Qarabağ əlilləri və məcburi köçkünlər evsiz qalıb (VİDEO)

Qazax rayonunun Qazaxbəyli kəndində məcburi köçkünlər üçün şəhərcik salınıb. Ərazidə 10 dördmərtəbəli, 304 mənzilli bina tikilib. Uzun illər müxtəlif inzibati binalarda, yaşayış üşün yararsız olan yerlərdə məskunlaşan köçkünlər yeni evlərinin sevincini yaşayırlar. Amma narazılıq edənlər də az deyil.

“24 ildir kənddən çıxmışıq. O vaxtda gətirib yarıdağılmış binalarda yerləşdiriblər. Bu illər ərzində qorxu içində yaşamışıq ki, bina başımıza uçacaq. İndi çox sağ olsun cənab prezident, biz məcburi köçkünləri yeni mənzillərlə təmin edib. Amma həmin yeni tikilmiş binalardan yenə bizə ev vermirlər. Bir evdə 3 ailə yaşamışıq, 36 yaşım var, evlənməliyəm, amma icra hakiminin müavini Fərman Nağdalıyev deyir ki, sənə ev vermirik. Hazırda məskunlaşdığım evin də işığını kəsiblər ki, çıx burdan. Mən harda yaşamalıyam, dərdimi kimə deməliyəm, bilmirəm. Cənab prezidentə, xanımına dəfələrlə məktub yazmışam, amma heç bir müsbət cavab yoxdur”- deyir, Elnur Əsgərov

Digər məcburi köçkün Gülşad Məmmədova da ev ala bilməyənlər siyahasındadır. 1992-ci ildən bağçada məskunlaşdığını deyən Gülşad ona hansı səbəbdən ev verilmədiyini bilmir: “İki övladım var. Bağçada tək yaşayıram. İki körpə qızla ortada qalmışam. Kimə şikayət edirəm, baxmırlar. Deyirlər, sənə ev düşmür. Mənim yaşadığım həyatı qızlarım da yaşamalıdır?Ev təpəmə uçur. Nə vaxta kimi biz burda yaşamalıyıq? Evlərin hamısı qeyri-qanuni paylanılıb. Evi, villası olanlara yenə ev veriblər, amma bizim kimilərə ev vermirlər”.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, deyilənlər tamamilə əsassızdır: “Evlər hər bir məcburi köçkün ailəsinə qayda-qanunlar çərçivəsində verilir. Evlərin bölünmə prosesi də tam şəffafdır. Və heç bir neqavit hala yol verilə bilməz. Komitə tərəfindən tikilmiş qəsəbələrə və hündürmərtəbəli binalara köçürülməsi üçün nəzərdə tutulan məcburi köçkünlərin siyahısı bir neçə il bundan əvvəl məskunlaşma və işğal rayonlarının icra hakimiyyətlərinin məsul işçilərinin və “Qaçqınkom” tərəfindən yaradılmış Komissiya üzvlərinin iştirakı ilə araşdırılaraq dəqiqləşdirilir və həmin mənzillərə köçürüləcək məcburi köçkünlərin ailə tərkibləri müəyyənləşdirilir”.

Artıq evlərin paylanılması başa çatıb, amma 20-dən çox ailə yenə də evsiz qalıb.


Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.



Whatsapp nömrəmiz: +49 176 16263646

Ana səhifəVideoQarabağ əlilləri və məcburi köçkünlər evsiz qalıb (VİDEO)