Qarabağ döyüşçüləri Cavid Hüseynov üçün prezidentə müraciət etdilər

Onlar futbolçunun ev dustaqlığına buraxılmasını istəyirlər

Source:



Onlar futbolçunun ev dustaqlığına buraxılmasını istəyirlər

Jurnalist Rasim Əliyevin ölümünə görə həbs edilən “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı 896 saylı Hərbi Hissənin keçmiş döyüşçüləri, Qarabağ müharibəsinin əlil və veteranları ölkə başçısı İlham Əliyevə müraciət ediblər. Cumhuriyyet.az saytı həmin müraciəti dərc edib. Müraciətdə deyilir:


Cənab Ali Baş Komandan!

Biz Qarabağ döyüşçüləri, şəhidlik zirvəsinə ucalmış qardaşlarımızı torpağa tapşırarkən məzarları başında söz verərək demişik: “Rahat yatın qardaşlar, intiqamınızı alacağıq, üçrəngli bayrağımız Xankəndidə dalğalanacaq. Ailəniz və övladlarının bizə əmanətdir, onlara öz övladlarımız kimi baxacağıq.”

Cənab Ali Baş Komandan, sizin bu gün əsgərləriniz olaraq bu anda həmişə sadiqik və sizin əmrinizlə istənilən vaxt torpaqlarımızı azad etməyə hazırıq. Bu zaman inanın ki, Şakir müəllimin hər iki oğul övladı bizimlə birlikdə olacaq və Allah o günü bizə qismət edəcək.

Ancaq çox təəssüf ki, adi məişət zəmnində baş vermiş bir hadisəyə görə bizim şəhid qardaşımızın oğlu Cavid Hüseynovun adı qanunsuz və əsassız olaraq hallandırılır. Bəzi dırnaqarası jurnalistlərin səyi nəticəsində bu məsələ qabardıldı və Azərbaycan dövlətinin imicinə böyük zərbə dəydi. Hətta Avropa Şurasının Baş Katibi Turbyörn Yaqland və bəzi beynəlxalq qurumlar məsələni araşdırmadan saxta bəyanatlar verərək adi məişət zəmnində baş verən hadisəni siyasiləşdirmiş və bundan Azərbaycana təzyiq kimi istifadə etməyə başlamışdır. Hətta ölkə daxilində bəzi müxalif qurumlar da bundan istifadə edərək Azərbaycanda söz azadlığına qarşı baş vermiş bir hadisə kimi dəyərləndirmişdi.

Cənab Prezident, çox yaxşı oldu ki, bu işi dərhal nəzarətə götürdünüz. Biz inanırıq ki, günahkarlar öz layiqli cəzasını alacaq. Mərhum jurnalist Rasim Əliyev də bir atanın, bir ananın övladı idi, bacısı və nişanlısı var idi, yaxınlarda toyu olacaqdı. Bütün bu adamların Rasimlə bağlı böyük arzuları var idi. Rasimin dəfn mərasimini izləmək adamı dəhşətə gətirirdi.

Çox heyf ki, adi bir anlaşılmazlıq, sosial şəbəkələrdə iki gəncin yersiz mübahisəsi ölümlə nəticələndi. Əlbəttə bunu heç kəs istəməzdi. Ancaq bəzi vətən xainləri bu faciədən öz maraqları üçün istifadə etməyə başlamış və qismən də olsa ictimai fikri düzgün olmayan istiqamətə yönəltməyə nail ola bilmişdir.

Biz bununla bağlı Baş Prokuror Zakir Qaralova da müraciət etmişik. Həmçinin bildirik ki, bizim bu müraciət istintaqa təzyiq kimi qiymətləndirilməməlidir. Sadəcə olaraq biz əminik ki, Cavidin bu işdən xəbəri yoxdur. Çünki Şakir Hüseynov kimi qəhrəman bir döyüşçünün, şəhidin oğlu və bu ruhda böyüyüb tərbiyə almış bir vətən övladı öz millətindən olan qardaşının ölümünə səbəb ola bilməz. Lakin sözsüz ki, bütün bu faktlar hər biri istintaqın yekununda müəyyənləşəcək və ictimaiyyət əsl həqiqəti öyrənəcəkdir. Biz Cənab Baş Prokurordan xahiş edirik ki, Cavidin şəhid övladı olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, anasının ağır səhhətini, onun Azərbaycan futbolu qarşısında xidmətlərini nəzərə alaraq həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə köməklik göstərsin.

Biz 896 saylı Hərbi Hissənin keçmiş döyüşçüləri, Qarabağ müharibəsinin əlil və veteranları söz verib sizi əmin edirik ki, Cavid Hüseynov bu müddət ərzində istintaqa yaxından, hərtərəfli kömək göstərəcək, cinayət işinin tam, obyektiv və hərtərəfli araşdırılması üçün əlindən gələni əsirgəməyəcəkdir.

İmzalar:

1. Şirinov Tehran Xəlil oğlu.

2. Həsənov Təvəkkül Namaz oğlu.

3. Mustafayev Tofiq Alim oğlu.

4. Hüseynov Ziyafət Məhərrəm oğlu.

5. Mirzəyev Səxavət Osman oğlu.

6. İsmayılov Azər Yusif oğlu.

7. İsmayılov Faiq Yusif oğlu.

8. Babayev Rufulla Hüseyn oğlu.

9. Allahverdiyev Tahir Bəbir oğlu.

10. Allahverdiyev Mahir Bəbir oğlu.

11. Novruzov Maarif Arif oğlu.

12. Hüseynov Elxan Zəkəriyyə oğlu.

13. Quliyev Fuad Şəhriyar oğlu.

14. Quliyev Fikrət Şəhriyar oğlu.

15. Sabirov Sabir Əli oğlu.

16. Sabirov Valeh Əli oğlu.

17. Əmirov Elçin Ağakişi oğlu.

18. Əliyev Vaqif Adışirin oğlu.

19. Quliyev Əkrəm Əliəkbər oğlu.

20. Hüseynov Valeh Hüseyn oğlu.

21. Hüseynov Mustafa Hüseyn oğlu.

22. Hüseynov Kərəm Ərşad oğlu.

23. Quliyev Nəbi Qurban oğlu.

24. Hüseynov Mehman Əli oğlu.

25. Məmmədov Müşfiq Hüseyn oğlu.

Ana səhifəXəbərlərQarabağ döyüşçüləri Cavid Hüseynov üçün prezidentə müraciət etdilər