Xarici İşlər Nazirliyinin Qafqazda illərlə bitərəf partnyor kimi qurmağa çalışdığı təmasları alt-üst etməklə məşğuldur. Ancaq nəzərə almaq lazımdır ki, Türkiyə ilə Rusiya arasında yaxınlaşdırıcı çoxlu nüanslar var, bu da nəqliyyat dəhlizləri, vacib iqtisadi ehtiyaclardır. Gec-tez Türkiyə və Rusiya bu vacib mövzularda yaxınlaşmağa qədəm qoyacaqlar.

Münaqişə bundan sonra

Aydındır ki, Ermənistan tərəfi artıq neçə illərdir ki, münaqişədəki durğunluqdan sui-istifadə etməyə çalışırdı. İndi belə başısoyuqluluğun və cəzasızlığın hansı nəticələr verəcəyini anlayacaqdır. İndi danışıqlarda sülhün əldə oluna bilməməsinin günahı Ermənistanın üzərində olacaqdır və beynəlxalq təşkilatlar və böyük dövlətlərin təzyiq göstərmələri sözkonusu ola bilər.

Ermənistan hakimiyyəti üçün iqtisadi blokada təhlükəsi, regional layihələrdə iştirak edə bilməmək önəm kəsb etmir. Bir vaxtlar Türkiyə ilə sərhədlərin açılması mövzusu Gürcüstanla müharibə şəraitində olan Rusiyadan aralı düşmək qorxusundan irəli gəlmişdi və Ermənistan yarirazı-yarınarazı bu işə əl qoymuşdu.

Hərbi toqquşmanı dayandırma səylərindən sonra konfliktin həllində həlledici rol Rusiyanın üzərinə düşür. Rusiyanın özü isə konflikti necə çözəcəyini bilmir. Ola bilsin ki, əvvəlki illərdə olduğu kimi bu dəfə də təşəbbüsü Minsk Qrupu çərçivəsində fəaliyyətdə olan digər həmsədr dövlətlərə ötürsün.

Rusiya Azərbaycanın müəyyən hərbi üstünlüklərinə göz yumacaqdır. Bundan əvvəl də Rusiyanın Azərbaycanın Ermənistana təzyiq göstərməsinə biganə münasibəti ilə danışıqlar prosesində cüzi də olsa dəyişiklik etmək istədiyinin şahidi olmuşuq. Çox güman ki, Ermənistana ayrılan hərbi krediti də verməyəcəkdir. Ermənistanın ən böyük səhvi ruslara Gümri və Erebuni də hərbi bazalar yerləşdirməyə razılıq verməsidir.

Son vaxtlarda hərbi vertolyotlar və təyyarələrlə həmin bazalar daha da gücləndirilmişdi və Ermənistanın hərbi hava məkanı bütövlükdə Rusiyanın ixtiyarındadır. Bunlar Ermənistanı sözdə düşmənlərindən qorunmasından çox, əslində Rusiyanın mənafelərinin regionda təmsil olunmasına xidmət edir. Ermənistan rəhbərliyi anlamır ki, onun özünə Azərbaycan və Türkiyə tərəfindən təhlükə yoxdur, Qarabağda isə Rusiya Ermənistanı yalnız ən zəruri hallarda müdafiə edəcək.

Belarusun hərbi toqquşma başlarkən

“ərazi bütövlüyü” çağırışı

və Qazaxıstandan gələn Azərbaycan tərəfinə açıq dəstəklə müşahidə olunan

reaksiyalar

keçmiş Sovet İttifaqı məkanında inteqrasiya proseslərinin yalnız Rusiyanın istəyi ilə baş vermədiyini, əslində münasibətlərdə iqtisadi amillərin çəkisinin böyüdüyünün göstəricisidir. Rusiya anlamalıdır ki, onun qonşuları ilə inteqrasiya münasibətləri iqtisadi zəminə söykənməlidir.

Bu mənada sadəcə konfliktləri dondurmaqla daha əlverişli iqtisadi layihələri təhlükə altına qoyula bilər. Avrasiya regionunda iqtisadi əməkdaşlıq birtərəfli ola bilməz, bunun üçün regionda iqtisadi potensialı ilə seçilən ciddi inteqrasiya subyektləri yaranıbdır.

Azərbaycan indi Rusiyanın geostrateji maraqlarını Qərbə itirməməsi baxımdan önəmlidi. Ona görə də Azərbaycanla münasibətlərinin tam strateji partnyor səviyyəsində olduğu halda, əsl etibarlı qonşusunu “incitməklə” Rusiya səhv etmək istəməz. Rusiya bəlkə də Azərbaycana müharibə ilə cavab verər, Azərbaycanı “sakitləşdirməyə” cəhd edər, ancaq axı yaxın ətrafında nə qədər narazıçılıq yaratmaq olar.

Rusiya məsələnin regional müstəvidə Türkiyə ilə birgə həllinə çalışa bilər. Ərdoğanın Minsk Qrupunu işləməməkdə günahlandırması buna işarə ola bilər. Bu halda Rusiya və Türkiyə digər maraqlı tərəfləri region problemlərindən uzaq tutmaq kimi əlverişli imkan qazana bilərlər. Lakin münaqişə alovlandığı vaxt Rusiya və ABŞ arasında yüksək səviyyədə təmaslarda “kənar qüvvələrin” münaqişəni qızışdırmaq

cəhdlərindən

gileylənmələri Türkiyənin böyük güclər tərəfindən bu mövzuda ciddiyə alınmadığı təsirini bağışlayır.

Ana səhifəMənim FikrimcəQarabağ müharibəsinə sözardı və bəzi politoloji müşahidələr