Mənbə: Meydan.TV

Qarabağ əlili: “Sahibkarlar torpağımızı almaq üçün suyumuzu kəsirlər”

Qarabağ əlili: “Sahibkarlar torpağımızı almaq üçün suyumuzu kəsirlər”

“Böyük torpaq sahibləri bizim suyumuzu kəsir ki, istifadəsiz qalmış torpaqları əlimizdən dəyər-dəyməzə alsınlar”.

Bu sözləri İmişli rayon Qaravəlli kənd sakini 1-ci qrup gözdən əlil Əli Əliyev deyir.

Onun sözlərinə görə, bu il həmin kənd sakini, 2-ci qrup Qarabağ əlili Bəhlul Nəhmətovla birlikdə pay torpaqlarında bostan əkmək qərarına gəliblər. Həyətyanı sahələrində olan mal-qaranı sataraq bu işə sərf ediblər. 2.7 hektar sahədə bostan əkiblər, bostana hər cür qulluq göstəriblər.

Sahənin suvarılma vaxtı çatıqda suvarma suyu qıtlığı səbəbi ilə tağları yanıb. Şikayətçinin sözlərinə görə, suyun olmamasının səbəbi kəndin yuxarısında yerləşən böyük sahibkarların su kanalını kəsərək öz təsərrüfatlarına yönləndirməsi olub. Əli Əliyev deyir ki, dəfələrlə aidiyyatı qurumlara – İmişli Rayon İcra Hakimiyyətinə, Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət etsə də, onun əkin sahəsi su ilə təmin edilməyib. Nəticədə qarpız tağlarının üzərindəki məhsul büzüşərək məhv olub, tağlar isə yanıb.

Təsərrüfata 3 mindən artıq vəsait sərf edən şəriklər bu vəsaiti kimdən alacağını bilmədiklərini deyirlər. Digər şərik Bəhlul Nəhmətov deyir ki, o, hələ də bədənində qəlpə gəzdirir və iki dəfə ürək əməliyyatı keçirib:

“Kiminsə qapısında durub pul istəmirəm, kiminsə qazancına şərik olmuram. Öz zəhmətimlə ailəmi dolandırmağa çalışıram, amma məni ailə dolandırmağa qoymurlar. Bu ölkədə yaşamaq mənim haqqım deyil? Niyə mənim suyumu kəsirlər? Aylardır zəhmət çəkib becərdiyim bostanı susuzluqdan məhv edirlər. Aylardır iki əlil ailəsi bu sahədə zəhmət çəkir, qarşılığı heç nə. Düşmən-düşmənə bunu etməz”.

İmişli Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyilib ki, kəndlərin əksəriyyətində susuzluq problem var və qurum bundan xəbərdardır:

“Məsələ hansısa məmurun suyun qarşısını kəsməsi deyil. Ümumilikdə ərazidə su problem var. Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti də bu məsələdən xəbərdardır. Problemin həlli üçün layihələr həyata keçiriləcək“.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/pm5x17

Ən çox baxılan