Bəxtiyar İmanov, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Ayaz Məhərrəmli

Mənbə: Fuad Qəhrəmanlının şəxsi arxivindən

Başlıq: Bəxtiyar İmanov, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Ayaz Məhərrəmli

“Qarabağ məhbusları”na hökm oxundu

Məqalə yeniləndi:  14 İyun 2021

12 nəfərin məhkəməsi yekunlaşdı

Tovuz istiqamətindəki döyüşlərdən sonra - 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən Qarabağa və Orduya dəstək yürüşüylə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb olunanlardan 12 nəfərə hökm oxunub. Onların arasında AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Məmməd İbrahim, Bəxtiyar İmanov da var. Hökmü Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov çıxarıb. Lakin hökm Bakı Apelyasiya Məhkəməsinin binasında elan edilib.

Hökmə əsasən, adları çəkilən AXCP funksionerləri də daxil olmaqla, 12 nəfər yürüş zamanı Milli Məclisin binasına qanunsuz daxil olma, binaya və oradakı əşyalara ziyan vurma, ərazidə polis avtomobilinin aşırılması və s. əməllərdə təqsirli bilinib. Hökmdə yazılıb ki, Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (özgə əmlakını zədələmə və ya məhvetmə), 233 (ictimai asayişin pozulması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq) maddələrilə ittihamlar məhkəmədə şahid və zərərçəkmiş ifadələri, videogörüntülər və başqa dəlillərlə sübuta yetirilib.

Məhkəmə təqsirləndirilən şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsinin tətbiqini məqsədəuyğun hesab edib.

Fuad Qəhrəmanlı və Məmməd İbrahim qanunsuz hərəkətlərin təşkilatçısı kimi təqdim olunaraq, onların hər birinə 4 il 1 ay şərti cəza verilib.

AXCP Rəyasət Heyətinin digər iki üzvü – Ayaz Məhərrəmli və Bəxtiyar İmanova isə 3 il 7 ay şərti cəza verilib. Qalan təqsirləndirilən şəxslərə təyin edilən şərti cəzanın müddəti isə 2 il 7 ay olub. Eyni zamanda, onların hər birinə verilən şərti cəzadan 6 ay az olmaqla, sınaq müddəti təyin edilib.

Barələrində ittiham hökmü çıxarılan AXCP funksionerləri Meydan TV-yə bildirib ki, apelyasiya şikayəti verəcəklər.

Fuad Qəhrəmanlı bildirib ki, bu hökm saxta, qurama əsaslarla başlanmış cinayət işinin yekunu idi: “Bu məhkəmə bizim təqsirliliyimizi yox, əksinə, təqsirsizliyimizi ortaya qoydu. Bir daha aydın oldu ki, siyasi sifariş əsasında müxalifətə qarşı repressiya məqsədilə qurama cinayət işi düzüb-qoşublar. Biz apelyasiya şikayəti verəcəyik. Ona görə yox ki, apelyasiya məhkəməsindən obyektivlik gözləyirik. Belə bir illüziyamız yoxdur. Sadəcə, prosedur mərhələ kimi baxırıq. Məqsəd bu işi Avropa Məhkəməsinə aparıb çıxarmaqdır”.

Fuad Qəhrəmanlı hesab edir ki, Azərbaycan hökuməti bu cinayət işi və həbslərlə cəmiyyətdə qorxu mühiti yaratmağa çalışırdı. Onun fikrincə, istədiyinə nail olmadı: “Cəmiyyət ilk gündən bizə qarşı ittihamların qurama olduğunu anladı, bu işin siyasi motivli olduğunu dərhal başa düşdü. Beynəlxalq təşkilatlar da öz reaksiyaları ilə bunu büruzə verdilər. O yürüşdə iştirak edənlər bu ölkənin milli maraqlarına, ərazi bütövlüyünə biganə olmayan insanlardılar”.

Fuad Qəhrəmanlı əlavə edib ki, istər siyasi, istərsə də hüquqi müstəvidə mübarizəni davam etdirəcəklər.

Yürüşlə bağlı 2020-ci ilin iyulunda həbs olunub, noyabr-dekabr aylarında ev dustaqlığına buraxılan 36 nəfərin işi bir neçə qrupa bölünüb. 12 nəfərlik daha bir qrupun məhkəməsi iyunun 21-də yekunlaşacaq. Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusifli və daha 11 nəfərə çıxardığı hökm həmin gün elan olunacaq. Daha 12 nəfərin mühakiməsi isə davam edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  14 İyun 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1lw3u3

Ən çox baxılan