Qarabağ, dərdim mənim!

Görmürsüz, başıma daş düşüb? Oğlum ölüb…

Source:

93-cü ilin yayı…çöldə dəhşət bürkü vardı. Yay olduğu dəqiq yadımdadır. Hadisədən bir neçə gün öncə ad günümə sarı rəngdə gitara hədiyyə almışdım. O gün gitaramı evdə qoyub uşaqlarnan həyətdə yığışmışdıq. Qonşu küçədə çığırtı, qışqırıq, ağlaşma səsləri eşidilirdi. Uşaqlarnan səs gələn səmtə yüyürdük. Binanın qarşısında xeyli insan toplaşmışdı. Ətrafa qulaqbatırıcı sakitlik çökmüşdü.

Sonralar buna oxşar səssizliyə yalnız qəbirstanlıqda rast gələcəm. İnsan vücudunu tir-tir əsdirən bir sükut. Uşaqlarnan itələşərək qonşuların arasından sivrilib, dama dırmaşdıq. “Xruşşovka” tipli beşmərtəbə binalarda dam olan yer, adətən blokun girəcəyində hündür çıxıntıya deyilir. İnsanların əhatəyə aldığı, xallı palaza bürünmüş cənazə imiş. Mərhumun atası cənazənin baş tərəfində yerə, qaynar asfalta oturmuşdu.

O kişini indi yadıma sala bilmirəm. Sadəcə səsi yadımdadır. Biz balaca uşaq idik. Hamımızın 8-10 yaşı olardı. Hələ özümüzü, dünyanı, müharibəni anlamırdıq. Böyüməmişdik, xislətimiz saf, qəlbimiz incə, vijdanımız bakirə idi. Uşaqlardan biri damdan xırda, çınqıl daş götürüb, meyidin üstünə atmağa başladı. Daş cənazənin üzərinə hopdu. Uşaqlar qımışdılar, hətta ölümlə belə oynamaq istəyirdik, məhləni isə yerdə oturan atanın zarıltısı bürümüşdü.

Qəflətən ata düşən daşı gördü. Təəcüblənmədi, ehmalca, sanki sön gücüylə daşları cənazənin üzərindən götürüb ovucuna yığdı. Astaca başını qaldırıb bizlərə baxdı.

Ətrafdakılar susmuşdu. Sanki heç yox idilər. Biz qorxmuşduq, yaramazlıq etdiyimizi hiss etmişdik.

Ata isə sadəcə başını qaldırıb, boğuq səslə dedi: “A bala, bu daşları başıma niyə atırsız? Görmürsüz, başıma daş düşüb? Oğlum ölüb…”

Ölən oğlan Qarabağda şəhid olmuşdu…

Öncə deyim ki, mən əsla pasifist deyiləm. Müharibənin nələr törətdiyini, hansı acılar gətirəcəyini yaxşı anlayıram. Amma buna rəğmən ölkəmə, torpağıma, kəndimə, şəhərimə, evimə təcavüz edən hər bir şəxsə, insana, məxluqa,təcavüskara qarşı son nəfəsiməcən vuruşacam.

Tam səmimi deyirəm, bunupsevdo patriotçuluq sanmayın. Ölkəmə təcavüz edənlərə qarşı mən yaba, daşla, lap elə raqatkayla müqavimət göstərəcəm. Mən öz evimi qoruyacam. Biz heç kimin torpağına, həyət-bacasına, evinə soxulmamışıq. Bu üzdən haqq-ədalət, düzgünlük biz tərəfdədir. Birdə ki, döyüş zamanı ana, ata, bala çətin yada düşə. İçimdəki ibtidai insan döyüş vaxtı, tam olaraq beynimi, düşünmək, hisslərə qapılmaq imkanımı əlimdən alacaq.

Fedor Bondarçukun lentə aldığı “9-cu rota” filminə baxanlar məni daha yaxşı anlayar. Adi həyatda içi qorxularla dolu olan birisi səngərdə, güllə yağışı altında yalnız sağ qalmaq haqqında düşünəcək. Həmin an çox düşünməyə vaxt olmur. Yaşamaq instinkti səni irəli atır, döyüşə. Səni öldürmək istəyənin üzərinə.

Ötən həftənin olayları gözlənilməz oldu. Açığı, son aylarda ölkədə baş verənlər, müvəqqəti olaraq Qarabağ məsələsin unutdurmuşdu. Qarabağ dərdi bir növ arxa, lap arxa plana keçmişdi. Ölkədə daha maraqlı, anlaşılmaz hadisələr cərəyan edirdi. Devalvasiyalardan sonra, hökümətin siyasi məhbuslar haqqında verdiyi qərar cəmiyyəti, düşünən təbəqəni sevindirdiyi yerdə, qəflətən cəbhədə, Qarabağda atəşkəs pozuldu. Ötən iyirmi ildə insanlarımız ara-sıra atəşkəsin pozulmasına artıq vərdiş etmişdilər.

Amma bu dəfə…

Cəbhədə döyüş gedərkən, insanlarımızın yaşadığı eyforiya, ifrat patriotizm, qapıldığı emosionallıq başa düşüləndir. Qarabağ mövzusu millətimizin ən həssas yeridir. Axilles dabanıdır. Əsrin dörddə birini “məğlub olmuş” mövqeyində yaşamaq, “itirilmiş dədə-baba yurdu” kompleksi altında sıxılmaq, “torpaqlar əldən getdi” sindromu ilə barışmaq olduqca çətindir.

Bu illər ərzində Qarabağ bir torpaq, ərazi anlamından böyüyüb, daha geniş mənaya malik olmuşdu. Bitməyən müharibə, qarşılıqlı nifrət hər iki tərəfdə düşmən kultu yaratmışdı.

Millət torpaqdan çox qələbə, özünə inamını qaytarmaqdan ötrü susamışdı. Sosial şəbəkədə, virtual səngərdə elə ən aktiv təbəqə də gənclər idi. Müstəqillik dövründə gözünü Qarabağsızlıqda açan gənclər. Həm də illər öncə birinci Qarabağ müharibəsində yaxınlarını, doğmalarını itirmiş insanlarımızda sözsüz ki, baş verənlərə laqeyd qala bilməzdi. Amma gəlin, nə qədər çətin olsa da, emosiyalara qapılmayaq. Bir az soyuqqanlı olaq.

Mən politoloq, siyasi analitik deyiləm. Sadəcə, öz düşüncələrimi bölüşəcəm.

Tarix göstərir ki, bəşəriyyət yaranandan, istənilən müharibənin arxasında siyasət durub. Siyasət isə adi vətəndaşın istəyi ilə oturub-duran deyil. Bu acılı olsada, danılmaz həqiqətdir.

1) Qarabağ regionun ən ciddi, mürəkkəb məsələlərindən biridir. Rusiya kimi qonşumuz olan yerdə, bizim bu məsələni öz başımıza və gücümüzə çözməyimiz absurddur.

Baş verənləri izlədikcə, ilk ağlıma gələn sual da ”Rusiya niyə susur?!”oldu. Hamı üçün Ermənistanın regionda rolu məlumdur. Üç gün davam edən aramsız atışmada, Azərbaycan ordusunun açıq-aşkar üstünlük qazandığı zaman, Rusiyanın, öz hərbi müttəfiqinə yardım etməməsi, sadəcə KİV-vasitəsi ilə Ermənistana dəstək olması, çox şübhəli idi. Artıq yeni bir siyasi oyunun başlandığı məlum olurdu.

2) Azərbaycanın siyasi hakimiyyəti!

İndiki iqtidar, devalvasiyalardan sonra xalq arasında nüfuzunu itirib. İnsanlar artıq çox danışır. Açıq-aşkar, çəkinmədən, qorxmadan problemlərini deyir. İş, çörək tələb edirlər. Müharibə, alınan torpaqlar itirilmiş imici bərpa edə bilər. Xalq torpaq, savaş, revanş almaq naminə özü də bilmədən, hakimiyyət ətrafında sıx birləşəcəkdir. Elə bu üç gün ərzində biz bunun şahidi olmuşduq. Əgər müharibə davam etsə idi, bir neçə rayon geri alınası olsa idi, indiki iqtidar uzun ömürlü taxta sahib olacaqdı.

3) Üçüncü ölkələrin, ABŞ, İranın, Qərbin regionda siyasi maraqları. Türkiyəni Rusiyaya qarşı açıq savaşa girməyə vadar etmək. Ümumu stabilliyin pozulması. Rus sülhməramlılarının əraziyə nəzarəti.

“Anadır arzulara hər zaman Qarabağ.”

(xalq mahnısı)

Ucuzlaşan neftin fonunda, ölkə iqtisadi krisiz çuxuruna yuvarlandıqca, nəhəng ölkələrlə siyasi flirt etmək artıq çətinləşir. Deməli, dövlət öz müqəddəratını həll etməlidir. Siyasi müstəvidə başdan sovduluq, düşünülməmiş addımlar, emosiyalara dalıb, hirsli başla döyüşə atılmaq sonradan ciddi problemlər yarada bilər. Müharibə oyun-oyuncaq deyil. İki küçə, məhəllə arası savaş deyil. Sadə insanların, vətəndaşların aşıb-daşan vətənpərvərlik hissi, özünə inam indeksinin artması, dövlət bayrağımıza bürünüb Qarabağ, Qarabağ şüarları səsləndirməsi alqışa layiqdir. Bu gözəldir, fantastikdir. Həqiqətən fəxr ediləsidir!

Lakin unutmaq olmaz ki, müharibə həm də küllü miqdarda vəsait, pul tələb edir. Tutalım, torpaq uğrunda şəhid olmaq istəyənlər çoxdur, lap elə hamımız əsgər olaq. Bəs təchizat məsələsi, resurslar? Ölkə onsuz da maliyyə böhranı yaşayır. Müharibə başlanacağı təqdirdə bitmə vaxtı məlum deyil. Bir ay, bir il, yoxsa beş il? Dayanaqlı, stabil iqtisadiyyatı olmayan dövlət müharibəyə hazır deyil. Birdə ki, iyirmi il yeyib-içib, yağ-bal içində üzüb, pula-pul deməyən vaxtı müharibə etməyən ölkə, niyə məhz maliyyə böhranı fonunda, artıq xarici borcları üzərinə götürdükdən sonra müharibə etsin?

Səfərbərlik elan olunduqdan sonra, bir çox xarici şirkətlər Azərbaycandan gedəcək. Bu isə ölkə iqtisadiyyatına tutarlı zərbədir. Millətin onsuz da yaxşı olmayan güzaranı, yaşayışı, sosial rifahı qat-qat çətinləşəcək. Müharibəyə gedənlərin, döyüşənlərin ailəsi, balaları, valideyinlərin sosial problemləri, yaşayış səviyyəsi pisləşəcək. Ölkədə kriminogen vəziyyət kontroldan çıxacaq. Bu isə hərci-mərcliyə, vətəndaş müharibəsinə, yenidən siyasi çaxnaşmalara, sonda isə müstəqilliyimizi itirməyimizə gətirə bilər.

İndiki siyasi hakimiyyət bunu bizdən daha dürüst anlayır. Birdə ki, yenədə unutmayaq ki, Ermənistan sadəcə oyuncaqdır və həmin oyuncaq Rusiya adlı hərbi liderin əlindədir.

Yazımın əvvəlində uşaqlıq xatirəmi səbəbsiz bölüşmədim. Mənim üçün ən vacib olan, millətim, xalqım şəhid verməsin. Bəli, şəhidlik müqəddəsdir! Amma mən istəmirəm ki, bu ölkənin, gənc, gözəl, savadlı, sağlam gəncləri şəhid olsun. Torpaq vacibdir, amma torpaqdan vacib olan canlı insandır. O şəhidlər, o gənclər gələcəkdə bizim cəmiyyəti quracaqlar. Övlad böyüdəcəklər, yeni ailələr yaradacaqlar.

Mən istəmirəm ki, gələcəkdə bizim nəsil kimi, yeni, müharibə travması almış nəsil yetişsin.

Mən istəmirəm ki, çirkin siyasətin qurbanı, saf insanlar olsun.

Mən istəmirəm ki, sağ olan vətəndə, sağ olmayan insanlar olsun!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəQarabağ, dərdim mənim!