Qarabağ əlili: “Bu vəziyyətdə kirayədə oturası deyiləm axı – başda dəmir, göz görmür, əl də quruyur…”

Rəsul Şabanov, Foto: Meydan TV

“Ayda 220-250 manat kirayə pulu və kommunal xərclərə, 90-100 manat da dərmanlara gedir”

Balakən sakini Rəsul Şabanov 2020-ci ildə 44 günlük müharibədə sağlamlığını itirib. Suqovuşandan Talış kəndinə yaralı aparanda həm başından, həm də qolundan yaralanan 25 yaşlı Rəsul Şabanov hazırda ikinci qrup əlildir.

“Başıma titan qoyulub, sağ qolum işləmir”

O, Meydan TV-yə danışır ki, aldığı xəsarət nəticəsində sağ gözündə torlu qişa qopub. Hazırda bir gözündə görmə qabiliyyətini itirib:

“Sağ tərəfdən başımdan və qolumdan yaralanmışdım. Başımdan iki dəfə əməliyyat olunmuşam. Başıma titan qoyulub. Sağ qolum işləmir. Ağır iş görə bilmirəm”.

Rəsul Şabanov dolanışığın ağırlığından gileylənir. Deyir ki, ikinci qrup əlil kimi 380 manat təqaüd alır, bu da kirayə pulu və dərmana güclə çatır, heç dolanışığa pul qalmır. Rəsul Şabanov ailəlidir, üç yaşında bir övladı da var:

“Ayda 220-250 manat kirayə pulu və kommunal xərclərə, 90-100 manat da dərmanlara gedir. Bəs mən necə dolanım, o uşağa nə yedizdirim? Sağlamlığım imkan vermir ki, gedim fəhləlik eləyim, daş daşıyım. Qolum quruyur”.

“Bunu məmurlar da başa düşməlidir”

Qarabağ qazisinin sözlərinə görə, kirayədə qalması vəziyyətini xüsusilə ağırlaşdırır. Onun sözlərinə görə, müvafiq dövlət orqanları onu evlə təmin etsə, heç olmasa, ancaq dolanışığın dərdini çəkər. İndiki halda isə aldığı təqaüdün əsas hissəsinin kirayə puluna getməsi ona və ailəsinə çox böyük zərbədir:

“Mən bu vəziyyətdə kirayədə oturası adam deyiləm axı – başda dəmir, göz görmür, əl də quruyur. Bunu məmular da başa düşməlidir. Belə də olmaz axı. Mən kirayə pulunu necə verim? Mən onlardan artıq nəsə istəmirəm, nə də pul dilənirəm, haqqım olanı istəyirəm”.

Rəsul Şabanov, Foto: Meydan TV

Rəsul Şabanov vurğulayıb ki, onun Balakən Rayon İcra Hakimiyyətindən narazılığı yoxdur. Onun sözlərinə görə, rayon rəhbərliyi mümkün olduğu qədər kömək etməyə çalışır. Hətta icra başçısının göstərişiylə köşkdə ona uyğun bir iş də verilib. Qarabağ qazisi günaşırı orada işləyir:

“İcra başçısı olmasaydı, lap acından ölərdik…”

“Birinci Qarabağ müharibəsindən əlil olanlar var ki, hələ də ev almayıblar”

Qarabağ qazisi bir müddət öncə Balakəndən Bakıya gəlib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbulda olub. Onun sözlərinə görə, evlə təmin olunmaq xahişinə cavab olaraq bildirilib ki, əgər torpaq sahəsi olsaydı, tikməyə yardım edərdilər:

“Mən kirayədə qalan adamam, zorla dolanıram. Sözün əsl mənasında, dolana bilmirəm. 2000-3000 verib necə torpaq alım?”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Meydan TV-yə bildirilib ki, növbəlilik prinsipi əsasında Qarabağ əlillərinin mənzil şəraiti yaxşılaşdırılır, onlar evlə təmin olunur. Bu istiqamətdə işlər davam etdirilir.

Rəsul Şabanov deyir ki, ona da adının ev növbəsi siyahısında olduğunu deyiblər: “Deyilənə görə, 51-ciyəm. Amma həmin siyahıda, hətta birinci Qarabağ müharibəsindən əlil olan adamlar var ki, indiyə qədər ev ala bilməyiblər. Allah bilir, mənə nə nə vaxt növbə çatacaq?!”

Ana səhifəBölgəQarabağ əlili: “Bu vəziyyətdə kirayədə oturası deyiləm axı – başda dəmir, göz görmür, əl də quruyur…”