Qarabağ müharibəsi veteranı: Vəkil evimi əlimdən almaq istəyir

“Sədr dedi ki, camaatın evini niyə boşaltmırsınız, sual verdim ki, mənim mülk sənədim olduğu halda niyə boşaltmalıyam və evi boşaldıb kimə verəsiyəm?”

Source: Foto: Meydan TV


“Prezidentə, Birinci vitse-prezidentə müraciət etmişəm”

Əfqanıstan və I Qarabağ müharibəsi veteranı, 3-cü qrup əlil Əbülfət Həşimov 12 il əvvəl aldığı mənzilini itirmək təhlükəsi ilə üzləşib. O, bu təhlükəni ona vətəndaşların hüquqlarını qorumalı olan vəkil Vaqif Əliyevin yaratdığını deyir.

Şikayətçi deyir ki, hər şey 1994-cü ildə sabiq prezident Heydər Əliyevin ona bağışladığı 1 otaqlı evi sataraq, 3 otaqlı mənzil almasından sonra başlayıb.

Əbülfət Həşimov Meydan TV-yə deyib ki, 2007-ci ilin avqustunda Xanımqız Aslanovadan Sumqayıt şəhər, 10-cu mikrorayon, ev 55 ünvanında mənzil alıb. Bunun üçün ona 36 min 500 dollar ödəyib:

“Mənzili alarkən mülk sənədi (“kupça”) olub, ancaq mən almazdan əvvəl MİS-dən evdə kimlərin qeydiyyatda olub-olmaması haqda da arayış aldım. Məlum oldu ki, mənzildə mənə evi satan Xanımqız Aslanova və həyat yoldaşı Qüdrət Aslanovdan başqa üçüncü şəxs qeydiyyatda deyil. Ev təmirsiz idi, qohumlarımın maddi köməyi ilə təmir etdirdim. Ancaq 1 ay sonra Sumqayıt Apelyasiya Məhkəməsindən problemli mənzil olması haqda məktub aldım. Qəribə vəziyyət idi, mülk sənədi, MİS-dən mənzildə 2 nəfərdən başqa qeydiyyatda olmadığı haqda arayış məndə olduğu halda hansı problem ola bilərdi? Məhkəmə araşdırması zamanı məlum oldu ki, mənzil Qalina Kazımovanın adına olub, ölümünə yaxın evi Xanımqız Aslanovaya satıb. Ancaq onun Ukraynada yaşayan oğlu Aydın Kazımov vəkil Vaqif Əliyev vasitəsilə iddia ərizəsi verib ki, guya mənzil onundur. Məhkəmədə Xanımqız Aslanova arxivdən sənəd təqdim etdi ki, evi adına keçirəndə mülk sənədi naməlum şəraitdə itdiyindən məhkəməyə müraciət edib və mənzilin ona məxsus olması barədə sənəd alıb. Eyni zamanda, məhkəmə Xanımqız Aslanovadan Qalina Kazımovanın övladlarının evi onun adına keçirmək üçün razılıq sənədi tələb edib. Nəticədə Qalina Kazımovanın Ukraynada yaşayan övladları Aydın Kazımov və Tamara Kazımova Bakıya gəlib notarius vasitəsilə onlara düşən ev payından imtina etdikləri haqda razılıq sənədinə imza atıblar. Və buna görə Xanımqız Aslanovadan hər biri 2 min dollar alıblar və həmin sənəd məhkəməyə təqdim olundu. Beləliklə, hakim Yusif Cavadovun sədrliyi ilə keçirilən prosesdə yerli məhkəmənin qərarını qüvvədə saxladı. Məhkəmədə o da məlum oldu ki, Xanımqız Aslanova Qalina Kazımovadan evi 5.500 dollara alıb. Bunu prosesdə qonşular da şahid qismində təsdiqlədilər”.

IMG-20191202-WA0009[1].jpg
Mənzilin Xanımqız Aslanovaya məxsusluğunu təsdiqləyən mülk sənədi

Əbülfəz Həşimov apelyasiya qərarının 3 ay tamam olmasına 3 gün qalanda Ali Məhkəmədən daha bir məktub alıb:

“Məlum oldu ki, Vaqif Əliyev kassasiya şikayəti verib. Amma məktub mənə yox, Xanımqız Aslanovanın adına gəlmişdi. O, evdə qeydiyyatda olsa da, yaşamırdı. Məhkəmə prosesləri vaxtımızı aldığı üçün qeydiyyatdan çıxarda bilmədim, indi də qalır. Ali Məhkəmədə hakim Qəhrəman Allahverdiyin sədrliyi keçirilən prosesdə kassasiya şikayəti təmin edildi və iş yenidən apelyasiyaya göndərildi. Guya Sumqayıt məhkəmələrində işə qanuni baxılmayıb. Hələ bu görünən tərəfidir, prosesdə aşkarlandı ki, Qalina Kazımovanın övladlarının mənzil payından imtina etdikləri haqda notarius sənədi, “kupça” və onun özünün imzalı məktubu iş materiallarında yoxdur. Yəni bu sənədlər “itib”. Deməli, Vaqif Əliyev öz əlaqələri vasitəsilə Ali Məhkəmədən istədiyi qərarı ala bildi. İşə yenidən baxan şəhər məhkəməsində hakim Rasim İsgəndərov Xanımqız Aslanovanın əleyhinə qərar çıxartdı və iş yenidən Ali Məhkəməyə getdi, orda da əleyhimizə hökm çıxarıldı. Qətnamədə qeyd olunub ki, ev əvvəlki vəziyyətinə gətirilsin, yəni vəfat etmiş Qalina Kazımovanın adına rəsmiləşdirilsin. Absurda baxın, məhkəmə ölmüş adamın adına evin rəsmiləşdirilməsi barədə qərar çıxardır. Bir haşiyə çıxım, prosesdə artıq Aydın Kazımov yox, Vaqif Əliyev canfəşanlıq edirdi. Mən yalnız bundan sonra özüm prosesə müdaxilə etdim, çünki ortada 36 min dollardan çox pulumun itməsi təhlükəsi yaranmışdı. İşə yenidən Sumqayıt Şəhər Məhkəməsində hakim Şövkət Nəcəfova baxdı, mənzilə 55 min manat qiymət qoyuldu. Vəkil Vaqif Əliyev məbləğin çox olması haqda şikayət verdi. İş apelyasiyaya göndərildi, hakim Nazim Nəcəfovun sədrliyi ilə keçirilən iclasda qəbul edilən qətnamədə qeyd olundu ki, alıcı Əbülfət Həşimovun maraqlarına toxunmamaq şərtilə icra şöbəsi Aydın Kazımovdan 5500 dollar alıb Xanımqız Aslanovaya verməli, o da bunun üstünü düzəldib mənə 43 min manat ödəməlidir. Bugünkü gün Sumqayıtda 43 min manata 1 otaqlı ev də almaq mümkün deyil. Oktyabrın 4-də məhkəmədə Vaqif Əliyev 5500 dolları verirdi, çünki evi o almaq istəyir. Burda bir haşiyə çıxım: 3 il əvvəl məni Sumqayıt Şəhər Məhkəməsinin icra şöbəsinə çağırdılar, sədrin kabinetinə daxil olanda Vaqif Əliyevi də orda gördüm. Sədr dedi ki, camaatın evini niyə boşaltmırsınız, sual verdim ki, mənim mülk sənədim olduğu halda niyə boşaltmalıyam və evi boşaldıb kimə verəsiyəm? Aydın Kazımovun adını çəkəndə, bu adamın notariusda ev payından imtina etməsi haqqında sənədi təqdim etdim. Bunu görəndə, sədr susdu, Vaqif Əliyev isə qızardı. Çünki Vaqif Əlliyev elə bilirdi ki, həmin sənəddən bir ədəd olub, o da itib, halbuki, orjinalı məndəydi. Məhkəmədən çıxanda Vaqif Əliyev iki oğluya düşdülər üstümə ki, evi boşaltmalısan. Deyirdi ki, səndəki mülk sənədi saxtadır, məgər, dövlətin “kupça”sı saxta olur? Məndə mülk sənədi var və həmin evdə qeydiyyatdayam. MİS-dən arayışım var, əgər “kupça” saxtaydısa, niyə arayış verirdilər?! Mən Xanımqız Aslanovadan qanuni sənədlə ev almışam, notariusda təsdiqlənib və bank vasitəsilə pulu ödəmişəm.

Vaqif Əliyevin bir oğlu şəhər İqtisad Məhkəməsində hakim köməkçisi işləyir. Bəlkə bu sualımın yeri deyil, amma verməliyəm, bu adam hakim köməkçisi kimi nə qədər maaş alır ki, paytaxtdakı yeni tikilidən ev alıb? İddia edirəm ki, aldığı rüşvətlərin hesabına mənzil əldə edib”.

IMG-20191202-WA0010[1].jpg
Mənzilin Əbülfəz Həşimova məxsus olduğunu təsdiqləyən mülk sənədi

Əbülfət Həşimov bildirib ki, o, mənzilin yenidən qiymətləndirilməsi ilə bağlı iddia qaldırıb:

“Çünki 2007-ci ildə mənzili 36 500 dollara almışam, həmin ildən sonra dollar dəfələrlə bahalaşıb və evi təmir etmişəm, xərcim çıxıb. Ona görə indeksasiya keçirilməli və yenidən qiymətləndirmə olmalıdır. Gətirib 80 min manat versinlər, evi boşaldıram. Mən Əfqanıstan və Qarabağ müharibələrində iştirak etmişəm, özüm də əliləm, indi bu vəziyyətdə bomj kimi küçədə qalmalıyam?! Qarşılaşdığım özbaşınalıqla bağlı dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişəm, amma məktublarımın onlara çatdığına şübhəylə yanaşıram, çünki hələ reaksiya yoxdur. Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Milli Məclisə, Dövlət Təhlükəsizlik Xidmətinə yazmışam. Elə Meydan TV vasitəsilə Vəkillər Kollegiyasının sədri Anar Bağırova müraciət edirəm, sizin qurumun üzvü Vaqif Əliyev Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısı, əlil olan adamın mənzilini əlindən almaq istəyir və bunun üçün müxtəlif qanunsuz əməllərə əl atır, tədbir görün”.

Vaqif Əliyev öncə Meydan TV-yə danışmaq istəmədiyini söyləyib. Sonradan bildirib ki, yalnız müxbir işlədiyi vəkil məsləhətxanasına gəldiyi təqdirdə hansısa açıqlama verə bilər.

Vəkillər Kollegiyasından isə bildirilib ki, Əbülfət Həşimov sədr Anar Bağırovun adına ərizəylə müraciət etsin.

IMG-20191202-WA0012[1].jpg
Qalina Kazımovanın oğlunun Xanımqız Aslanova təqdim etdiyi arayış
IMG-20191202-WA0011[1].jpg
Qalina Kazımovanın oğlunun Xanımqız Aslanovaya təqdim etdiyi arayış
IMG-20191202-WA0013[1].jpg
Məhkəmə qərarı
IMG-20191202-WA0006[1].jpg
Məhkəmə qətnaməsi
IMG-20191201-WA0001 (1).jpg
Əbülfət Həşimovun Əfqanıstan müharibəsində iştirakını təsdiqləyən mükafatlar
Ana səhifəBölgəQarabağ müharibəsi veteranı: Vəkil evimi əlimdən almaq istəyir