Valeh Qarayev: Elə yanırdı ki, yaxına gedə bilmədik

Mənbə: Meydan TV

Başlıq: Valeh Qarayev: Elə yanırdı ki, yaxına gedə bilmədik

Qarabağ əlili: Qonşular yemək gətirir, yeyirik

“Vaxtında gəlsəydilər, xilas etmək olardı”

Göyçayın Ləkçıplaq kəndində yaşayan Qarabağ əlili Valeh Qarayevin evi yanıb. Hadisə zamanı onun anası ürək tutmasından vəfat edib.

“Yanğınsöndürənlər gec gəldi”

Yanğın iyulun 31-də baş verib. Valeh Qarayev həyat yoldaşının Alıkənddəki ata yurduna Qurban bayramı münasibətilə baş çəkəndə özünün Ləkçıplaqdakı evi od tutub. Qarabağ əlili bunun qısaqapanmadan baş verdiyini deyir.

“1985-ci ildə tikilmiş evi idi. Çox köhnə deyildi. Elə yanırdı ki, yaxına gedə bilmədik. Camaat kimi durub baxdıq. Təsəvvür olunmayacaq səviyyədə alovlanmışdı. Yanğınsöndürənlər gec gəldi, təxminən 25-30 dəqiqəyə. Halbuki, şəhər mərkəzindən cəmi 9 kilometr məsafədəyik. Mən xəstə aparanda bu yolu 8 dəqiqəyə gedirəm. Vaxtında gəlsəydilər, nəsə xilas etmək olardı. İkitərəfli yolu var buranın. Yəni yolu bəhanə eləyə bilməzlər”.

Valeh Qarayevin 79 yaşlı anası Malikə Qarayeva evdə tək olub. Evi söndürməyə cəhd edib.

“Görüb yanır, bir az yaxına gəlib, ayaqları tutulub. Xurma ağacının yanındaca qalmışdı. Dili tutulmuşdu. Mən gələndən bir az sonra keçindi. Xəstə insan idi. İki dəfə infarkt keçirmişdi”, - qadının oğlu danışır.

Evdə bütün əşyalar yanıb. Qalıqlar da bundan xəbər verir. Valeh Qarayev deyir ki, bütün geyim, məişət, zinət əşyaları, sənədlər, üstəlik, 15 min manat pul da yanıb.

Valeh Qarayev deyir ki, bütün geyim, məişət, zinət əşyaları, sənədlər, üstəlik, 15 min manat pul da yanıb

Valeh Qarayev deyir ki, bütün geyim, məişət, zinət əşyaları, sənədlər, üstəlik, 15 min manat pul da yanıb

Mənbə: Meydan TV

“Heç kibrit çöpü də çıxara bilmədik. 15 metrdən irəli getmək olmurdu”, - ev sahibi yanğını belə xatırlayır.

“Uşaqlarım betonun üstündə yatır”

İndi ailənin yaşamağa yeri yoxdur. Dörd nəfərlik ailə həyətdəki təndir yerində məskunlaşıb.

“Altıncı sinifdə oxuyandan işləməyə başlamışam. Sonra Qarabağ müharibəsi... İndi bu vəziyyətə qalmışıq. İnanın, uşaqlarım betonun üstündə yatır. Heç nəyimiz yoxdur. Qonşular yemək gətirir, yeyirik. Qohumlar da eləcə. Çay, yemək gətirirlər. Təndir yeri var həyətdə, orada betonun üstündə yatırıq. Hər iki uşağım buna görə xəstələnib. Qonşulardan bişirməyə balıq, kartof, soğan, hətta istifadə üçün yorğan gətirən olur”, - Valeh Qarayev danışır.

Qarabağ əlilində üçüncü dərəcəli kontuziya qeydə alınıb. Belindən ağır travma alıb. Cərrahiyyə əməliyyatı keçirməli olub, belinə implant qoyulub: “Evə mənə verilən 130 manatdan başqa pul gəlmir. Başqa heç yerdən pul gəlmir evimizə. Atamdan bir köhnə traktor qalıb. Ayağını tutursan, başı gedir. Sürüb iş dalınca gedirəm, sınıb qalır. Gətirdiyi qazanc xərcini ödəmir. Ehtiyat hissələri mağazasına nə qədər borcum var”.

"Təndir yeri var həyətdə, orada betonun üstündə yatırıq"

"Təndir yeri var həyətdə, orada betonun üstündə yatırıq"

Mənbə: Meydan TV

“Kiçik məmurlar bizə düşmən kimi baxırlar”

Valeh Qarayev deyir ki, nə sosial yardım ala biliblər, nə də pandemiya dövründə verilən 190 manatı. Qarabağ döyüşçüsünün əvvəllər köhnə “Jiquli”si olub, sonra satıb. Dediyinə görə, məhz bunu bəhanə edərək, ailəsinə yardımdan imtina olunub: “Xiyar-pomidor əkib acından ölməmək üçün mübarizə aparırıq. Heç bir yer işləmir. Xiyarın kilosunu heç 20 qəpiyə sata bilmirik. Bununla necə ailə saxlayım mən?!”

Yanğından sonra Ləkçıplaqdakı icra nümayəndəsi hadisə yerinə gəlib. Valeh Qarayevin sözlərinə görə, icra nümayəndəsi kömək etmək üçün lazımi vəsaitin olmadığını bildirib: “Bircə kürüyüb qırağa tökməyə texnika verəcəklər. İcra Hakimiyyətinin hər şeydən xəbəri var. Məktub da yazmışdım. Hadisə olan kimi Heydər Əliyev Fonduna, Müdafiə Nazirliyinə yazdım. Hələ bir xəbər yoxdu”.

"İcra Hakimiyyətinin hər şeydən xəbəri var"

"İcra Hakimiyyətinin hər şeydən xəbəri var"

Mənbə: Meydan TV

Yazı hazır olanda Valeh Qarayev zəng vurub xəbər verdi ki, Göyçay Rayon İcra Hakimiyyətində onunla onlayn qaydada görüş keçiriblər. Amma hər hansı kömək edə bilməyəcəklərini deyiblər.

“Kiçik məmurlar Qarabağ əlili görəndə həmişə kobud danışırlar. Düşmən kimi baxırlar bizə....”, - Qarabağ əlili deyib.

Göyçay Rayon İcra Hakimiyyətindən Meydan Tv-yə deyiblər ki, qurumda vətəndaşların sosial problemlərini həll etmək üçün vəsait yoxdur.

İcra hakimiyyətindən hər hansı kömək edə bilməyəcəklərini deyiblər.

İcra hakimiyyətindən hər hansı kömək edə bilməyəcəklərini deyiblər.

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5db94y

Ən çox baxılan