Mən dəfələrlə Ağdam atçılıq təsərüfatına məktublar yazsamda cavab ala bilmədim, sonradan öyrəndim ki, bu ərazilər ermənilər tərəfindən işğal olunub.
Araşdırmaçı jurnalist dostumuz Səbuhi Məmmədlinin “Almaniyada Qarabağ atları yetişdirirlər. Onlarla maraqlana bilərsənmi? ” – xahişini oxuduqca Qurban Səidin yazıb bizə bağışladığı “Əli və Nino“ əsərinin bir epizodu gözlərimin qarşısında canlanmağa başladı… “Müqəddəs Vəli Saray bəyin bir dəfə düşmənləri tərəfindən təqib olunarkən atını Şuşanın yerləşdiyi dağın təpəsində çapır. Təqib edənlər ona yaxınlaşmamışdan onun atı nəhəng sıçrayışla dağların, qayaların və Şuşanın üstündən uçub qeyb olmuşdu. Möminlər bu gün belə nəcib heyvanın endiyi qayalarda həkk olunmuş nal izlərini görə bilmişdilər. Bizim diyarda hər şey gözəldir, ancaq bu diyarın ən gözəl şeylərindən biri də Qarabağ atları idi.. Bu möcüzəli at cinsini meydana gətirənə qədər insanlar yüz illər boyu durmadan əmək sərf etmiş və nəticədə yeni at cinsi – Qarabağın məşhur kəhər atı yaranmışdı. Dünyanın ən məşhur cins atı Qarabağın qırmızı qızılı rəngli atı idi…“
Səbuhinin yazdığı cəmiyyəti və onun rəhbəri xanım Verena Scholianı çox asanlıqla tapdım və Qarabağ atları ilə maraqlandığımı bildirdim. Çox səmimi şəkildə bizə görüş verdi.
Qarabağ atlarının Almaniyada saxlandığı görüş yerinə gələndə (Hessen əyalətinin Ginsheim qəsəbəsi, Frankfurt am Main şəhərindən 40 km. məsafədə) gözlərimə inanmadım. Qapısının üstündə „İG Karabagh und eurasische Pferderassen e.V“ (Qarabağ və Avroasiya Atları Həvəskarları Cəmiyyəti) yazılmışdı.
Səmimi tanışlıqdan sonra Verena xanım Qarabağın məhşur kəhər atlarını nə zamandan tanıdığını və onlara olan sevgisindən danışarkən bildirdi ki, “1989-cu ildə Rusiyadan gətirilən “İnturist“ adında bir at aldım, sənədləri kiril əlifbasında olduğu üçün bir mütəxəssisə oxutdurdum, məlum oldu ki, “İnturist“ Qarabağ at cinsindəndir. Bu at cinsləri barədə maraqlanmağa başladım. Araşdırmalarımdan aydın oldu ki, yaradılması XVII-ci əsrə aid, dünyanın ən qiymətli at cinslərindən birinin sahibi olmuşam. O vaxtdan etibarən Qarabağ atlarının yetişdirilib, artırılması ilə məşğulam. 1994-cü ildən cəmiyyətimiz fəaliyyət göstərir. Mən dəfələrlə Ağdam atçılıq təsərüfatına məktublar yazsamda cavab ala bilmədim, sonradan öyrəndim ki, bu ərazilər ermənilər tərəfindən işğal olunub. Azərbaycanla ilk əlaqələrim 2002-ci ildə yarandı. O zamandan hər il Azərbaycana, Şəki şəhərinə gedirəm. Qarabağ atlarının kataloqunu çap etdirmişəm. Gözəl rəngi və mütənasib bədən quruluşu onu başqa at cinslərindən fərqləndirir. Bu atlardan götürülən rəng nümunələri hazırda Berlində yerləşən bir elmi-labaratoriyada araşdırılır“.
Daha sonra biz Qarabağ atlarının saxlandığı fermaya getdik. Verena xanım bizə sarı-qızılı rəngli Sirli, Şəki və Serko adlı Qarabağ atlarını göstərdi.
Verena xanım bildirir ki, yayda Sirlinin növbəti dəfə balası dünyaya gələcək. Doğma atların əhatəsində Qarabağda olduğum günlər gözlərimin qarşısında canlandı… Həm kədərləndim, həm də qürur duydum. Kədərləndim ki, doğma Qarabağımız hələ də düşmən tapdaqları altındadı, qürurlandım ki, bu atlar qürbətdə Qarabağ adlı ilə Azərbaycanı təmsil edirlər. İnanıram ki, bu ünvan burada yaşayan ailələrimiz üçün böyük marağa səbəb olacaq. At muraddır deyirlər, bizim də muradımız Qarabağa qovuşmaqdı!
Sərvan Səmədoğlu